
Məşhur Məmmədov
Milli Məclisin deputatı
2026-cı ilin əvvəllərində Prezident İlham Əliyev yerli telekanallara verdiyi müsahibəsində Azərbaycanın gələcək inkişaf strategiyasını, iqtisadi və sosial prioritetlərini, həmçinin regiondakı mövqeyini əhatəli şəkildə təqdim etdi.
Ölkə rəhbəri keçən ili tarixi il hesab edərək qeyd etdi ki, məhz keçən 2025-ci ildə Ermənistan-Azərbaycan müharibəsinə siyasi nöqteyi-nəzərdən son qoyuldu və artıq biz bir neçə aydır ki, sülh şəraitində yaşayırıq. Sülh şəraitində yaşamaq nə deməkdir, bunu öyrənirik. Çünki müstəqillik əldə ediləndən sonra, hətta ondan da əvvəl Azərbaycan xalqı və dövləti müharibə şəraitində yaşamışdır. Müharibənin müxtəlif mərhələləri olub. Hamımız bunu yaxşı xatırlayırıq. Həm müharibənin fəal mərhələsi, atəşkəs mərhələsi, İkinci Qarabağ müharibəsi, antiterror əməliyyatı, ondan sonrakı dövr və bütün bu hadisələrə keçən ilin avqustunda son qoyuldu. Yəni Azərbaycan döyüş meydanında əldə etdiyi parlaq Qələbəyə siyasi müstəvidə dünyanın bir nömrəli ofisində siyasi möhür vurdu. Bu, təbii ki, müstəqillik tariximizdə yaddaqalan hadisələrdən biri olacaq, bəlkə də birincilər sırasında olacaq. Bu nöqteyi-nəzərdən keçən ili ölkəmiz üçün, xalqımız üçün çox uğurlu və tarixi il saymaq olar. Ölkə rəhbərinin uzaqgörən siyasəti nəticəsində bundan sonra da Azərbaycan xalqı sülh şəraitində yaşayacaq.
Müsahibə bir neçə əsas istiqamətdə - turizm, iqtisadi inkişaf, kadr siyasəti, idarəetmə islahatları, təhlükəsizlik, Qarabağ və Zəngəzur məsələləri, bir sözlə, Azərbaycanın bugünkü reallıqlarını və perspektivlərini əks etdirdi.
Azərbaycanın beynəlxalq imici və investisiya imkanları barədə danışan Prezident İlham Əliyev ölkəmizin turizm potensialını vurğulayaraq bildirdi ki, COVID-19-dan əvvəl turizm sahəsində böyük artım müşahidə olunurdu. Pandemiyadan sonra isə bu göstəricilər sürətlə bərpa olunur və turist sayının 5-6 milyon nəfərə çatdırılması hədəflənir.
Turistləri cəlb edən əsas meyarlar təhlükəsizlik və sabitlikdir. Azərbaycan qlobal səviyyədə ən təhlükəsiz məkanlardan biri kimi qiymətləndirilir. Burda coğrafi yerləşmə də öz sözünü deyir. Ölkə həm Asiya, həm də Avropaya yaxın mərkəzi mövqedədir. Tarixi abidələr, təbii gözəlliklər və doqquz iqlim zonası turistlərin marağını artırır. Doqquz beynəlxalq hava limanı, inkişaf etmiş şəhərlər və turist məkanları əhəmiyyətli rol oynayır.
Prezident xüsusilə Şahdağda keçiriləcək Xizəksürmə üzrə dünya çempionatı, Bakıda illərdir təşkil olunan Formula 1 yarışları, eləcə də “Sea Breeze” layihəsi kimi unikal turizm layihələrini vurğulayaraq əlavə etdi ki, azad edilmiş ərazilərdə, xüsusilə Şuşa, Laçın, Kəlbəcər və Zəngilanda mehmanxanalar artıq fəaliyyət göstərir, yeni turizm layihələri planlaşdırılır.
Ölkə rəhbərinin qeyd etdiyi kimi, azad edilmiş bölgələrdə turizmin inkişafı bizim prioritetimizdir. Qarabağ və Şərqi Zəngəzur turistləri cəlb edəcək və ölkəmizin beynəlxalq imicini gücləndirəcək.
Prezidentin sözlərinə görə, Azərbaycan iqtisadiyyatı dayanıqlı və perspektivlidir. Müsahibədə vurğulandı ki, dövlət məmurları və etibar edilən kadrlar fəaliyyətlərini iqtisadi və sosial prinsiplərə əsasən qurmalıdır.
İctimai nəzarətin əhəmiyyətindən danışan ölkə rəhbəri bunun uğursuz təyinatların qarşısını almağa xidmət ediyini bildirərək qeyd etdi ki, turizm, biznes turizmi və sağlamlıq turizmi sahəsində yeni imkanlar mövcuddur. Naftalan, Duzdağ və digər səhiyyə turizmi obyektləri bu strategiyanın nümunəsidir. Həmçinin Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni terminal layihəsi icra olunur. Terminalın sərnişin tutumu 15-20 milyon nəfərdir və bu, ölkənin turizm və biznes potensialını daha da artıracaq.
Kadr siyasəti və idarəetmə islahatları mövzusunda danışarkən Prezident İlham Əliyev kadr siyasətinin önəmini vurğulayaraq qeyd etdi ki, struktur islahatları vacibdir, lakin səmərəli və dürüst kadrların yetişdirilməsi daha önəmlidir.
Qarabağ və Şərqi Zəngəzurda tətbiq olunan yeni idarəetmə modelindən danışan ölkə rəhbəri vurğuladı ki, bu üsul daha çevik və operativ idarəetməni təmin edir və az məmur iştirakı tələb edən üsuli-idarə metodudur. Gələcəkdə digər regionlarda da tətbiq oluna bilər.
“Kadrların keyfiyyəti onların ailədə, məktəbdə və cəmiyyətdə aldığı tərbiyə ilə bağlıdır. Etimad göstərilən kadrlar vəzifələrini yerinə yetirməsə, sərəncamlar sürətli şəkildə tətbiq olunur" - deyən Prezident İlham Əliyev Qarabağ və Zəngəzur məsələlərinə diqqət çəkərək bildirdi ki, Vətən müharibəsi dövründə azad edilmiş kənd və şəhərlər Azərbaycanın simvolu olub. Torpaq artıq zədəli deyil, onun məhsuldarlığı və iqtisadi potensialı ön plana çıxır.
Qarabağ və Zəngəzur sülh və quruculuq dövrünə qədəm qoyub, yeni turizm və investisiya imkanları açılıb: “Azərbaycanın torpaqları heç vaxt yadellilərin tapdağı altına düşməyəcək. Bunun üçün güc, iradə və xalq birliyi mövcuddur".
Müsahibədə ölkənin müdafiə qabiliyyəti əsas mövzulardan biri oldu. Vurğulandı ki, hər an ayıq və güclü olmaq, torpaqları müdafiə etmək prioritetdir. Hərbi hazırlıq və strategiya Azərbaycan üçün labüddür. 2020-ci ildən əvvəl və sonra torpaqların bərpası və müdafiəsi bu prinsipə əsaslanır.
Prezident qeyd etdi ki, güclü hərbi potensial, xalqın birliyi və dövlətin möhkəm quruluşu Azərbaycanı hər cür təhlükədən qoruyur. Beynəlxalq münasibətlər və strateji mövqelər barədə danışan Prezident İlham Əliyev xarici tərəfdaşların yanaşmalarını da diqqətə çatdıraraq qeyd etdi ki, tarixi torpaqların bərpası beynəlxalq siyasət çərçivəsində aparılıb. Bəziləri Azərbaycanı reallıqlarla barışmağa çağırsa da, nəticədə hərbi variant labüdlüyü ortaya çıxdı. Xarici tərəfdaşların mövqeyi fərqli olsa da, Azərbaycanın haqq işi və strateji addımları özünü doğrultdu.
2025-ci il Azərbaycan-Amerika münasibətləri üçün tarixi əhəmiyyət kəsb edən bir il kimi yadda qalacaq. Prezident İlham Əliyevin açıqlamasına görə, uzun illər Azərbaycana qarşı tətbiq olunan 907-ci düzəliş, ölkəmizin ABŞ-la normal strateji əlaqələr qurmasına mane olan əsas faktor olmuşdur.
Azərbaycan müstəqilliyini əldə etdikdən sonra ABŞ ilə əlaqələrdə anti-Azərbaycan qüvvələrinin və erməni lobbilərinin fəaliyyəti səbəbindən ciddi məhdudiyyətlər mövcud idi. Prezident qeyd etdi ki, müxtəlif dövrlərdə münasibətlərdə müəyyən müsbət irəliləyişlər olsa da, Ermənistan-Azərbaycan müharibəsi və ABŞ-dakı söz sahiblərinin mövqeyi genişmiqyaslı əməkdaşlığa imkan vermirdi.
Lakin 2025-ci ildə vəziyyət köklü şəkildə dəyişdi. Bunun iki əsas səbəbi var: birincisi, Ermənistan-Azərbaycan müharibəsinin rəsmi şəkildə sona çatması; ikincisi, ABŞ-da Tramp administrasiyasının hakimiyyətə gəlməsi. Tramp administrasiyası çox praqmatik, peşəkar və milli maraqları ön planda tutan bir struktur olaraq Azərbaycanın bölgədəki potensialını yüksək qiymətləndirir.
Prezidentin sözlərinə görə, ABŞ ilə münasibətlərin normallaşmasında 2025-ci il dönüş ili oldu. Ağ Evdə keçirilən mərasimdə Prezident Tramp 907-ci düzəlişə son qoydu. Bu, rəmzi baxımdan böyük əhəmiyyət kəsb edir və Azərbaycanın ABŞ-la münasibətlərində yeni səhifə açır. Azərbaycan ilə ABŞ arasında strateji işçi qrupunun yaradılması 2025-ci ilin önəmli hadisələrindən biridir. İşçi qrupunun əsas məqsədi strateji tərəfdaşlıq xartiyasını hazırlamaqdır. Bu təşəbbüs Azərbaycan ilə ABŞ arasında daha praktik və nəticəyə hesablanmış əməkdaşlıq üçün zəmin yaradır.
Prezident İlham Əliyev həmçinin qeyd etdi ki, uzun illər arzulanan Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasındakı coğrafi bağlantı da həmin gün reallaşıb, bu da region üçün strateji əhəmiyyət daşıyır.
2025-ci ildə Zəngəzur dəhlizinin açılması ABŞ tərəfindən təsdiqlənmişdir. Prezident İlham Əliyev əminliklə bildirdi ki, Azərbaycan vətəndaşları üçün bu dəhlizin açılması artıq şübhəsiz bir gerçəkdir. Zəngəzur dəhlizi regionda nəqliyyat və ticarət əlaqələrinin genişlənməsi üçün vacib addım hesab olunur.
Eyni zamanda, Ermənistanla normallaşma prosesi çərçivəsində Azərbaycanın istədiyi məsələlər öz həllini tapıb. Paraflanmış sülh sazişi və birgə Bəyannamə imzalanaraq ABŞ tərəfindən də təsdiqlənmişdir. Bu sənədlər regionda sülh və əməkdaşlıq mühitinin möhkəmlənməsinə böyük töhfə verir.
Diplomatik Aktivlik və Strateji Perspektivlər
Azərbaycan-Amerika əlaqələri yalnız simvolik tədbirlərdən ibarət deyil. 2025-ci ilin oktyabr ayından başlayaraq Prezident İlham Əliyevin təşəbbüsü ilə nazirlərdən, özəl sektor nümayəndələrindən və digər məsul şəxslərdən ibarət dörd rəsmi heyət ABŞ-a ezam edilmişdir.
Bu ezamiyyətlərin məqsədi strateji xartiyanın hazırlanması, qarşılıqlı sərmayələrin təşkili və əməkdaşlığın iqtisadiyyat, ticarət, nəqliyyat və hərbi-sənaye sahələrini əhatə etməsidir. Prezident qeyd edir ki, ümidlər böyükdür və nəticələr kifayət qədər təsirlidir.
Prezident İlham Əliyevin müsahibəsi Azərbaycan üçün çoxşaxəli inkişaf strategiyasını ortaya qoydu. Müsahibə göstərir ki, Azərbaycan artıq sülh, quruculuq və iqtisadi inkişaf dövrünü yaşayır. Turizm, iqtisadiyyat, idarəetmə və təhlükəsizlik sahələrində aparılan tədbirlər ölkənin regionda güclü mövqeyini təmin edir və gələcək illərdə əhəmiyyətli uğurlar üçün zəmin yaradır.
www.AzadMedia.az