1918-ci ildə Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən Azərbaycan xalqına qarşı xüsusi qəddarlıqla törədilmiş soyqırım cinayətlərindən 100 il keçir. O dövrdə Bakı quberniyasına daxil olan şəhər və qəzalarda minlərlə dinc sakin, etnik və dini mənsubiyyətinə görə məhv edilmiş, yaşayış məntəqələri dağıdılmış, mədəniyyət abidələri, məscidlər və digər ibadət yerləri və qəbiristanlar yerlə yeksan edilmişdir.
Bakıda, Şamaxıda, Qubada, Muğanda, Lənkəranda, Göyçayda erməni mütəşəkkil silahlı dəstələri 50 mindən çox azərbaycanlını qətlə yetirmişlər. Şamaxı qəzasının 110, Quba qəzasının 167, Qarabağın 150-dən çox, Zəngəzur qəzasının 115, Qars vilayətinin 98 kəndi dağıdılmış, yandırılmış və talan edilmişdir. Azərbaycanın tarixi torpaqlarına daxil olan İrəvan şəhərində və onun ətrafında 199 kənd yerlə yeksan edilmiş, 132 min azərbaycanlı məhv edilmişdir.
Qeyd etmək lazımdır ki, qanlı hadisələr zamanı Gəncə, Quba və Azərbaycanın digər bölgələrində türk-müsəlman əhali ilə birlikdə 3 minə qədər yəhudi də vəhşicəsinə qətlə yetirilmişdir.
Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurası 1918-ci ilin iyul ayında azərbaycanlılara qarşı soyqırım cinayətlərinin araşdırılması məqsədi ilə Fövqəladə Təhqiqat Komissiyası yaratmışdı. Lakin Azərbaycan Xalq Cümhuriyyətinin süqutu bu işin başa çatmasına imkan vermədi.
Bu istiqamətdə ilk qanunvericilik təşəbbüsü Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən irəli sürülmüşdür. Onun dövlət başçısı kimi 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərman tariximizin bu qaranlıq səhifələrinə işıq salan ilk rəsmi sənəd olmuşdur.
1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti – müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət yaradıldı. Bu Respublika xalqımızın tarixi yaddaşında Azərbaycan dövlətçiliyinin ilk təcrübəsi kimi iz qoymuşdur.
Müstəqil Azərbaycan Cümhuriyyəti qısa ömründə böyük nailiyyətlər və qalibiyyətlər əldə etmişdir. İlk dəfə qadınlara seçim hüququ tanıyan və qadın–kişi bərabərliyini təmin edən cümhuriyyət o cümlədən milli ordu, milli pul, milli bank, azad seçkilər və beynəlxalq əlaqələr istiqamətində böyük addımlar atmışdır.
1918-ci il iyulun 2-də Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə ilk polis orqanları yaradılmış və bununla da Azərbaycan polisinin əsası qoyulmuşdur.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev 1969-cu ildə respublikaya rəhbər seçildikdən sonra Daxili İşlər Nazirliyi əməkdaşlarının vətənpərvərlik ruhunda təlim-tərbiyəsinə və peşəkarlığının artırılmasına xüsusi önəm vermişdir.
Bu gün Heydər Əliyev siyasəti uğurla davam etdirilir. Ulu Öndərin qoyduğu təməllər üzərində güclü dövlət qurulmuşdur. Hazırda Azərbaycan polisi güclü nizam-intizama, yüksək peşəkarlığa malik, müasir maddi-texniki imkanlarla təchiz edilmiş, dövlətçiliyimizin qorunması işində önəmli xidmətləri olan mühüm dövlət təsisatıdır.
Azərbaycan Polisinin 100 illik yubileyi ilə əlaqədar fərqlənmiş polis işçiləri müxtəlif dərəcəli Dövlət mükəfatlarına layiq görülmüşlər. Daxili İşlər Naziri Ramil Usubov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordenlə təltif olunmuşdur.
Müstəqil Azərbaycan dövlətində prokurorluq orqanlarının tarixi Azərbaycan Xalq Cumhurriyyətinin yaranması günündən sonra başlamışdır.
Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra prokurorluq orqanlarının da fəaliyyətində yeni bir dövr başlanmışdır. O, prokurorluq orqanlarının rəhbər işçiləri ilə görüşlərin birində demişdir: «Mən prokurorluqda işləyən insanların əksəriyyətini sədaqətli və peşəkar işçi hesab edirəm. Təbiidir ki, belə adamlara etimad göstərmək, etibar etmək lazımdır…»
Ümummilli Lider Heydər Əliyev Azərbaycan Xalq Cumhuriyyətinin Nazirlər Şurasının 1 oktyabr 1918-ci il tarixli qərarı ilə Bakı Dairə Məhkəməsinin tərkibində prokurorluq orqanlarının fəaliyyətə başlamasını əsas tutaraq, hər il oktyabr ayının 1-ni Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü kimi qeyd edilməsi barədə 17 iyul 1998-ci il tarixli sərəncam imzalamışdır.
1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cumhuriyyəti Nazirlər Şurasının qərarı ilə müntəzəm hərbi hissə – Əlahiddə Azərbaycan Korpusu yaradılmışdır. Bu qərar Şərqdə ilk demokratik hökümətin öz ordusunu yaratmasına hüquqi əsas verdi.
Müstəqillik elan edildikdən sonra paytaxt məsələsi gündəmə gəldi. O zaman Bakı işğal altında olduğundan, milli hökumət kömək üçün qardaş Türkiyəyə müraciət etdi. 1918-ci il mayın sonunda Türkiyənin hərbi naziri və ali baş komandan müavini Ənvər Paşa bu xahişləri nəzərə alaraq öz qardaşı Nuru Paşaya rəhbəri olduğu hərbi hissələrlə birlikdə Gəncə və Bakıya doğru hərəkət etmək barədə əmr verdi.
1918-ci il sentyabrın 15-də, Qurban bayramı günündə Bakı işğalçılardan azad edildi. İstedadlı general Səməd bəy Mehmandarov dekabrın 25-də hərbi nazir, general-leytenant Əlağa Şıxlinski nazir müavini təyin edildilər.
Qardaş Türkiyənin hərbi dəstəyilə Bakının azad edilməsi Azərbaycan tarixinə daha bir zəfər gününün yazılması demək idi. Bu, eyni zamanda dahi Mustafa Kamal Atatürkün "Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir!" fikrinin əyani təsdiqi oldu.
Prezident İlham Əliyev Bakı şəhərinin daşnak-bolşevik işğalından azad edilməsinin 100 illiyinə həsr olunmuş paraddakı çıxışında demişdir: "Bu bayram günündə biz birlikdəyik. Yüz il bundan əvvəl biz bir yerdə idik, bu gün də biz bir yerdəyik. Yüz il bundan əvvəl Nuru paşanın komandanlığı altında yeni yaradılmış Azərbaycan Milli Ordusu könüllülərlə birlikdə Bakını işğalçılardan azad etdi. Bu tarixi hadisə münasibətilə bütün Azərbaycan və Türkiyə vətəndaşlarını ürəkdən təbrik etmək istəyirəm. Azərbaycanın rəmzlərindən biri olan Azadlıq meydanından bütün türk bacı-qardaşlarımıza səmimi salamlarımı, sevgimi, məhəbbətimi çatdırıram".
Prezident İlham Əliyev paradda söylədiyi çıxışına davam edərək demişdir: “2003-cü ildən bu günə qədər bizim hərbi xərclərimiz 15 dəfə artmışdır. Son illər ərzində onlarla hərbi şəhərcik yaradılmışdır. Hərbçilərin xidmət şəraiti çox yaxşıdır. Hərbi hissələrimizin, hərbi şəhərciklərimizin 80 faizi son bir neçə il ərzində yenidən tikilib və ya əsaslı təmir edilib. Qəbul edilmiş qərar əsasında 20 il orduda qüsursuz xidmət etmiş hərbçilərə dövlət tərəfindən pulsuz mənzillər verilir. Bu gün bizim hərbi hissələrimizdə 20 mindən çox mülki vətəndaş çalışır. Ordumuz ən müasir silahlarla, texnika ilə təchiz edilmişdir. O cümlədən Azərbaycanda istehsal olunan bir çox hərbi təyinatlı məhsullar ordumuzun potensialını gücləndirir. Bizim təşəbbüsümüzlə son illər ərzində 20-dən çox hərbi zavod yaradılmışdır. Bu zavodlarda 1200 adda hərbi təyinatlı müxtəlif məhsullar istehsal olunur, ordumuz təchiz edilir. Eyni zamanda, biz artıq hərbi məhsullarımızı ixrac etməyə də başlamışıq.”
Ordumuza göstərilən dövlət qayğısı öz bəhrəsini vermişdir. Prezident İlham Əliyevin dediyi kimi artıq Lələtəpədə, Ağdərə dağlarında bizim bayrağımız dalğalanır. Biz strateji yüksəklikləri əldə etmişik və bu, bizə çox böyük üstünlük verir. Aprel döyüşləri bizim şanlı qələbəmizdir. Azərbaycan əsgəri, zabiti, generalı - Azərbaycan Ordusu əsl qəhrəmanlıq, peşəkarlıq, rəşadət göstərmişdir.
Naxçıvanın 1990-cı illərin əvvəllərində ermənilər tərəfindən zəbt edilmiş 11 min hektar torpağı bu bayram ərəfəsində - keçən ay Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu tərəfindən aparılmış uğurlu əməliyyat nəticəsində azad edildi. 2016-cı ilin Aprel döyüşlərində, 2018-ci ilin Naxçıvan əməliyyatında işğalçılardan azad edilmiş torpaqlarda Azərbaycan bayrağı qaldırıldı. Bu qalibiyyətlər Azərbaycan ordusunun peşəkarlığından xəbər verir.
Bu il Azərbaycanlıların soyqırımından yüz il ötməsi hüzünlə yad edilmiş, Azərbaycan Demokratik Respublikası, Azərbaycan Respublikası Prokurorluğu, Azərbaycan Polisi, Azərbaycan Ordusu və Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu tərəfindən Bakının işğaldan azad edilməsinin 100 illik yubileyləri təntənə ilə qeyd olunmuşdur.
Biz inanırıq ki, möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin başçılığı altında işğalı altında olan Azərbaycan torpaqlarının azad ediləcəyi gün çox yaxındadır.
Yaşasın Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev!
Yaşasın Müstəqil Azərbaycan Respublikası!
“Ümummilli Lider Heydər Əliyev adına Azərbaycanın Dostları Beynəlxalq Klubu” İctimai Birliyi