Xalqların və millətlərin taleyində, formalaşmasında, dünyadakı yerinin müəyyənləşdirilməsində tarixi şəxsiyyətlərin, dahi siyasətçilərin və müdrik dövlət başçılarının müstəsna rolu danılmazdır. Bəşəriyyətin yetirdiyi Heydər Əliyev kimi nadir dühalar isə özləri bütöv bir salnamə, tarix yaratmağa qadir olurlar. Ulu öndərin Azərbaycanın müdrik rəhbəri kimi çoxşaxəli fəaliyyəti, vətən və xalq qarşısındakı ölçüyəgəlməz misilsiz xidmətləri dahi şəxsiyyətlərin tarixin gedişində həlledici rol oynadıqlarını əyani şəkildə təsdiqləyən ən dəyərli nümunələrdəndir.
Müstəqilliyimizin ilk illərində hakimiyyətdə olan iqtidarların idarəetmədə buraxdıqları kobud səhvlər nəticəsində ölkədə yaranmış ağır siyasi və sosial-iqtisadi gərginlik yaxşı yadımızdadır. Məhz bunun nəticəsi idi ki, son dərəcə təhlükəli həddə çatan separatçılıq meyilləri və cəbhədəki uğursuzluqlar Azərbaycanın bir dövlət kimi gələcəyini sual altına qoymuşdu. Nəinki müstəqilliyimiz əldən gedirdi, həm də ölkəmiz parçalanmaq təhlükəsi ilə üzləşmişdi.
Ulu öndərin milli maraqlara əsaslanmaqla həyata keçirdiyi çoxşaxəli siyasət strategiyası bu gün onun layiqli varisi - Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən inamla davam etdirilir. Cənab İlham Əliyevin dövlət başçısı kimi fəaliyyətinin bir neçə aspektinə diqqət yetirməklə onun Azərbaycan dövlətçiliyinin inkişafına, ölkənin milli maraqlarının müdafiəsinə və iqtisadiyyatın inkişaf etdirilməsinə nə kimi töhfələr verdiyini görmək olar. İlk növbədə Prezident İlham Əliyev ulu öndərin başladığı yeni neft strategiyasını uğurla davam etdirdi. Bakı-Tbilisi-Ceyhan və Bakı-Tblisi-Ərzurum neft qaz kəmərlərinin inşasının başa çatdırılması ilə cənab İlham Əliyev Azərbaycanın bölgədəki lider mövqeyini daha da möhkəmləndirdi. Başa çatmaqda olan Bakı-Tbilisi-Qars layihəsi isə regionun lider dövləti olan Azərbaycanın xarici maddi və mənəvi dəstək olmadan belə iri maliyyə tutumlu layihələrin reallaşdırılmasına qadir olduğunu göstərdi. Bütün bunlar həm də Azərbaycanın iqtisadi müstəqilliyini bütün dünyaya nümayiş etdirdi.
Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycanın regionun lider dövlətinə çevrilməsi, beynəlxalq birlikdəki yerini möhkəmləndirməsi, söz sahibinə çevrilməsi dünya miqyasında qəbuledilən reallıqdır. Bu reallığı təsdiq edən bir çox amilləri sadalamaq mümkündür. Bu sırada Prezident İlham Əliyevin iştirak etdiyi, o cümlədən Bakıda keçirilən beynəlxalq əhəmiyyətli tədbirlər gənc Azərbaycan dövlətinin dünyada artan nüfuzunu təsdiq edən mühüm faktorlardır. Azərbaycan artıq müxtəlif xarakterli - siyasi, idman, səhiyyə, iqtisadi və sair tədbirlərin keçirildiyi məkana çevrilib. Ölkəmizin mədəniyyətlərarası və sivilizasiyalararası dialoq üzrə mərkəzlərdən biri olmasını bütün dünya qəbul edir. Bütün bunlar ölkəmizin artan nüfuzundan xəbər verir.
Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində Azərbaycan həm də kosmik klubun üzvü olmuşdur. Belə ki, bu ilin fevral ayında Azərbaycanın ilk telekommunikasiya peyki orbitə buraxılmışdır. Bu nailiyyət ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin İKT sahəsində məqsədyönlü, müdrik və uzaqgörən siyasətlərinin həyata keçirilməsi, eləcə də ölkəmizdə ən yeni texnologiyaların tətbiqi üzrə məramlarının reallaşdırılması sayəsində əldə olunmuşdur. Cənab Prezidentin qeyd etdiyi kimi, ilk peykin orbitə buraxılması müstəqillik dövründə imza atdığımız ən böyük uğurlardan biridir, dövlətimizin qələbəsidir və hər bir Azərbaycan vətəndaşı bununla fəxr edə bilər.
Prezidentin qarşıya qoyulan vəzifələr və onların yerinə yetirilməsi ilə əlaqədar fikirləri onun bariz ifadəsidir ki, cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən Heydər Əliyev siyasəti təkcə artıq tarixə çevrilmiş nailiyyətlərimizin deyil, həm də gələcək uğurların həlledici əsasıdır. Bu mənada cəmiyyətin alternativsiz seçiminə çevrilmiş Heydər Əliyev siyasi kursunu qətiyyətlə davam etdirən, atdığı hər addımda Azərbaycan dövlətçiliyinin möhkəmlənməsinə və milli maraqların müdafiəsinə yönələn bir siyasi kursun daşıyıcısı olduğunu təsdiqləyən cənab İlham Əliyevdir.
Tahir Abdullayev
Abşeron rayon baytarlıq idarəsinin rəisi