Moskva məhkəməsi paytaxtdakı binalardan birində qadını öldürən azərbaycanlı sabiq polis əməkdaşı Rövşən Şabanov barəsində həbs qərarı çıxarıb.
ulusestv.az RBK-ya istinadən xəbər verir ki, bununla bağlı məhkəmənin mətbuat xidməti məlumat yayıb.
“Noyabrın 9-da baş tutan məhkəmənin qərarı ilə Şabanov Rövşən Süleyman oğlu 2 ay müddətinə azadlıqdan məhrum edilib”, - məhkəmədən bildirilib.
Həmçinin qeyd edilib ki, hazırda onun başqa əməllərdə iştirakı araşdırılır. Cinayət epizodlarının sayının 7-yə çatacağı gözlənilir.
Məlumdur ki, həmin şəxs bu ilin sentyabrında Azərbaycandan Moskvaya köçüb. O, heç yerdə işləməyib. Qətlə görə azərbaycanlını 19 ilədək həbs cəzası gözləyir.
Xatırladaq ki, hadisə noyabrın 6-sı axşam saatlarında baş verib. 52 yaşlı qadın evinin liftinə daxil olan zaman iki nəfər onun arxasınca binaya girib.
İlkin ehtimallara görə, hadisə qarət məqsədilə törədilib. Qadının cüzdanında cəmi 2 min rubl (30 dollar - red.) olub. Qonşular bildiriblər ki, hadisə zamanı qadının qışqırıq səsini eşidiblər.