Ölkə prezidenti cənab İlham Əliyev daha bir uğurlu və önəmli xarici səfərini gerçəkləşdirdi. Dost və belə demək mümkünsə, strateji müttəfiq ölkə olan Belarusa işgüzar səfəri iki ölkə arasındakı münasibətləri daha da dərinləşdirəcək, əməkdaşılığı, tərəfdaşlığı daha da gücləndirəcək və sürətləndirəcək. Bundan qazanan, uduş əldə edən xalqlarımız və dövlətlərimiz olacaq.
Bunu açıqlamasında deputat, Azərbaycan-Belarus parlamentlərarası əlaqələr üzrə İşçi qrupunun üzvü Eldəniz Səlimov deyib.
“Uzun illərdir Azərbaycanla Belarus Respublikası arasındakı işgüzar və dostluq münasibətləri qarşılıqlı olaraq investorların cəlb olunmasına gətirib çıxardı. Hazırda bütün sahələr üzrə qarşılıqlı iqtisadi münasibət davam etdirilir. Artıq Gəncə şəhərində Belarus Traktor Zavodu ilə birgə traktor istehsalına başlanılıb.
Bu faktın özü, iki ölkə arasında iqtisadi münasibətlərin bundan sonra da inkişaf edəcəyini göstərir”, - deyən millət vəkilinin sözlərinə görə, konkret olaraq, Gəncə avtomobil zavodunda 11 il ərzində artıq 10 mindən çox “Belarus” traktoru və onların bazasında xüsusi texnika yığılıb. Müəssisə 3500-dən çox MAZ avtomobili və qoşqular buraxıb:
“Bu məqamı prezidentlərin mətbuata bəyanatında Belarus prezidenti Aleksandr Lukaşenko xüsusilə vurğuladı və “məmnuniyyətlə öyrəndim ki, sizin aldığınız Amerika və alman taxılyığan kombaynları ilə yanaşı, Azərbaycana Belarusun ilk “Qomselmaş”ı da gəlib”, - deyə bildirdi. O dedi ki, bu, qarşılıqlı səmərəli əməkdaşlığın əla nümunəsidir.
“Yeri gəlmişkən, lokallaşma, demək olar ki, yarıya çatıb. Bu, Azərbaycan sənayesinin böyük imkanlarından və onun yüksək kadr potensialından aydın xəbər verir. Amma məhsul nə qədər keyfiyyətli olsa da, onu səmərəli satmaq, həm də yaxşı olar ki, ixrac etmək lazımdır”, - deyən cənab Lukaşenko onu da qeyd etdi ki, buna görə Minsk traktor zavodu və Gəncə avtomobil zavodu hazırda Türkiyədə traktorların yığılması ilə bağlı bizim ümumi layihə üzərində işləyir.
“Biz bu mühüm perspektivli istiqaməti inkişaf etdirəcəyik və bu, Azərbaycan prezidentinin mövqeyi sayəsində mümkün olub”, -deyərək, o bəyan etdi. Bu məqamın, faktın özü iki ölkə arasındakı münasibətlərin hansı yüksək səviyyədə olmasından xəbər verir”.