Ukraynanın Nikolayev vilayətində azərbaycanlı Ümid və Sabir Şirinov qardaşları yanan avtomobildən üç nəfərdən ibarət ailəni xilas ediblər.
Prezident İlham Əliyev həyatları təhlükədə olan insanların xilası zamanı göstərdikləri şəxsi şücaətə görə onları “İgidliyə görə” medalı ilə təltif edib.
Sabir Şirinov hadisə barədə Oxu.Az-a danışıb.
O bildirib ki, hadisə onlar işdən evə qayıdan zaman, təxminən saat 19:00 radələrində baş verib:
“Evə gedəndə gördük ki, yolda qəza baş verib. Yük maşınının qoşqusu aşıb, amma elə bildik ki, yolu tutmayıb. Yaxınlaşanda gördük ki, yol tutulub. Çətinliklə yolu keçdik, az qala özümüz də qəzaya düşəcəkdik. Avtomobili qəza olan yerdən 100 metr qarşıda saxladıq ki, yolda niyə xəbərdarlıq nişanı qoyulmadığını soruşaq.
Gördük ki, iki kişi yolun qırağında qəza tərəfə baxıb, söhbət edir. Bu zaman uşağın qışqırtısını eşitdik. Kişi əli ilə maşını işarə etdi ki, çayın qırağına düşən maşın da yanır. Biz qaça-qaça ora getdik. Həmin vaxt qışqırdım ki, niyə uşağın səsini eşidib, biganə yanaşırlar? Dedim, gözləyin, uşağı çıxarıb gəlirəm.
Uşağı tez çıxarmaq da olardı, amma onu da etmədilər. Mən qayıdanda o iki nəfər artıq qaçmışdı. Uşağın qışqırtısını eşidən zaman artıq özümüz barədə düşünə bilməzdik. Sadəcə, onu xilas etmək istəyirdik”.
“Avtomobilə baxanda gördük ki, qazla işləyir və hər an partlaya bilər. Nə qədər çalışsaq da, qapını aça bilmədik. Sürücü və həyat yoldaşı yıxılı vəziyyətdə idi. Dedilər ki, uşağa görə qapıların mərkəzi qıfılını bağlayıbmış.
Qardaşımla maşını təpiklədik, pəncərəni sındırdıq və o, uşağı götürdük. Sonra baqajı qırdıq. Qadını çətinliklə çıxardıq. Tüstü bürümüşdü maşını, qaz balonu hər an partlaya bilərdi. Qadın yalvarırdı ki, ərini də çıxaraq. Uşaq da atasını çıxarmağımızı istəyirdi.
Tüstü olsa da, həyatımız barədə düşünmürdük, bütün risklərə baxmayaraq, kişini də xilas etdik. Bir neçə dəqiqə sonra qaz balonu partladı”, - deyə Sabir Şirinov qeyd edib.