Gürcüstan Patriarxlığı Azərbaycan ilə Gürcüstan dövlətləri və xalqları arasındakı dostluq əlaqələrinə xələl gətirəcək bütün addımları, fikirləri pisləyir.
ulusestv.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirlər Gürcüstan Patriarxlığının “Keşikçidağ”(David Qareci) məbədi ətrafında yaranmış gərginliklə əlaqədar yaydığı bəyanatda əksini tapıb.
Bəyanatda deyilir ki, Patriarxlıq hər hansı bir şəxsin Gürcüstan və Azərbaycan dövlətləri və xalqları arasındakı dostluq münasibətlərini gərginləşdirməyə yönəlmiş istənilən cəhdlərindən, həmçinin, müsəlmanlara qarşı təhqiramiz ifadələrdən uzaqdır.
Hesab edirik ki, həmin cəhdlər digər millətlərə, həmçinin Gürcüstan müsəlmanlarına qarşı düşünülmüş və ya düşünülməmiş təxribatdır.
Sənəddə, həmçinin vurğulanır ki, “Keşikçidağ” məbədi ilə əlaqədar Azərbaycanın ali dini qurumları ilə danışıqlar aparılır artıq müəyyən müsbət addımlar atılıb.
“Gürcüstan Patriarxlığı ümid edir ki, iki ölkənin dini liderləri, insanları və dövlətləri arasındaki münasibətlərə kölgə düşməyəcək, ədalət, məntiqlilik və dostluq qalib gələcək”, - deyə bəyanatda vurğulanır.