Kəramət Böyükçöl yazır...
O gün Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin qarşısında dayanıb dostumu gözləyirdim. Sarışın bir qız isə kənarda telefonla danışırdı. Bu heyində keçiddən beş oğlan bağıra-bağıra - guya bir-birləri ilə zarafatlaşırlar - çıxdı və hərəsi sarışına bir söz atdı.
Biri dedi:
- Uy da, nə zor şeysən, az!
O biri dilləndi:
- Nə yeyərəm...
Üçüncü:
- Ay can, ay can, döşlərinə bax...
Növbə dördüncüyə çatdı:
- Ay səni bayıra buraxanın...
Beşinci deməyə söz tapmadı, hisslərini nidalarla ifadə elədi:
- Of, of, of...
Biri ucadan telefonunu deyir, o birisi araya öz nömrəsini soxuşdurur, utanmaz-utanmaz da əlavə eləyir ki, 055-lədir. Təbii, qız heç birinə baş qoşmadı, bir neçə dəqiqədən sonra rəfiqəsi gəldi, çıxıb getdilər.
Oğlanlar da anqıra-anqıra, bir-birlərini itələyə-itələyə gözdən itdilər. Və mən öz-özümə fikirləşdim ki, ilahi, görəsən, bu insanlar harada yetişib? Bunlar nə yeyib, nə içirlər? Hansı musiqilərə qulaq asırlar? Məktəbə gediblərmi? Ali təhsil alıblarmı? Bəlkə, Azərbaycanda bu tip insanları formalaşdıran konkret bir müəssisə var, orada xüsusi hazırlıq kursları keçirlər?
Fikirləşdim ki, görəsən, bunlara marketlərdə niyə ərzaq satırlar? Niyə onlara telefon satırlar, niyə şalvar, köynək satırlar? Onların ataları, anaları, bacı-qardaşları, əmi, dayı, bibi, xalaları, qonşuları niyə var? O ayaqqabını haradan alıblar? Kaş yerini biləydim, gedib o satıcıya dişimin dibindən çıxanı deyəydim. Onların saçını kim qırxır? Mənim işim o bərbərlədir.
İlahi, o ürək onların sinəsində nə gəzir? O dalaq, o qara ciyər, mədə niyə sapsağlamdır? Görəsən, onların niyə dişi ağrımır ki, səhərə qədər zarısınlar? O səs onların ağzında, boğazında utanmır? İki göz onlarda nəyə lazımdır? Heç olmasa biri bəs deyildimi? İki qulaq heyif deyilmi? İki ayaq onlara çox deyilmi? Niyə onlar bir ayaqla gəzmirlər? Bir əl bəs deyilmi? Beş barmaq, vallah, israfçılıqdır. Hər əlin ortasında bir barmaq onlara artıqlaması ilə bəsdir.
Hələ bunlar metroya, avtobusa da minirlər. Halbuki metrodan, avtobusdan istifadə üçün onlara kart satmaq qadağan olunmalıdır. Ən dəhşətlisi orasındadır ki, evdə anaları onlara sulu yemək bişirir ki, yesinlər, mədələri ağrımasın. Halbuki ana gizlicə bunların yeməyinə siçan dərmanı atmalıdır ki, zəhərlənib ölsünlər. Bunların şəxsiyyət vəsiqələrini əllərindən almaq lazımdır ki, Allah göstərməsin, birdən hardansa pul tapıb universitetə-zada girərlər.
Görəsən, niyə elə bir qanun yoxdur ki, bu cür adamlardan donor kimi istifadə olunsun?
Görəsən, Milli Məclis niyə düşünmür ki, onların ürəyinin, böyrəklərinin, daxili və xarici orqanlarının bəşəriyyət üçün yararlı olan insanlara transplantasiyası qanuni hesab edilsin?
Niyə onlara çox nəfəs alıb-verməmək qadağası qoyulmur? Axı oksigeni niyə zay edirlər? Niyə onlara evlənməyi qadağan eləmirlər ki, kökləri kəsilsin?
Bu cür adamların niyə hüquq və azadlıqları var? Dövlət niyə onları vətəndaş hesab edir, niyə onların arxasında dayanır? Maraq nədir? Yoxsa dövlətin, vətənin onlardan bir umacağımı var? Onlar nəyə lazım ola bilər ki? Onlardan nə kimi istifadə etmək mümkündür?
Ümumiyyətlə, bunlar hansı təfəkkürdən, hansı düşüncə sistemindən, hansı əxlaqdan qidalanırlar - sualı ağlıma gələn kimi xalqımızın məşhur məsəli yadıma düşdü: "Qız ağacı, qoz ağacı, hər gələn bir daş atar".
Oxu.Az