Pandemiya insanların həyatını təhlükə altına qoyan ciddi sağlamlıq problemləri yaratmaqla bərabər mənfi fəsadları hələ uzun müddət hiss olunacaq sarsıdıcı qlobal sosial-iqtisadi və humanitar təhlükələr yaratmışdır. Dünya müharibəsi ilə müqayisə olunan COVİD-19 pandemiyası şəraitində özünü təcrid və franqmentar xarakter daşıyan tədbirlər əvəzinə qlobal həmrəyliyə və qlobal baxışa böyük ehtiyac vardır.
Təəssüf ki, bu günə kimi beynəlxalq münasibətlər sistemində BMT və onun əsas qurumları olan Baş Assambleya və Təhlükəsizlik Şurasının rolu görünmür, dünyanın aparıcı ölkələri qlobal liderlik əvəzinə geosiyasi rəqabət və özünü təcridə kökləniblər. Böyük dövlətlər və beynəlxalq təşkilatlardan qlobal liderlik gözlənilsə də bu baş vermədi. Daha çox özünü təcrid, milli eqoizm xarakteri daşıyan və fraqmentar addımlar atıldı. BMT Təhlükəsizlik Şurasının xüsusi iclaslarının çağırılması təşəbbüsü fikir ayrılığına görə baş tutmadı. BMT Baş Məclisi çərçivəsində bir neçə qətnamə layihəsi irəli sürülsə də onların da əksəriyyəti uğurla nəticələnmədi və yalnız deklarativ mətnlərlə yekunlaşdı.
Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının sədri kimi təşəbbüsü ilə 2020-ci il mayın 4-də QH-nin Təmas Qrupunun COVİD-19 pandemiyasına həsr edilmiş onlayn Zirvə Görüşündə Qoşulmama Hərəkatı üzv dövlətləri ilə yanaşı BMT-nin Baş Katibi, BMT Baş Assambleyasının Prezidenti, Ümumdünya Səhiyyə Təşkilatının Baş Direktoru, Afrika İttifaqı və Avropa İttifaqı kimi beynəlxalq təşkilatların yüksək çinli nümayəndələri də iştirak etdilər. Tərkibində 120 ölkəni birləşdirən QH BMT-dən sonra dünya dövlətlərinin təmsil olunduğu ikinci ən böyük siyasi təsisatdır.
Prezident İlham Əliyev Qoşulamama Hərəkatının onlayn Zirvə görüşündə çıxışı zamanı qlobal həmrəyliyin nümunəsi kimi pandemiya ilə mübarizə məqsədilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə çıxış etdi.
Təşəbbüsü dəstəkləyən ölkələr dünyanın bütün regionlarını əhatə edir. Onlar arasında BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən tutmuş kiçik ada ölkələrinə qədər vardır. Dövlətlər tərəfindən bu məsələ ilə əlaqədar BMT Baş Katibinə ünvanlanan məktublarda Prezident İlham Əliyevin Baş Assambleyanın Xüsusi sessiyasının keçirilməsi ilə bağlı təşəbbüsünün vaxtında verilmiş və çox ehtiyac duyulan təşəbbüs olduğu vurğulanır.
Yaxın günlərdə BMT Baş katibi tərəfindən üzv dövlətlərə rəsmi qaydada məlumat verilməsi gözlənilir və ümid edirik ki, xüsusi sessiya mümkün qədər tez bir zamanda təşkil olunacaqdır. Bu sesiya Azərbaycan üçün cox böyük önəm kəsb edir və dünya dövlətlərinin Azərbaycanın beynəlxalq imicinə, onun təhlükəsizliyinə və işgal altında olan torpaqlarının azad olunmasına böyük dəstəyinə çevriləcəkdir.
Müstəqil Xalq Partiyası Prezident İlham Əliyevin daxili və xarici siyasətini dəstəkləyib və dəstəkləməkdə də davam edəcək.
Xanəli Kərimov
Müstəqil Xalq Partiyasının Siyasi Şurasının üzvü