Oyuna yaxşı başlamadıq. Bununla belə, sonradan özümüzə gəldik, yaxşı hücumlar qurmağa başladıq. Matçın bizim üçün yaxşı getdiyi məqamda futbolçumuz qırmızı vərəqə aldı. Buna baxmayaraq, sonadək mübarizə aparıb, nəticəni qoruya bildik. Bu münasibətlə futbolçularımızı təbrik edirəm.
ulusestv.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri "Neftçi" klubunun baş məşqçisi Roberto Bordin Azərbaycan Premyer Liqasının XV turunda "Qarabağ"la (1:1) keçirilən oyundan sonra təşkil olunmuş mətbuat konfransında deyib.
Baş məşqçi, həmçinin bildirib: "Azlıqda qaldıqdan sonra hesabı qoruyub saxlamağa nail olduğumuz üçün deyə bilərəm ki, uğurlu nəticədir. Qırmızı vərəqəyə qədər komandamız gözəl oyun nümayiş etdirdi. Rəqib qapısı qarşısında bir neçə təhlükəli vəziyyət yaratdıq. Azlıqda qalandan sonra isə əks-hücumlara üstünlük verdik. Azarkeşlərimizə təşəkkür edirəm. Stadiona gəlib, bizi sonadək dəstəklədilər. Sanki evdə oynayırdıq. Onları növbəti matçlarda da gözləyəcəyik”.