Qədim Azərbaycan şəhəri Şuşada, əzəli yurdumuz Qarabağda Azərbaycan Prezidenti qardaş ölkənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanla tarixi görüş keçirdi. Azərbaycanla Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi imzalandı. sənəddə birgə milli mənafelər baxımından siyasi, hərbi və təhlükəsizlik sahələrində əlaqələndirilmiş fəaliyyətlərin təşviq edilməsi xüsusi yer tutur. Ən vacib məqam isə tərəflərdən hər hansı birinin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə birgə müdafiə addımlarının atılmasıdır. Şuşa Bəyannaməsi ilə Azərbaycan-Türkiyə hərbi-siyasi müttəfiqliyi rəsmiləşdirildi. Sənədə əsasən, tərəflərdən hər hansı birinin fikrincə, üçüncü dövlət və ya dövlətlər tərəfindən suverenliyə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərin təhlükəsizliyinə qarşı təhdid və ya hücum olduqda, tərəflər "BMT prinsiplərinə" və Nizamnaməsinə uyğun olaraq bir-birlərinə kömək göstərəcəklər.Hər iki tərəf, müasir tələblərə cavab verən silahlı qüvvələrin modernləşdirilməsi üçün birgə səylər göstərməyə davam edəcəklər. Bəyannamədə vurğulanır ki, Türkiyə ilə Azərbaycanı və Azərbaycanın qərbdəki bölgələriylə Naxçıvan Muxtar Respublikasını birləşdirən dəhlizin (Zəngəzur Dəhlizi) açılması və onun davamı olaraq Naxçıvan-Qars dəmir yolunun inşası iki ölkə arasında nəqliyyat-kommunikasiya əlaqələrinin intensivləşməsinə əhəmiyyətli dərəcədə kömək edəcəkdir. Bəyannamədə vurğulanır ki, Ermənistanın Türkiyəyə qarşı əsassız iddialarının, tarixin saxtalaşdırılması və tarixi faktların təhrif olunmaqla siyasiləşdirilməsi cəhdlərinin regionda sülhü və sabitliyi təhdid etməsi nəzərə alınmaqla, 1915-ci il hadisələri ilə bağlı arxivlərin açılması və bu mövzuda tarixçilər tərəfindən araşdırmaların aparılmasına yönəlmiş səylərin qətiyyətlə dəstəklənməsi vacibdir.
Azərbaycan və Türkiyə arasında əlaqələrin yüksək səviyyəsi ümumilikdə regionun tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm töhfələr verir. 44 günlük Vətən müharibəsi zamanı dünya bir daha bunun şahidi oldu. Müharibənin ilk günlərindən qardaş Türkiyə Azərbaycana siyasi-mənəvi dəstək verdi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıq və birmənalı bəyanatlar səsləndirərək, bu müharibədə Azərbaycanın tək olmadığını, Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu bildirdi. Bu, gücümüzə güc qatdı, Qarabağ Zəfərində mühüm rol oynadı. Xüsusən Rəcəb Tayyib Ərdoğanın Bakıda Azadlıq meydanında keçirilən Zəfər paradında Prezident İlham Əliyevlə yan-yana dayanması ölkələrimizin birliyini, xalqlarımızın qardaşlığını bir daha bütün dünyaya nümayiş etdirdi.
Vazeh Axundov - Şərəfə kənd sakini