Yanvarın 30-da Azərbaycan gömrük orqanlarının yaradılmasının 28-ci ildönümü və gömrük əməkdaşlarının peşə bayramı münasibətilə təntənəli mərasim və Dövlət Gömrük Komitəsinin 2019-cu il ərzindəki fəaliyyətinin yekunlarına həsr olunan Kollegiya iclası keçirilib.
ulusestv.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, mərasimdə çıxış edən DGK sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev bildirib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan davamlı iqtisadi inkişaf strategiyasının Prezident İlham Əliyevin həyata keçirdiyi innovativ islahatlar hesabına uğurla reallaşdırılması ölkəmizin iqtisadi qüdrətinin artması, əhalinin rifah halının yaxşılaşması ilə yanaşı, beynəlxalq aləmdə nüfuzlu dövlətə çevrilməsinə də şərait yaradıb.
Əldə olunan nailiyyətlərdə gömrük xidmətinin də payı olduğunu vurğulayan Komitə sədri son illər ölkədə həyata keçirilən islahatlar çərçivəsində gömrük orqanlarının da bir sıra yeniliklər tətbiq etdiyini diqqətə çatdırıb. Səfər Mehdiyev qeyd edib ki, fiskal, hüquqpozmalara qarşı mübarizə, gömrük nəzarəti, ticarətin asanlaşdırılması və xüsusilə şəffaflığın təmin olunması istiqamətində ciddi nailiyyətlər əldə olunub.
Komitə sədri onu da qeyd edib ki, gömrük sistemində aparılan struktur və kadr islahatları idarəetmənin təkmilləşdirilməsinə, kadrların peşə hazırlığının artırılmasına və ümumiyyətlə, gömrük işinin müasir dünyanın çağırışlarına uyğun şəkildə yenidən qurulmasına münbit şərait yaradıb.
Gələcək hədəflərə toxunan Səfər Mehdiyev bildirib ki, hərtərəfli dövlət qayğısı ilə əhatə olunan gömrük orqanlarının və onun əməkdaşlarının əsas məqsədi göstərilən etimadı doğrultmaq, dövlətə, dövlətçiliyə sədaqət nümayiş etdirməklə qarşıya qoyulan vəzifələri vicdanla yerinə yetirməkdir.
Sonra Kollegiyanın gündəliyindəki məsələlər müzakirə olunub.
Daha sonra Dövlət Gömrük Komitəsinin xidmətdə fərqlənən bir qrup əməkdaşına Ümumdünya Gömrük Təşkilatının sertifikatları verilib, eləcə də Dövlət Gömrük Komitəsinin xidmətdə fərqlənən bir qrup əməkdaşına fəxri fərman və xüsusi rütbələr verilməsi haqqında Dövlət Gömrük Komitəsi sədrinin müvafiq əmrləri diqqətə çatdırılıb.
Tədbirin sonunda yığıncaq iştirakçıları adından Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul olunub.