Bakı Mühəndislik Universitetində (BMU) 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunan anım tədbiri keçirilib.
ulusestv.az “Qafqazinfo”ya istinadən məlumatına görə, öncə BMU-nun rektoru, professor Havar Məmmədov və universitetin professor-müəllim heyəti foyedə şəhidlərin xatirəsinə həsr olunmuş tələbələrin əl işlərindən ibarət sərgiyə baxıblar.
Anım tədbiri Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Dövlət Himninin səsləndirilməsindən sonra 20 Yanvar faciəsinin tarixini özündə əks etdirən videoçarx nümayiş olunub.
Rektor H.Məmmədov çıxışında 20 Yanvar hadisələrinin Azərbaycan xalqının müstəqillik tarixində mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. O xatırladıb ki, sovet imperiyası rəhbərliyinin Azərbaycanın suverenliyini və beynəlxalq hüquq normalarını kobudcasına pozaraq Bakıya yeritdiyi ordu hissələri amansız cinayətlər və kütləvi qırğınlar törədib. Milli azadlıq uğrunda mübarizəyə qalxmış yüzlərlə günahsız insan silahlı təcavüz nəticəsində qətlə yetirilib. Rektor bildirib ki, sovet rəhbərliyinin xalqın iradəsini, milli azadlıq hərəkatını boğmaq niyyəti baş tutmayıb, bu yolda şəhidlər verən xalqımız milli azadlıq mübarizəsini davam etdirərək müstəqilliyə qovuşub.
Sonra tələbələrin ifasında 20 Yanvar gecəsi həlak olan körpələrin xatirəsinə həsr edilmiş “Ana harayı” lirik-xoreoqrafik kompozisiya nümayiş olunub.