Ölkə Prezidentinin rəhbərliyi ilə dövlətimiz tərəfindən aztəminatlı ailələrin maddi durumunu yaxşılaşdırmaq və onların sosial müdafisəini təmin etmək üçün həyata keçirilən sosial yönümlü lahiyələrdən biri də Ünvanlı Dövlət Sosial Yardımıdır. Dövlətin bu qayğısından Azərbaycan Respublikasında yaşayan hər bir aztəminatlı yararlana bilər.
Lakin son dövrlərdə ÜDSY almaq üçün tətbiq olunan elektron müraciət qaydaları sərtləşdirildiyi üçün bir çox aztəminatlı ailədə bu qayğıdan yararlana bilmir.
Lerik rayonunun Dabradibi kənd sakini, 1981 – ci il təvəllüdlü Ağayev Sücəddin Bayram oğlunun ailəsi yeddi nəfərdən ibarətdir. Onun dörd azyaşlı övladı var. Dövlətdən ailəsinə gələn gəlir, anasının aldığı 177 manat pensiya puludur. Sücəddinin ailəsinin maddi durumu çox acınacaqlıdır. Dövlətin qayğısına və dəstəyinə ehtiyacı var.
Mövcüd vəziyyətdə onun ailəsi aztəminatlı ailə kimi ÜDSY almaq üçün müraciət edə bilmir.
Səbəb isə odur ki, Sucəddin və onun həyat yoldaşı üçün ayrılan payıbəlli torpaq sahələrinə verilən hüquqi sənəd olan Torpaq Mülkiyyətinə dair Dövlət Aktında birinci şəxs olaraq mülkiyyətçi olmalıdır.
Sücəddinin ailəsi ÜDSY almaq görə elektron müraciət qaydalarını yerinə yetirmək üçün 600- 700 manat pul xərcləməlidir. Amma onun maddi durumu buna imkan vermir.
2016- ci il 15 yanvar tarixli 37 saylı ÜDSY almaq üçün elektron müraciət qaydaları tətbiq olunub. Bu qaydalar vətəndaş - məmur ünsiyyətini aradan qaldıraraq, bürokratik əngəlliklərə son qoysa da, lakin həmin qaydalar mövcud şəraitdə maddi durumu acınacaqlı olan aztəminatlı ailələrin ÜDSY almaq hüquqlarını olduqca məhdudlaşdırıb.
Əsasən payıbəlli torpaq sahələri olan aztəminatlı ailələr bu yardımdan yararlana bilmirlər. Çünki həmin qaydalara görə, payıbəlli torpaq sahələri olan aztəminatlı ailələrin torpaq mülkiyyətinə dair Dövlət Aktında birinci şəxs olmalıdırlar. Həmin aktda payıbəlli torpaq sahəsi olan digər aztəminatlı ailə başçısı öz payına düşən torpaq sahəsinə hüququ sənəd aldıqdan sonra bir mülkiyyətçi kimi öz adına SUN şifrəsi sifariş olunduqdan sonra onun məşğulluğu təyin olunur və həmin ailə ÜDSY almaq üçün müraciət də bilər. Əgər bu qaydalara riayət edilsə, bir aztəminatlı ailə Reyestr və notarius xidmətləri üçün 600- 700 manat pul xərcləməlidir.
Yeri gəlmişkən, heç bir aztəminatlı ailə düşünməsin ki, deyilən bu məbləği tapıb elektron müraciət qaydalarına əməl etdikdən sonra onun ailəsi ÜDSY ala bilər. Bu sadəcə olaraq ÜDSY almağa görə müraciət etmək istəyən aztəminatlı ailələr üçün nəzərdə tutulan elektron müraciət qaydalarıdır.
ÜDSY aktında Qanunun 4- cü maddəsində ünvanlılıq, ədalətlilik prinsiplərinə əsaslanaraq bildirilir ki, Azərbaycanda yaşayan və Azərbaycan Respublikasının vətəndaşı olan hər bir aztəminatlı ailə bu yardımı ala bilər. Lakin araşdırmalar göstərir ki, maddi durumu acınacaqlı olan, çörəyi mağazadan nisyə alan aztəminatlı ailələr ÜDSY almaq üçün elektron müraciət qaydalarının bu qanunda nəzərdə tutulmuş əsas prinsiplər onlara şamil edilməyəcək.
Bəs görəsən, bu ailələrin taleyi necə olacaq. Bunu aidiyyəti qurumların müzakirəsinə buraxırıq.
Araşdırdı: Zahid Səmədov