Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması sahəsində işlər davam etdirilir.
Komitədən bildirilib ki, müasir, innovativ texniki imkanların və beynəlxalq təcrübənin istifadəsi ilə bəzi regionlarda kadastr işləri yekunlaşıb. Artıq elektron kadastr uçotu sisteminə Şəmkir rayonu ilə bağlı məlumatlarda daxil edilib. Fevralın 22-də Şəmkirdə bu sahədə görülən işlər, əldə olunan nəticələr və rayon üzrə torpaqların real vəziyyətini əks etdirən sistemin istifadə qaydaları barədə tədbir keçirilib.
İctimai təqdimatda komitənin tabeli qurumlarının, aidiyyəti mərkəzi icra hakimiyyəti orqanlarının, bələdiyyələrin, rayon icra hakimiyyətinin nümayəndələri iştirak edib. Təqdimatda layihənin üstünlükləri, əldə olunan nəticələrin torpaq idarəçiliyində rolu, gələcək perspektivləri və vətəndaş üçün yaradacağı imkanlar müzakirə olunub.
Şəmkir rayonunda torpaqların elektron kadastr uçotu işlərinin yekunlaşması ilə bələdiyyə mülkiyyətində olan torpaq sahələrinində dəqiq sərhədləri, istifadə təyinatı və miqyası müəyyənləşib. Tədbir çərçivəsində uçot işinin nəticəsi olaraq hazırlanmış Şəmkir rayonunun bələdiyyə, həmçinin torpaqların bonitirovka və iqtisadi qiymətləndirmə xəritələri dənümayiş etdirilib.
Uçot işləri nəticəsində Şəmkir rayonunun bələdiyyə hüdudları daxilində 130,2 min hektar torpaq sahəsinin mövcudluğu müəyyən olunub. Bəlli olub ki, bu ərazidən 10 min hektarı dövlət, 81min hektarı bələdiyyə, 39,2 min hektarı xüsusi mülkiyyətdə olan torpaqların payına düşür. Bələdiyyə hüdudları daxilindəki torpaq sahələrinin 97,5 min hektara yaxını (74,8 faizi) kənd təsərrüfatına yararlı torpaqlardır ki, bunun da 39,1 min hektarını əkin sahələri təşkil edir. Torpaq islahatı aparılan zaman rayon üzrə əkin sahəsinin cəmi 33,5 min hektar olduğu halda, elektron uçotu nəticəsində müxtəlif uqodiyaların hesabına onun həcminin artaraq 39,1 min hektara çatdığı müəyyən edilib. Uçot işləri zamanı həmçinin müəyyən olunub ki, torpaq payı almış ailələrdən 64 minə yaxının torpaq ölçüləri 1 hektaradəkdir. Bu da onu göstərir ki, torpaq sahələrinin konsolidasiyasına, birləşməsinə ehtiyac vardır. Həmçinin torpaqların uçotu zamanı kənd təsərrüfatına yararlı sahələrdə yerləşən özbaşına salınmış tikili və qurğular barədə də müfəssəl məlumatlar əldə edilib. Belə ki, həmin ərazilərdə 4 min 986 tikili və qurğuların (bundan 196-sı dövlət mülkiyyətində, 2766-sı bələdiyyə mülkiyyətində, 2027-si xüsusi mülkiyyətdə) olduğu aşkar olunub.
Torpaqların elektron kadastr uçotu nəticəsində vətəndaşların istifadəsinə verilmiş pay torpaqları ilə bağlı dəqiq məlumatlar əldəolunub. Əldə olunan kadastr nəticələri torpaqların hüquq müəyyənedici sənədlərdəki texniki göstəriciləri ilə bağlı uyğunsuzluqları nizamasalmağa şərait yaradır. Bundan başqa informasiya bazası baş verən qeyri-qanuni halların daha tez müəyyənedilməsi və aradan qaldırılmasına imkan verir.
Elektron kadastr uçotu işlərinin nəticələri ilə ölkədə torpaq idarəçiliyi elmi əsaslarla aparılır, regionlar üzrə torpaqların dəqiq balansı və sərhədləri müəyyən edilir. Yaradılan elektron kadastr sistemi ilə torpaqlara dövlət nəzarəti müasir formada həyata keçirilir. Görülən işlər nəticəsində torpaqların kəmiyyət və keyfiyyət göstəriciləri öyrənilir. Torpağın hansı münbitlik səviyyəsində olması barədə məlumatı olan vətəndaş ondan rahatlıqla istifadə edir və aqrar sahədəki fəaliyyətdə uğur qazanır.
AZƏRTAC