Mayın 2-də Sumqayıt Dövlət Universitetində (SDU) kütləvi informasiya vasitələrinin nümayəndələri, qeyri-hökumət təşkilatları və təhsil alan tələbələrin valideynlərinin iştirakı ilə növbəti ənənəvi “Açıq qapı” günü təşkil edilib. “Açıq qapı” günün keçirilməsi barədə sdu.edu.az portalında əvvəlcədən məlumat yerləşdirilib.
ulusestv.az AZƏRTAC-a istinadən xəbər verir ki, qonaqları universitetin prorektoru, dosent Ramiz Hüseynov səmimi qarşılayaraq ali məktəbdə aparılan işlər barədə məlumat verib.
Qeyd edilib ki, SDU-nin hazırkı inkişafı əvvəlki illərdən xeyli fərqlənir. Universitetin maddi-texniki bazasının möhkəmləndirilməsi, kadr potensialının gücləndirilməsi, təhsilin və nizam-intizam keyfiyyətinin yüksəldilməsi istiqamətində təqdirəlayiq işlər həyata keçirilib. Ölkəmizdə həyata keçirilən təhsil siyasətinin, bu sahəyə göstərilən diqqət və qayğının nəticəsi olaraq, Sumqayıt Dövlət Universitetinin tədris imkanları ildən-ilə genişlənir. Universitetdə bu istiqamətdə lazımi şərait yaradılıb, bütün auditoriya, laboratoriyalar, kabinet və mərkəzlər bu məqsədlə ən müasir avadanlıqlar və İKT ilə təchiz olunub. Ümumiyyətlə, universitetdə tələbələrin maraq, istək və qabiliyyətlərinə uyğun hər cür imkanlar yaradılıb deyən R. Hüseynov bütün bunların gələcəyimiz olan gənc nəslin sabah dəyərli vətəndaş, bacarıqlı mütəxəssis kimi formalaşması üçün vacib olduğun vurğulayıb.
Prorektor onu da qeyd edib ki, yaz imtahan sessiyasının başlanmasına saylı günlər qalıb. Bu istiqamətdə də imtahan prosesinin təşkili və gedişinin obyektivliyin, şəffaflığın təmin olunması ilə bağlı məqsədyönlü tədbirlər aparılır.
Sonra universitetin rəhbərliyi və KİV nümayəndələri ilə birgə valideynlər övladlarının təhsil aldıqları auditoriyalarda dərsin gedişini izlədilər. Onlar yaradılan şərait, laboratoriya və ağıllı lövhələrlə təchiz olunmuş auditoriyalarla tanış oldular, Mühəndislik fakültəsinin dekanlığında quraşdırılmış kameralarla təchiz olunmuş nəzarət sistemi vasitəsilə auditoriyalarda keçirilən dərsləri müşahidə ediblər. Tarix və coğrafiya, İqtisadiyyat və idarəetmə, Riyaziyyat fakültələrində dərslərdə iştirakları təmin olunub, mühazirələr dinlənilib. Kimya və biologiya, Fizika və elektroenergetika, Mühəndislik fakültələrində laboratoriyalarında əyani olaraq aparılan təcrübələri izlənilib.
Sonra qonaqlar tələbələrin asudə vaxtının səmərəli təşkili üçün universitetin həyətində yaradılan şahmat lövhəsi, süni örtüklü futbol meydançası, voleybol və basketbol meydançaları, stolüstü oyunlar üçün qurulmuş köşklərlə tanış olublar. Bildirilib ki, tələbələr idman klubunda futbol, stolüstü tennis, badminton, atıcılıq, voleybol, şahmat və digər idman növləri ilə mütəmadi məşğul olurlar. Universitetdə idmana olan diqqət və qayğı idman sahəsində ilbəil artmaqda olan uğurlarda özünü büruzə verir. İdmançı tələbələrin respublika, Avropa, Asiya və dünya səviyyəli idman yarışlarında artıq ənənə halını almış uğurları insanda qürur hissi doğurur.
“Açıq qapı” zamanı iştirakçıları maraqlandırılan suallar cavablandırılıb, təklif və istəklər dinlənilib.