Rusiyada təhsil alacaq əcnəbi birinci kurs tələbələri sentyabrın ikinci yarısından etibarən ölkəyə gələ biləcəklər.
Ulusestv.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Rusiyanın Elm və Ali Təhsil naziri Valeri Falkov açıqlama verib. Bununla yanaşı, o, yalnız Rusiya ilə sərhədlərin açıldığı ölkələrdən tələbələrin qəbul ediləcəyini bildirib.
“Birinci kurs tələbələri tezliklə, bir az sonra vəziyyəti anladığımızda isə digər kursların tələbələrini qəbul edəcəyik”,- deyə Falkov qeyd edib.
Onun sözlərinə görə, hazırda Rusiya universitetlərində pandemiya səbəbi ilə ölkələrinə qayıda bilməyən 130 mindən çox xarici tələbə var. Onlara iş tapmaqda kömək edilir, bəzilərinə maddi yardım verilir.
Qeyd edək ki, 2019/20 tədris ilində 297.993 xarici tələbə Rusiyada təhsil alıb. Onların əksəriyyəti Qazaxıstan, Türkmənistan, Özbəkistan, Çin, Tacikistan, Ukrayna, Hindistan, Belarusiya, Azərbaycan və Qırğızıstan vətəndaşlarıdır.