Keçən il 20-dən çox Gürcüstan vətəndaşı terrorçu qruplaşmaların tərkibində Suriyada və İraqda keçirilən döyüş əməliyyatlarında iştirak edib. Onlardan bir neçəsi öldürülüb.
ulusestv.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə məlumat Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) illik hesabatında yer alıb.
Məlumatda qeyd olunur ki, həmin şəxslərin və onların ailə üzvlərinin vətənə geri qayıtmaları təhlükəsini nəzərə alaraq DTX müvafiq tədbirləri davam etdirir. Bildirilir ki, 2012-ci ildən bu günədək Suriyada və İraqda gedən döyüşlərdə Gürcüstan əsilli 33 nəfər öldürülüb. Onlardan ən təhlükəlisi Tarxan Batiraşvili olub. ABŞ hökuməti onun yerini bildirəcək şəxsə 5 milyon dollar mükafat təyin etmişdi. T.Batiraşvili 2016-cı il iyulun əvvəllərində İraqın Şikrat şəhərində gedən döyüşlərdə öldürülüb.
Məlumatda, həmçinin deyilir ki, 2018-ci ildə Gürcüstan vətəndaşlarının Suriyaya və ya İraqa getmələri ilə bağlı heç bir fakt qeydə alınmayıb.