Hər kəsin qanun qarşısında məsuliyyəti və cavabdehliyi ali iradənin tələbidir.
Aylardır qlobal pandemiya ilə mübarizədə aciz durumda qalan dünya dövlətləri böhran şəraitindən qurtula bilmir. Koronavirusun cəmiyyətlər üzərindəki dağıdıcı təsiri və iqtisadiyyatın, ticarətin ciddi şəkildə tənəzzülü aydın şəkildə görünməkdədir. Bütün bunlar mövcud problemi getdikcə daha da dərinləşdirir. Bəşəriyyətin sınağa çəkildiyi belə bir məqamda xəbər hər şeydən qiymətli olur. Hər bir kəs məlumatları izləyir və hansı dövlətin daha düzgün qərar verdiyini, daha səlis addım atdığını özlüyündə aydınlaşdırmağa cəhd edir.
Bu baxımdan Prezident İlham Əliyevin qətiyyətli və operativ olması, kreativ lider kimi ən mürəkkəb hadisələri yüksək peşəkarlıqla idarə etməsi, qarşısına çıxan maneələri sürətlə keçməsi, düzgün qərarlar verməsi və bütün ölkənin aqibəti ilə yanaşı, hər bir vətəndaşın da qayğılarını eyni həssaslıqla düşünməsi Onun nüfuzunu dünya miqyasında artırır. Dövlət başçısının mübarizliyi və müdrik lider keyfiyyətləri yüz minlərlə insanın rəğbətinə səbəb olur.
Dövlət öz vətəndaşının sağlamlığını hər şeydən üstün tutur
Xüsusilə son həftələr ölkədə karantin müddətinin uzadılmasına ehtiyacın olması da, məhz dövlətin öz vətəndaşının sağlamlığını hər şeydən üstün tutmasının reallığının təsdiq edən amildir. Pandemiya başlayandan indiyə qədər məhz düşünülmüş siyasət nəticəsində Azərbaycanda vəziyyəti nəzarət altında saxlamaq mümkün olub. Elə karantin müddətinin uzadılması da dövlətin öz vətəndaşlarına daha diqqətli olmasının realllığıdır. Ölkə rəhbəri çıxışlarında da dəfələrlə vurğulayıb ki, neft gəlirlərimiz azalıb, ancaq insanların sağlamlığı, təhlükəsizliyi, rahatlığı və rifahı bizim üçün hər şeydən üstündür: “Bütün Azərbaycan vətəndaşlarına bir daha çağırış edib demək istəyirəm: Məsuliyyətli olun, nizam-intizamı, qaydaları pozmayın, özünüzü, uşaqlarınızı, yaxınlarınızı qoruyun ki, biz bu ağır vəziyyətdən az itkilərlə çıxa bilək! Biz birlikdə güclüyük!”
Göründüyü kimi, diqqətdən qaçmamalıdır ki, Azərbaycan dünyanı vahiməyə salmış pandemiyaya qarşı savaşı demək olar ki, öz vəsaiti hesabına aparır. Azərbaycan yeni bir nümunə yaradır və artıq bütün dünya ölkəmizin nümunəsini öyrənməyə çalışır. Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən tədbirlər, aparılan mübarizə Azərbaycanın bu sınaqdan da daha az itki ilə çıxacağına əminlik yaradır. Ölkə başçısı hər bir vətəndaşı koronavirusla mübarizədə birləşməyə səsləyir – “Biz birlikdə güclüyük”. Ölkə Liderinin bu çağırışına hər kəs qoşulur. Pandemiyaya qarşı mübarizədə Azərbaycanın əldə etdiyi uğurun başlıca səbəbi də milli birliyin nəticəsidir. Azərbaycan tezliklə bu mübarizədən də qalib çıxacaq. Yetər ki, məsuliyyətli olaq və qaydalara əməl edək.
Yaranmış vəziyyətə həssaslıqla yanaşan dövlətimiz müsbət vəziyyətin daha da yaxşılaşdırılması üçün kütləvi tədbirlərin keçirilməməsi, məsafədən idarəetmənin təşkili, sanitar qaydalara əməl etməyi xüsusi tələb kimi qoymuş və müvafiq qanunvericilik aktları mövcud vəziyyətə uyğunlaşdırılmışdır. Xüsusilə də insanların daha çox toplaşa biləcəyi beynəlxalq və yerli tədbirlərin, idman yarışlarının, dini mərasimlərin, toy və hüzr məclislərinin keçirilməsi qadağan edilmişdir. Dövlətin tətbiq etdiyi ciddi karantin rejimi ilə yanaşı həm ölkə Prezidenti cənab İlham Əliyev həm də birinci vitse-prezident xanım Mehriban Əliyeva xalqımıza müraciət edərək qaydalara əməl etməyi, infeksiyadan qorunmaq üçün bütün mümkün vasitələrdən istifadə etməyi tövsiyyə etmişdirlər. Bu baxımdan, hər bir vətəndaşın, xüsusilədə deputatların, dövlət qulluqçularının vəzifəsi karantin rejiminə nəinki riayət etməli, həm də şəxsi nümunə olmalıdırlar.
Karantin rejimi və yenə məmur özbaşınalığı…
Lakin təəssüf doğuran odur ki, son vaxtlar bəzi şəxslər, həmçinin, məmurlar bu qanunları pozaraq toy mərasimləri, müxtəlif ziyafətlər təşkil edərək qanunları pozurlar. Bu isə cəmiyyətin ciddi hiddətinə səbəb olub və qınağına məruz qalıb. Ancaq bilmək lazımdır ki, Azərbaycan hüquqi dövlətdir, ölkəmizdə qanunun aliliyi təmin edilib, heç kim qanundan üstün ola bilməz. Hamı qanun qarşısında bərabərdir, öz hərəkətlərinə görə məsuliyyət daşıyır. VəAzərbaycan Prezidenti ölkədə qanunun aliliyinin qarantıdır, hər kəsin qanun qarşısında məsuliyyəti və cavabdehliyi ali iradənin tələbidir. Heç bir vəzifəli şəxs öz statusundan istifadə edərək qanunları poza və qanunun tələblərinə hörmətsiz yanaşa bilməz.
Məhz bu baxımdan da, koronavirusla mübarizə ümummilli məsələdir, heç kim şəxsi mənafeyi naminə, tutduğu mövqeyə, vəzifəsinə görə insanların həyatını təhlükəyə ata və onların sağlamlığına zərər gətirə bilməz. Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, heç kim qanundan üstün deyil: “Əgər kimsə fikirləşir ki, onun yaxınları, tanışları, qohumları, yüksək vəzifəli dostları onlara kömək edəcəklər səhv edirlər. Azərbaycan hüquqi-demokratik dövlətdir və qanun qarşısında hamı bərabərdir”.
Bəli, bu gün Azərbaycan dövləti elə bir inkişaf səviyyəsinə çatıb ki, qanundan yan keçmək, gizlənmək, digər vətəndaşlarla müqayisədə daha böyük üstünlüklər əldə etmək mümkün deyil. Ona görə də hər birimiz atdığımız addımları daha dərindən ölçüb-biçməli, dövlətimizin qanunlarına hörmət nümayiş etdirməliyik. Sosial statusu, tutduğu vəzifə, göstərdiyi xidmətlər heç kimə qanunun tələblərindən yan keçmək imtiyazı vermir. Eyni zamanda, onu da demək istərdim ki, Azərbaycanda heç kimin fəaliyyətinə, qeyri-qanuni addımlarına, fərdi statusuna görə qiymət verilmir və kimliyindən, tutduğu vəzifədən asılı olmayaraq hər kəs törətdiyi əməllərin cəzasının qanun çərçivəsində almalıdı və alacaq da!
Bu baxımdan, hər bir vətəndaşın, xüsusilə də məmurların vəzifəsi karantin rejiminə riayət etməlidirlər. Və həmin adamlar bir daha bilməlidirlər ki, heç kim qanundan üstün ola bilməz, hamı qanun qarşısında bərabərdir və öz hərəkətlərinə görə məsuliyyət daşıyır. Çünki qanun şahdır, şah qanun deyil. Heç bir şəxs öz mövqeyindən, statusundan istifadə edərək qanunları və qanunun tələblərini poza bilməz, bütün atılan addımlar insanların sağlamlığı və təhlükəsizliyi üçündür!
Beləliklə, hər bir şəxs mövcud reallığı, qanunun aliliyini, Azərbaycan Prezidentinin mövqeyini və ali iradəsini bilməli və başa düşməlidir ki, qanun pozuntusuna görə mütləq və mütləq şəkildə hər kəs əməlinə görə cavab verəcək, heç kim məsuliyyətdən yayına bilməyəcək. Çünki, Azərbaycan Respublikasında heç kim qanundan üstün ola bilməz!.
ZƏRİFƏ QULİYEVA,
YAP Qadınlar Şurası İdarə Heyətinin üzvü, “Modern ailə və inkişaf” İctimai Birliyinin sədri