Tariximizin faciəli səhifəsi
Erməni daşnaklarının bolşeviklərlə birgə azərbaycanlılara qarşı həyata keçirdiyi 31 mart soyqırımından 103 il ötür. Azərbaycan xalqına qarşı dəfələrlə törədilmiş və uzun illər boyu öz siyasi-hüquqi qiymətini almamış 31 mart soyqırımı tariximizin faciəli səhifələrindən biridir.
Tarixin səhifələrini vərəqlədikcə, ermənilərin zaman-zaman azərbaycanlılara qarşı törətdikləri soyqırımların şahidi oluruq. “Dənizdən-dənizə böyük Ermənistan” yaratmaq xülyası ilə yaşayan daşnaklar qan tökmək, ədavət toxumu səpmək üçün həmişə məqam gözləyir və fürsət düşən kimi öz məkrli məqsədlərini həyata keçirməyə çalışırdılar. 1918-ci ilin mart-aprel aylarında da belə olmuşdur. Şaumyanın, Arakelyanın, Əmiryanın və digərlərinin ideya müəllifliyi ilə 1918-ci il martın 26-dan aprelin 1-nə qədər qırğınlar törətmişlər.
Qeyd edək ki, ermənilər mənfur ideyalarını reallaşdırmaq istiqamətində ardıcıl olaraq hərbi, ideoloji və təşkilati xarakterli tədbirlər həyata keçirilmişdir. Belə ki, XIX əsrin birinci yarısında İrandan və Osmanlı imperiyasından köçürülən ermənilər hesabına Yerevan, Qarabağ və Zəngəzurda demoqrafik vəziyyətin zorla dəyişdirilməsi, 1905-ci və 1918-ci illərdə azərbaycanlı əhalinin kütləvi qırğınları, 1918-ci ildə tarixi Azərbaycan torpaqlarında Ermənistan dövlətinin yaradılması və Azərbaycanın ən mühüm mədəniyyət mərkəzlərindən biri olan İrəvan şəhərinin paytaxt kimi Ermənistana güzəştə gedilməsi, 1920-ci illərdə sovet hökuməti tərəfindən Zəngəzurun ermənilərə verilməsi, 1948-1953-cü illərdə yüz minlərlə azərbaycanlının indiki Ermənistan ərazisindəki əzəli torpaqlarından deportasiyası və sair faktlar soyqırımı tarixinin faciəli və qanlı səhifələridir.
Azərbaycanlılara qarşı aparılan soyqırımı siyasətinin uzun tarixi olsa da, bu barədə əsil həqiqət Ümummilli Liderimiz Heydər Əliyevin qətiyyəti sayəsində ictimaiyyətə çatdırılmışdır. 31 mart ermənilərin həyata keçirdikləri soyqırım yalnız Ulu Öndərimiz Heydər Əliyevin 1998-ci il 26 mart tarixli Fərmanından sonra öz hüquqi-siyasi qiymətini almışdır. O vaxtdan başlayaraq, 31 mart - Azərbaycanlıların Soyqırımı Günü kimi dövlət səviyyəsində qeyd olunur, soyqırımı qurbanlarının xatirəsini anma tədbirləri keçirilir, dünya ictimaiyyətinin diqqəti bu faciəyə cəlb edilir.
Son illərin təcrübəsi göstərir ki, erməni işğalçılarının və onların havadarlarının imkanları heç də qeyri-məhdud deyildir və bu imkanlar getdikcə tükənməkdədir. Bu, belə də olmalıdır. Çünki son illər geniş iqtisadi potensiala malik qüdrətli Azərbaycan dövləti, onun beynəlxalq aləmdə getdikcə artan siyasi nüfuzu, dünya azərbaycanlılarının və ölkəmizin dostlarının gündən-günə möhkəmlənən həmrəyliyi, nəhayət, güclü Azərbaycan Ordusu dayanır. Soyqırımı qurbanlarının xatirəsini anma tədbirləri bütün dünyada getdikcə daha geniş xarakter alır. Bununla ölkəmiz yalnız tarixi ədalətin və həqiqətin bərpa olunmasını, dünyanın heç bir yerində belə faciəli hadisələrin təkrarlanmayacağına təminat verilməsini istəyir. Bunun əksinə, işğalçı Ermənistanda iqtisadi və mənəvi-siyasi tənəzzül getdikcə dərinləşir, sosial problemlər və demoqrafik vəziyyət gərginləşir. Ermənistan təcavüzkar siyasəti ilə özünü bütün regional iqtisadi-enerji və nəqliyyat-kommunikasiya layihələrindən təcrid etmişdir. Ermənistanda baş verən siyasi böhran, antidemokratik proseslər onun rəhbərliyinin məhdud, təcavüzkar siyasətinin nəticəsidir, erməni xalqının geniş dairələrinin hakimiyyətə etimadsızlığının göstəricisidir.
1918-ci ilin mart soyqırımları öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biridir. Əllərinə düşən fürsətdən istifadə edən ermənilər uşaq, qoca, qadın demədən minlərlə insanı qılıncdan, süngüdən keçirdilər, diri-diri yandırdılar. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıtdılar. Bakının böyük bir hissəsini xarabalığa çevirdilər. Azərbaycanlıların soyqırımı təkcə Bakıda deyil, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda, Gəncədə və digər bölgələrdə xüsusi qəddarlıqla həyata keçirildi. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirildi, şəhər və kəndlər yandırıldı, milli mədəniyyət abidələri dağıdılıb məhv edildi.
Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra Nazirlər Şurası 1918-ci il iyulun 15-də bu faciənin tədqiqi məqsədilə Fövqəladə İstintaq Komissiyasının yaradılması haqqında qərar qəbul etdi. Komissiya mart soyqırımını - ilkin mərhələdə Şamaxıdakı vəhşilikləri, İrəvan quberniyası ərazisində ermənilərin törətdikləri ağır cinayətləri araşdırdı. Dünya ictimaiyyətinə bu həqiqətləri çatdırmaq üçün Xarici İşlər Nazirliyi nəzdində xüsusi qurum yaradıldı. Martın 31-i Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü elan olundu. Bununla da azərbaycanlılara qarşı yürüdülən soyqırımı və bir əsrdən artıq davam edən torpaqlarımızın işğalı proseslərinə tarixdə ilk dəfə siyasi qiymət verməyə cəhd göstərildi. Lakin Cümhuriyyətin süqutu bu sahədə başlanmış işi yarımçıq qoydu.
Ermənilərin azərbaycanlılara qarşı soyqırımları XX əsrin sonlarında bir daha təkrarlandı. 1992-ci ilin fevralında ermənilər Xocalı şəhərinin əhalisinə misli görünməyən divan tutdu. Bu qanlı faciə minlərlə azərbaycanlının məhv edilməsi, əsir alınması, şəhərin yerlə-yeksan edilməsi ilə nəticələndi. Millətçi-separatçı ermənilərin Dağlıq Qarabağda başladığı avantürist hərəkətin nəticəsi olaraq bu gün bir milyondan artıq soydaşımız öz doğma yurd-yuvalarından didərgin salınıb. Ərazimizin 20 faizinin erməni silahlı qüvvələri tərəfindən işğalı zamanı minlərlə vətəndaşımız şəhid olub. Ulu öndər Heydər Əliyev həmin tarixi Fərmanında ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələləri diqqətə çatdırılır. Qeyd olunur ki, Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi Azərbaycan Respublikası bu gün onun axıra qədər həyata keçirə bilmədiyi qərarların məntiqi davamı olaraq soyqırımı hadisələrinə siyasi qiymət vermək borcunu tarixin hökmü kimi qəbul edir.
Davud Qüdrətov
"Doktor Davud" Tibb Mərkəzinin baş həkimi