Azərbaycan Vətən müharibəsində şanlı qələbə qazanaraq öz gücünü bütün dünyaya göstərdi Prezident İlham Əliyev: Azərbaycan tarixdə heç vaxt belə parlaq Zəfər əldə etməmişdir, tarixdə heç vaxt indiki qədər güclü olmamışdır. Azərbaycan Prezidenti İlham Əliyev son 17 ildəki fəaliyyəti ilə Öz xalqına böyük məhəbbət bəslədiyini, xalqın bütün arzu və istəklərini gerçəkləşdirməyi həyatının əsas amalı saydığını əyani şəkildə təsdiqləyib. Dövlət başçımız gözəl bir ənənə də yaradıb: O, həyatının özəl günlərini, bir qayda olaraq, qayğıya ehtiyacı olan insanlarla, o cümlədən də son üç onillik ərzində qaçqınlıq və məcburi köçkünlük taleyi yaşayan soydaşlarımızla keçirməyə üstünlük verir. Vətən müharibəsində şanlı qələbəmiz asanlıqla əldə olunmayıb. İşğaldan təmizlənən ərazilərdə çəkilən foto və videomateriallardan görünür ki, torpaqlarımızı geri qaytarmaq fikrində olmayan məkrli düşmən onilliklər ərzində burada güclü istehkamlar qurmuşdu. Bu istehkamların yaradılmasına böyük maliyyə vəsaiti xərclənib. İşğalçılar elə düşünürdülər ki, Azərbaycan Ordusu bu istehkamları heç vaxt keçə bilməyəcək. Bundan başqa, ərazinin dağlıq relyefi də, necə deyərlər, əngəl yaradan amil idi. Ermənistanın hərbi birləşmələri işğala məruz qalan ərazilərdə yerləşən yüksəkliklərdə mövqe qurmuşdular. Bu yüksəkliklərdən isə ətrafdakı bütün ərazilər ovuc içi kimi görünürdü. Lakin Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə döyüşən Azərbaycan Ordusu möcüzə göstərdi və 44 gün ərzində düşməni tam təslim olmağa məcbur etdi. Dövlətimizin başçısı bunu qəhrəmanlıq kimi dəyərləndirərək “44 gün ərzində bu ərazini işğaldan azad etmək və düşməni məhv etmək, düşmən ordusunu məhv etmək, düşməni təslim olmağa məcbur etmək böyük qəhrəmanlıqdır”, - deyə vurğulayıb. Prezident, Ali Baş Komandan İlham Əliyev qürur hissi ilə bildirib ki, torpaqlarımızın işğaldan təmizlənməsi xüsusi plan əsasında həyata keçirilən uğurlu əməliyyatlar sayəsində mümkün olub. Zəngilan şəhəri oktyabrın 20-də azad olunandan sonra Ordumuz Qubadlıya istiqamət götürüb. Qubadlı rayonunun azad edilməsi əməliyyatı bir neçə gün çəkib. Yenə də işğalçılar tamamilə dağıtdıqları şəhərin girişində istehkamlar qurmuşdular və ətrafdakı yüksəkliklərdə möhkəmlənmişdilər. Düşmənin hərbi bazalarından biri Xanlıq qəsəbəsində yerləşirdi. Ordumuz həm Qubadlıda qurulan hərbi bazalardan, həm də Ermənistan ərazisindən artilleriya atəşinə məruz qalırdı. Bütün bu kimi amillərə görə Qubadlı əməliyyatı xüsusi peşəkarlıq və fədakarlıq tələb edirdi ki, bunu da Azərbaycan Ordusunun şəxsi heyəti bacardı. Silahlı Qüvvələrimiz tərəfindən, ilk növbədə, şəhərə hakim olan yüksəkliklər ələ keçirilib, bundan sonra ətrafda yerləşən kəndlər, o cümlədən Xanlıq qəsəbəsi, Padar, Sarıyataq, Mahmudlu kəndləri işğaldan təmizlənib. daha sonra isə Qubadlı şəhərinə girib düşməni geri otuzdurmaq mümkün olub. Ordumuzun şəxsi heyəti Vətən müharibəsində digər istiqamətlərdə, o cümlədən Qubadlının azad edilməsindən sonra Laçın rayonunun cənub hissəsində yerləşən Güləbird, Səfiyan, Türklər kəndlərinin azad edilməsi uğrunda gedən döyüşlərdə də belə fədakarlıqlar göstərib. Hər birimiz üçün son dərəcə əziz olan Şuşa şəhərinin işğaldan azad edilməsi əməliyyatını xatırlayaq. Burada da Silahlı Qüvvələrimizin şəxsi heyəti təsəvvüredilməz bir igidlik, peşəkarlıq nümayiş etdirdi. Ermənistan ordusunun yüksəksəviyyəli rəsmiləri etiraf edirlər ki, azərbaycanlı döyüşçülərin Şuşaya necə daxil olmalarının sirri hələ də onlara qaranlıq duman kimi görünür. Şuşanın strateji mövqeyindən istifadə edən işğalçılar burada güclü müdafiə sədləri qurmuşdular və çoxlu sayda canlı qüvvə toplamışdılar. Düşmən elə hesab edirdi ki, digər tərəfdəki sıldırım qayalar keçilməz təbii istehkamdır. Buna görə də onlar Silahlı Qüvvələrimizin hücumunu şəhərə giriş istiqamətindən gözləyirdi. Əsgər və zabitlərimiz isə məhz qayaları dırmaşmaqla, cığırları keçməklə şəhərə daxil oldular. Şuşanın hər küçəsində, dalanında əlbəyaxa döyüşlər getdi. İnternet resurslarında yaralı silahdaşını çiyninə alıb Şuşa uğrunda döyüşə gedən əsgərimizin fotosu yerləşdirilib. Bu, Vətənə, Şuşa şəhərinə bütün varlığı ilə bağlı olan, doğma torpaqları xain düşməndən təmizləməyi özünə övlad borcu sayan Azərbaycan əsgərinin və zabitinin ümumiləşmiş obrazıdır.
Fərid Hüseynov - Masallı rayon sakini