Bütün insanlar istəyir ki, xoşbəxt ailəyə və onu başa düşən, onun qayğısına qalan, onu sevən bir həyat yoldaşına malik olsun. Bəzi insanlar öz qız və oğlanlarını evləndirmək istəyən zaman ancaq qohumlar arasında seçim etməyi sevirlər və ondan qırağa çıxmağı sevmirlər. Qohum evliliklərdən törəyən bir çox xəstəlik olduğunu çoxumuz bilirik. Bu cür ailələrdə uşaqların normal doğulmaması və erkən boşanmalar nəzərə çarpır. Azyaşlı qızın dünyagörüşü formalaşmayıbsa, o necə ailədə ana və həyat yoldaşı funksiyasını yerinə yetirə bilər. Qısacası, erkən nikahlar və qqohumluq əlaqələri millət olaraq genimizə mənfi təsir edir. Təhsilsiz gəlin ailə münasibətlərini düzgün qavraya bilmir və uşaqların şikəst doğulması da başlıca problemlərdəndir. Ailədə davranış qaydasını bilməyən gəlin zorakılığa məruz qalır. Valideynləri qızlarının ana olmağa hazır olmadığını dərk etməli, qızlarına təhsil verdikdən sonra onun ailə qurma qayğısına qalmalıdırlar.
Bu cür ailələr adətən ailəyə aid var-dövlətin dağılmaması, ailə böyükləri arasındakı bağları qorumaq, qohumların evlilik və sosial-iqtisadi baxışlarının eyni olması səbəblərindən qurulur. Bəzən valideynlər belə evliliyin qurulması üçün övladlarına təzyiq göstərirlər. Mütəxəssislər bildirirlər ki, əgər yad insanların evliliyi zamanı onların uşaqlarının qüsurlu olması risqi 2-4 faizdirsə, qohum evliliklərdə bu göstərici 4-8 faizdir. Yəni, bu risq 2 dəfə artır. Ona görə də qohum evliliyə qərar verən cütlüklər evlilik öncəsi və hamiləliliyin ilk aylarında genetik araşdırmalar üçün mütəxəssislərə müraciət etməlidirlər. Həmin insanlara ilk öncə "soy ağacı" qurulur. "Soy ağacında" ailədə hər hansı bir anormallıq, əqli cəhətdən qüsur və ölü doğuşların olub-olmadığı dəqiqləşdirilir. Əgər belə xəstəliklər rast gəlinibsə, deməli, risk artır.
Qohumlar arası evlilik ata soyundan gəldiyi kimi ana soyundan da gələ bilir. Hər ikisi eyni dərəcədə önəmlidir. Əmi uşaqlarının evliliyi 1-ci dərəcəli qohum evliliyi sayılır. Nəvə evliliklər isə 2-ci dərəcəli evliliklərdir.
Görəsən bəzi qızlar niyə təhsilə yox, məhz ailə qurmağa tələsirlər? Bu gün Azərbaycanda nə qədər qız məktəbi bitirmədən, həyatı başa düşmədən ər məktəbinə daxil olur. Bu hal regionlarda daha çox baş versə də qarşısını alan yoxdur. Maraqlı burasıdır ki, 15-16 yaşlarında ailə quran və ya nişanlanan qızların adları məktəb jurnallarında qeyd olunur, lakin dərsə getməmək şərti ilə. Bunu hansısa savadsız valideyn edə bilər, amma həmin məktəbin müdirinin də buna normal münasibət göstərməsi nə dərəcədə düzgündür?!
Məlum məsələdir ki, valideynlər çox vaxt öz övladlarını pula,var-dövlətə satırlar. Lakin fikirləşmirlər ki, bunun sonu çox vaxt pis nəticələnir. Beləcə, qız erkən yaşında bədbəxt olur. Valideynlərin sonrakı peşmançılığı isə heç nəyə yaramır. Son illərin statistikası göstərir ki, ölən uşaqların valideynləri məhz erkən yaşlı analardır. Biz bu cür hallara yol verməklə gələcəyimizi öz əllərimizlə məhv edirik. Çünki bu uşaqlardan gözəl həkim, müəllimə, hər hansı sənət sahibləri çıxa bilər. İstənilən halda gözəl ailəyə nəsib olmaq olar, lakin hər hansı sənəd sahibi olmaq üçün mütləq məktəb, universitet bitirməlisən.
Nikah və onunla əlaqəli məsələləri Azərbaycan Respublikasının Ailə Məcəlləsi tənzimləyir. Nikahın bağlanması üçün nikaha daxil olan şəxslərin yazılı razılığı və onların nikah yaşına çatmaları zəruridir. 2011-ci ilə qədər ölkəmizdə nikah yaşı qadınlar üçün 17, kişilər üçün isə 18 olsa da, 2011-ci il noyabrın 15-dən etibarən Ailə Məcəlləsinə edilən dəyişikliyə əsasən nikah yaşı kişi və qadınlar üçün 18 yaş müəyyən olunub. Qanun bəzi hallarda nikah yaşının 1 yaş azaldılmasına yol verir. Belə ki bəzi üzrlü səbəblər olduqda nikaha daxil olmaq istəyən və nikah yaşına çatmayan şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər. Bu səbəblər daha çox nikaha girmək istəyən tərəflərin ailə vəziyyətləri ilə bağlı olur. Məsələn, onların valideynləri ağır xəstə olduqda, qız hamilə olduqda, hərbi xidmətə çağırışla əlaqədar və s. hallarda tərəflər 17 yaşında nikaha daxil ola bilərlər. Maraqlı burasıdır ki, həmin Ailə Məcəlləsi 18 yaşa çatmayan şəxsləri uşaq hesab edir. Yəqin biz hansısa toy şənliyində 16-17 yaşlı bəy və ya gəlinə hələ uşaq olduğunu xatırlatsaq nəinki onların, hətta valideynlərin də ciddi qınağına tuş gələrik. Qızların erkən yaşda ailə qurmasının əsas səbəbi daha çox maddi problemlərlə əlaqədardır. Ailələrin qız övladına duz yükü kimi baxması, “Tez evlənənlə tez yuxudan duran qazanar” - şüarını əldə bayraq edən insanlar yeniyetmə yaşda övladlarını ailə sahibi edir və bununlada öz valideynlik borclarını yerinə yetirmiş hesab edirlər. Erkən nikah quran ailələrdə bir sıra problemlər yaşanır, xüsusilə qızlarda ciddi sağlamlıq problemləri, ana rolunun cətinlikləri,mənəvi- emosional problemlər, dünyaya gələcək körpənin sağlamlığı ilə bağlı ciddi problemlər yaranır. Erkən nikaha daxil olan şəxs ailənin məsuliyyətini anlamadan nigah qurur. Təbii ki burda məsuliyyət valideynlərin üzərinə və eyni zamanda erkən nikahda tərəflərdən biri daha yetkin yaşda olarsa, onun da üzərinə düşür. Erkən nikaha daxil olanlar psixoloji problemlər yaşayır. Bir şəxsiyyət kimi formalaşmasında müəyyən baryerlər yaranır, ailə, məişət qayğıları, övlad məsuiyyəti onlara stress və gərginlik gətirir. Öz yaşıdlarından geri qalırlar. Fikrimcə, bu cür nikahların qarşısını almaq üçün gənclərin, cəmiyyətin maarifləndirilməsi əsas məqam çıxış etməlidir. Bu yöndə müxtəlif səpkili seminarların keçirilməsi çox gözəl effekt verər.
Erkən nikah – uşaqlığın əlindən alınması, reallaşmasına imkan verilməyən arzular, yarımcıq qalan təhsildir. Azyaşlı qızlarını zorla ərə verən valideynlər bir çox hallarda zəif, gücsüz çiyinlərə yüklədikləri böyük məsuliyyətin fərqində olmurlar.
Bu gün birmənalı olaraq hər kəs erkən nikahın əleyhinədir. Amma digər tərəfdən, ortada ildən-ilə erkən nikahların sayının artdığını göstərən statistika var. Azərbaycanda nikaha daxilolma yaşı 18-dir. Bu, Ailə Məcəlləsinin 10-cu maddəsi ilə də təsbit edilib. Qanunda göstərilib ki, azyaşlını nikaha daxil olmağa məcbur edənlər birbaşa cinayət məsuliyyətinə cəlb olunurlar. Həmin şəxslər 3 mindən 4 min manatadək cərimələnə və ya 4 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilərlər. Aparılan araşdırmalar göstərir ki, qanunvericiliyin tələbləri daha çox ölkənin Mərkəzi Aran, Cənub bölgələrində, hətta Bakının kəndlərində pozulur. Ekspertlər bildirir ki, sözügedən rayonlarda erkən nikah probleminin əsas səbəbi məhz, valideynlərin qız uşaqlarını oxutmaq istəməmələri ilə bağlıdır.
Erkən nikahın, eləcə də qohum izdivacının gənclərin sağlamlığına təhlükəsi danılmazdır. Məsələ burasındadır ki, yetkinlik yaşına çatmayan qızlar, həm də rəsmi nikahdan kənarda qalırlar, yalnız dini kəbinlə ailə qururlar. Ekspertər bu baxımdan din xadimlərinin də problemə həssas yanaşmalı olduğunu deyirlər.
Qeyd edək ki, hər il dünyada təxminən 15 milyona yaxın qız 18 yaşa çatmadan ailə həyatı qurmağa məcbur edilir. Dünya üzrə aktual olan bu problemin həlli istiqamətində ölkəmizdə xeyli iş görülüb. Nazirlər Kabinetinin təsdiqlədiyi yeni qərar isə gənclər arasında erkən nikah və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirməni özündə əks etdirir. Yeni qaydaların, dövlət qurumlarının birlikdə daha məqsədyönlü şəkildə maarifləndirmə işlərinin aparmasına dəstək olacağı düşünülür. Bu gün Ədliyyə Nazirliyi tərəfindən yerlərdə nikahın dövlət qeydiyyatının əhəmiyyəti barədə əhali arasında maarifləndirmə işi aparılır. Qeyri-rəsmi nikahda olan şəxslərə onların hüquq və vəzifələri izah edilir. Nazirlər Kabinetinin qəbul etdiyi yeni qaydaların maarifləndirməni gücləndirəcəyi, problemin aradan qalxmasına kömək edəcəyi gözlənilir.
Erkən nikahın hazırda cəmiyyətimizin probleminə çevrildiyini danmaq olmaz. Yaxın tarix sübut edir ki, ölkədə ciddi şəkildə qanunun aliliyini və işləkliyini təmin etməklə, maarifçilik və vətəndaş məsuliyyətini artırmaqla bu problemə “əlvida” demək mümkündür.
Lətafət Hacıyeva
Sabunçu rayon qeydiyyat şöbəsinin rəisi