İyulun 1-də Azərbaycan Prezidenti İlham Əliyev Ələt Azad İqtisadi Zonasının təməlqoyma mərasimində iştirak edib. Mərasimdən sonra Dövlət Televiziyasına müsahibə verən Prezident İ.Əliyev bildirib ki, AİZ-in yaradılması qeyri-neft sektoruna sərmayə cəlb etmək istiqamətində atılan addımdır. Burada yaradılacaq infrastruktur investorlar üçün cəlbedici olacaq, ölkəmizə yeni texnologiyalar gələcək, yeni iş yerləri yaradılacaq və burada işləyəcək Azərbaycan vətəndaşlarının əməkhaqqı yüksək olacaq, rəqabətqabiliyyətli məhsul istehsal ediləcək və bizim qeyri-neft sektorumuzun ixrac imkanları genişlənəcək.
Prezident qeyd edib ki, Ələt AİZ bir ildən sonra - gələn ilin iyul ayından etibarən investorları qəbul etməyə hazır olacaq və xarici şirkətlərin Azərbaycanda yalnız podratçı kimi deyil, həm də sərmayəçi kimi fəaliyyət göstərməsini istədiklərini deyib.
Xatırladaq ki, AİZ-in yaradılması barədə sərəncamı Prezident İlham Əliyev 2016-cı ilin martında imzalayıb. Həmin ilin sentyabrda isə AİZ-in yaradılması üzrə məsləhətçilik işi dünyanın 3-cü böyük belə limanı olan Cəbəl-Əlinin yaradıcısı “DP World” şirkətinə həvalə olunub. Şirkətin mütəxəssislərinin iştirakı ilə “Ələt AİZ haqqında” qanun layihəsi hazırlanıb, 2018-ci ildə Milli Məclisdə qəbul edilib. Eyni zamanda “DP World” şirkəti Ələt AİZ-nin inkişaf planını hazırlayıb hökumətə təqdim edib.
Nəzərə almaq lazımdır ki, Ələt qəsəbəsi Azərbaycanın ərazisindən Şimal-Cənub və Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizlərinin avtomobil və dəmir yolu xətlərinin kəsişməsində yerləşir və Şimal-Cənub nəqliyyat dəhlizi ilə pilot qaydada yük qatarlarının daşınmasına başlanılıb. Bu dəhlizin əsas həlqələrindən biri olan İrana qarşı sanksiyaların aradan qaldırılması ehtimalının getdikcə artması Şimal-Cənub dəhlizi ilə yükdaşımaların yaxın gələcəkdə sürətlə artacağını göstərir. Eyni zamanda Şərq-Qərb nəqliyyat dəhlizi ilə hərəkət getdikcə intensivləşir. Bakı-Tiflis-Qars dəmiryol xəttinin işə düşməsi, həmçinin Azərbaycanın torpaqlarının azad olunmasından sonra Zəngəzur dəhlizinin yaradılması üçün işlərə başlanması Şərq-Qərb yolu ilə daşımaların artmasına ciddi təkan verməkdədir. Hindistanı Orta Şərq, Qafqaz, Mərkəzi Asiya, Rusiya və Avropa ölkələri ilə birləşdirən Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi layihəsinə Azərbaycan 2005-ci ildən qoşulub. Layihə çərçivəsində Bakı-Rusiya sərhədi, Bakı-Astara, Astaradan İrana qədər olan dəmiryol infrastrukturu yenilənib. Azərbaycan İran ərazisində layihə çərçivəsində dəmiryol xətti və yük terminallarının inşasını maliyyələşdirib. Bu dəhliz Avropa ölkələrinin, Rusiyanın, Orta Asiya və Qafqaz regionlarının Fars körfəzi və Hindistana çıxışına, Xəzəryanı ölkələrin Qara dəniz limanları ilə ticarət əlaqələrinin intensivləşdirilməsinə şərait yaradacaq. Dəhliz Avropa-Cənubi Asiya - Yaxın Şərq arasında dəmir yolu daşımalarını, müvafiq olaraq dəmir yolunun istər yerli, istərsə də tranzit daşımalarından əldə etdiyi gəlirləri artırmağa imkan verəcək.
Şərq-Qərb dəhlizi ilə artan yükdaşımalara hazır olmaq üçün Azərbaycan Ələt Beynəlxalq Dəniz Limanını inşa edib. Limanın yükaşırma qabiliyyəti hazırda 15 milyon tondur və bunun həcmi 25 milyon tona qədər rahatlıqla artırıla bilər. Azərbaycan Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizləri ilə tranzit yüklərin, sadəcə, daşınmasını deyil, onlara əlavə dəyər qatılaraq daşınmasını təşkil etmək niyyətindədir. Ələtdə AİZ də bu məqsədlə yaradılır.
Əsəd Əsədli - Masallı Dövlət Regional Kollecin MMQ rəisi