Azərbaycan xalqı tarixinin ən möhtəşəm və yaddaqalan günlərini yaşayır. Xalqımız bu anı uzun illərdir ki, gözləyirdi. Bu günü görmək xoşbəxtliyi, nəhayət, bizə qismət oldu. İşğal altında olan torpaqlarımızı 44 gün ərzində azad edən ordumuz Azərbaycan tarixinin ən unudulmaz səhifəsini yazdı. Dövlət başçımızın qətiyyəti, ordumuzun gücü, xalqımızın misilsiz dəstəyi sayəsində əldə olunan bu möhtəşəm qələbə, əlbəttə ki, tariximizin şanlı zəfəri kimi gələcək nəsillərin xatirəsində əbədi yaşayacaq.
Tam əminliklə deyə bilərik ki, cəbhədəki uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi. Belə ki, Azərbaycan döyüşlərdə hərb tarixinə yenilik kimi düşən strategiyanın tətbiqi ilə ən müasir silahlardan istifadəyə xüsusi önəm verdi. Ordumuzun NATO ilə uğurlu əməkdaşlığı da Silahlı Qüvvələrimizin modernləşməsinə və NATO standartlarına uyğunlaşdırılmasına mühüm təsir göstərib. Ekspertlər bildirirlər ki, Azərbaycan Ordusunun yüksək peşəkarlıqla apardığı işğaldan azadetmə əməliyyatı dünya üzrə müharibələrin aparılması doktrinasında ciddi dəyişikliklərə səbəb olacaq. Son dərəcə yüksək dəqiqliklə hədəfi vuran və qarşısıalınmaz zərbə gücünə malik silahlarla, düşmənin ağır texnikasını və canlı qüvvəsini darmadağın edən pilotsuz uçuş aparatları ilə ordumuzun tamamilə modernləşdirilməsi Azərbaycanda ordu quruculuğu istiqamətində görülən ciddi tədbirlərin kiçik bir hissəsidir. Məhz elə buna görə də Azərbaycan Silahlı Qüvvələrinin hazırda dünyanın ən güclü 50 ordusundan biri olması da bunun bariz ifadəsidir. Yeri gəlmişkən, son bir neçə ilin statistikasına əsasən, ölkəmiz müasir silahlanmaya görə, Avropada 2-ci, dünyada 3-cü yerdə qərar tutub.
“Ali Baş Komandanın bircə əmrinə müntəzirik” deyən Azərbaycan əsgər və zabitləri öz sözlərinin sahibi olduqlarını döyüşdə sübuta yetirdilər. Ona görə də döyüş əməliyyatlarında erməni əsgəri mövqelərini qoyub qaçır, Azərbaycan əsgəri isə öz torpağı uğrunda baş qoyur, canından keçirdi. Öz tarixi və müqəddəs missiyasını şərəflə yerinə yetirən Silahlı Qüvvələrimiz cəbhənin bütün istiqamətlərində işğalçıya sarsıdıcı zərbələr endirdi. Azərbaycan Ordusu yalnız bir şəhər uğrunda yox, işğal altında qalan torpaqların hər bir qarışı uğrunda döyüşdü. Azərbaycan Silahlı Qüvvələri bu döyüşlərdə dünyanın ən güclü orduları sırasında olduğunu təsdiq etdi. Ordu bölmələrimiz harada olursa-olsun, döyüşləri planlı şəkildə apardı, xaotikliyə yol vermədi. Döyüş əməliyyatları haqqında Ali Baş Komandan müntəzəm məlumatlandırıldı.
Müzəffər Azərbaycan Ordusunun ərazi bütövlüyünü bərpa etmək üçün həyata keçirdiyi əks-hücum əməliyyatı və əldə etdiyi zəfərlər dünya miqyasında böyük əks-səda doğurub. Ekspertlər bu hadisəni müxtəlif aspektlərdən analiz etməyə çalışırlar. Onlar birmənalı olaraq Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələrindən qat-qat güclü olduğunu qəbul edirlər. Azərbaycan Ordusunun yüksək peşəkarlığı, döyüş əzmi haqqında qardaş Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu dövlətimizin başçısını qələbə münasibətilə təbrik edərkən, deyib: “Sizin qələbəniz, bizim qələbəmizdir, – bu böyük zəfər münasibətilə təbrik edirik. Ali Baş Komandan olaraq, Sizin rəhbərliyinizlə qəhrəman Azərbaycan Ordusu nə edə bildiyini dosta, düşmənə nümayiş etdirdi, eyni zamanda, türkün gücünü də göstərdi. Bu prosesdə Sizin rəhbərliyinizlə qardaş Azərbaycan həm döyüş meydanında, həm də masada mövcudluğunu da göstərdi. Döyüş meydanında qələbələrinizə baxmayaraq, sülh yolu ilə, atəşkəs yolu ilə də bu münaqişənin həlli üçün böyük bir liderlik göstərdiniz”.
Abbas Abbaszadə - Masallı rayon Həsənli kənd sakini