Müasir dünyada hər bir ölkənin gələcəyi həmin ölkədə təhsilin səviyyəsi ilə ölçülür
Təhsilin inkişafı hər bir ölkədə inkişaf konsepsiyasının mühüm tərkib hissəsidir. Azərbaycan da bu ölkələr sırasındadır. Ölkəmizdə son illərdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər deməyə əsas verir ki, Azərbaycan öz gələcəyini daha etibarlı və inamlı görmək əzmindədir. Bundan başqa, zəngin təbii sərvətləri ilə dünyanın diqqətində olan Azərbaycan bu sərvətlərdən səmərəli istifadə ilə insan kapitalının daha da inkişaf etdirilməsini başlıca istiqamət seçmişdir.
Prezident İlham Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğı onu təsdiqləyir ki, bu mühüm amil son dövrlərdə dövlət siyasətinin mühüm prinsipləri sırasına daxil edilmişdir. Bu proses təkcə paytaxt ilə məhdudlaşmır, bölgələri də əhatə edir. Təsadüfi deyil ki, son bir neçə ildə – XXI əsr Azərbaycanında əsl təhsil bumu yaşanmışdır. Ölkəmizdə heç bir dövrdə olmayan qədər məktəblər tikilmiş, bir çox məktəblər üçün yeni korpuslar inşa olunmuşdur. Bu proses ən ucqar bölgələrimizi də əhatə etmişdir. Məktəblərin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində də mühüm işlər görülmüşdür. Bütün orta təhsil ocaqlarında internetə qoşulmuş kompyuter sinifləri yaradılmışdır.
Heydər Əliyev Fondunun dövlət səviyyəsində həyata keçirilən bu fəaliyyət proqramına verdiyi dəstək isə öz əhəmiyyəti ilə seçilmişdir. Fond ölkədə məktəb tikintisində yaxından iştirak etməklə yanaşı, onların əyani vəsaitlər, şagirdlərin isə məktəb ləvazimatları ilə təmin olunmasında mühüm rol oynamışdır. Bu proses indi də davam edir.
Bu gün Azərbaycanda təhsilə qayğı ən yüksək səviyyədədir. Bu sahədə həyata keçirilən hər islahat, baş verən hər bir hadisə ilk növbədə Azərbaycanın xoşbəxt gələcəyinə hesablanmışdır. Azərbaycanda təhsilə diqqət və qayğı hələ ötən əsrin 60-cı illərindən başlamışdır. Ulu öndər Heydər Əliyev 1969-cu ilin yayından başlayaraq Azərbaycanda təhsil müəssisələrinin yeniləşdirilməsinə, onların maddi-texniki bazasının möhkəmləndirilməsinə, təhsilin keyfiyyətinə şəxsən özü nəzarət etmişdir. İstedadlı və xüsusi qabiliyyətli gənclərin üzə çıxarılması, o zaman üçün müasir və yeni sayılan texnologiyaların tətbiqi ölkə rəhbərinin daim diqqət mərkəzində olmuşdur.
Azərbaycan xalqı xoşbəxtdir ki, bu gün Prezident İlham Əliyev ümummilli liderin həyata keçirdiyi həmin siyasəti uğurla davam etdirir. Bu gün Azərbaycan məktəblərinin 90 faizdən çoxu kompyuter və digər İKT avadanlığı ilə təchiz edilmişdir. Ölkədə 15 mindən çox İKT üzrə treninq-kursdan keçmiş müəllim vardır. Artıq respublikada 29 şagirdə bir kompyuter nisbəti həll edilmişdir.
Müəllimlərin fəaliyyətinin stimullaşdırılması istiqamətində də Heydər Əliyev ənənələri uğurla davam etdirilir. Həm onların peşə bayramları günündə, həm də yeni dərs ilinin başlanması münasibətilə müəllimlər dövlətin yüksək qayğısını görürlər. Bu sırada orta, orta ixtisas və ali məktəblərin yubileylərinin qeyd edilməsi kimi stimulverici məqamlar da vardır.
Təhsil ictimaiyyətinin fikrincə, son zamanlar cənab İlham Əliyevin ölkə təhsilinin inkişafı üçün atdığı çoxsaylı addımlardan üçünü xüsusi qeyd etmək zərurəti yaranır. Birinci addım ondan ibarətdir ki, Prezidentin sərəncamı ilə ölkədə “Ən yaxşı müəllim” və “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsi keçirilir və qaliblər yüksək səviyyədə mükafatlandırılırlar. İkinci addım paytaxt məktəblərinin fəaliyyətinin səmərəliləşdirilməsi, Bakı təhsil sisteminin daha mükəmməl şəkildə idarə edilməsi məqsədilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin yaradılmasıdır. Bu addımın öz müsbət nəticələrini verməsi barədə çoxsaylı təqdiredici fikirlər səsləndirilməkdədir.
Prezident İlham Əliyev ölkəyə rəhbərlik etdiyi 15 ilə yaxın müddətdə qəbul etdiyi fundamental qərarlarla, imzaladığı sərəncamlarla daim xalqın mənafeyindən çıxış etdiyini, habelə verdiyi vədlərin əməli fəaliyyətə, praqmatizmə söykəndiyini, reallığa adekvat olduğunu göstərmiş, onun ictimai rəydə alternativsiz rəhbər kimi qəbul edilməsini şərtləndirmişdir.
"Əsl siyasət konkret real iş görməkdir" devizinə sadiq qalan cənab İlham Əliyevin xalqa layiqli rəhbərlik missiyasının əsasında hər bir vətəndaşın maraq və mənafeyini maksimum dərəcədə təmin edən mükəmməl idarəetmə sisteminin yaradılması istəyi dayanır. Həmin məqsədin reallaşdırılmasını, ümumən ölkənin üzləşdiyi bütün problemlərin həllini haqlı olaraq sosial-iqtisadi problemlərin aradan qaldırılmasında, yüksək tərəqqidə görən dövlət başçısı 2003-cü ildən bu sahədə inamlı addımlar atır.
Ölkə həyatının bütün sahələrində əldə olunan uğurlar beynəlxalq təşkilatların hesabatlarında, nüfuzlu sosioloji mərkəzlər tərəfindən vaxtaşırı keçirilən rəy sorğularında dəyərləndirilir, eləcə də dünya mətbuatında işıqlandırılır və respublikamızın davamlı inkişaf yolunda olduğu xüsusi vurğulanır. Prezident İlham Əliyevin ölkəmizin dinamik inkişafı üçün həyata keçirdiyi tədbirlərlə bağlı vaxtaşırı olaraq nüfuzlu jurnallarda geniş məqalələr dərc olunur.
Cənab İlham Əliyev çıxışlarında hər zaman bildirib ki, hər hansı ölkənin inkişafı heç də təbii sərvətlərin zənginliyi ilə deyil, demokratikləşmə proseslərindən, qanunun aliliyinin qorunmasından, vətəndaş cəmiyyəti təsisatlarının inkişafından asılıdır.
İqtisadi, siyasi və hüquqi islahatların paralelliyi prinsipi son 10 ildə Azərbaycanın demokratikləşməsi və ümumən cəmiyyətin liberal dəyərlərə adaptasiyası prosesinin fundamental əsasını təşkil edir. Dövlət başçısı İlham Əliyev çıxışlarında dəfələrlə vurğulamışdır ki, demokratik proseslərin davamlı şəkildə aparılmadığı hansısa dövlətin iqtisadi sahədə yüksək nəticələr əldə etməsi, beynəlxalq arenada layiqli yerini tutması, dünya təsərrüfat sisteminə inteqrasiyası mümkün deyildir. Eyni zamanda, iqtisadi cəhətdən inkişaf etməmiş hansısa dövlətdə demokratikləşməyə və vətəndaş cəmiyyəti quruculuğuna yönələn cəhdlər uğursuzluqla nəticələnir. Dövlət başçısının dünya siyasi arxitekturasının tələblərinə maksimum dərəcədə cavab verən bu mütərəqqi inkişaf konsepsiyası kifayət qədər təkmil səciyyə daşımaqla inkişaf etmiş dünya dövlətlərinin təcrübəsindən qaynaqlanır. "Əsl açıq demokratik cəmiyyəti ancaq maddi rifah əsasında qurmaq mümkündür. İqtisadi cəhətdən geridə qalmış dövlətlərdə demokratik proseslər də geridə qalır. O ölkələr ki, onlar iqtisadi cəhətdən güclüdürlər, o ölkələrdə demokratiyanın inkişafı da çox yüksək zirvədədir. Ona görə iqtisadi islahatların davam etdirilməsi, xalqın maddi rifahının yaxşılaşdırılması, demokratik cəmiyyətin qurulması və formalaşması üçün başlıca şərtdir. Ancaq bununla bərabər, əgər sadəcə olaraq, iqtisadi məsələlərə diqqətimizi yönəltsək və siyasi, hüquqi islahatlarda hansısa bir yubanma olarsa, bu da Azərbaycan qarşısında duran vəzifələrin həlli üçün bizə imkan yaratmayacaqdır. Siyasi islahatlar mütləq aparılmalı və Azərbaycan müasir ölkəyə çevrilməlidir" - deyən Azərbaycan Prezidenti bu fikirdədir ki, demokratik-hüquqi inkişaf prosesi insanların sosial-siyasi, mədəni və iqtisadi rifahına adekvat olmalı, cəmiyyətin siyasi şüur səviyyəsinin yüksəlməsi ilə paralel şəkildə həyata keçirilməlidir.
İham Əliyv bu ilin aprelin 11-də keçirilən növbədənkənar prerzident seçkilərində ən yüksək səs çoxluğu ilə qalib gəlməsi ilə bir daha sübut etdi ki, xalq onu hər zaman sevir, dəyərləndirir, güvənir. Cənab prezidentimizi səmimi qəlbdn təbrik edir, ona möhkəm can sağlığı, uzun ömür arzulayıram.
Aynurə Məmmədova
Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecin Təhsili və Humanitar şöbəsində şöbə müdiri