Bu gün Cümhuriyyətin banisi, böyük şəxsiyyətin günüdür. Doğum günü, çoxunun xüsusi hörmət və sevgi ilə andığı tarixi şəxsiyyətin. Ömrünü Azərbaycanın istiqlalı uğrunda mübarizəyə həsr etmiş böyük öndər Məhəmməd Əmin Rəsulzadə 31 yanvar 1884- cü ildə Bakının Novxanı kəndində anadan olub.
Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) banilərindən və Azərbaycan siyasi mühacirətinin liderlərindən biri olaraq ömrünü ictimai-siyasi və dövlət xadimi, ideoloq, publisist kimi fəaliyyətə həsr edib. 1902-ci ildə, 17 yaşında olarkən M.Ə.Rəsulzadə "Müsəlman gənclik təşkilatı"nı yaradıb. Bu, XX əsrdə Azərbaycanda rus müstəmləkə üsul-idarəsinə qarşı gizli mübarizə aparan ilk siyasi təşkilat idi.
Azərbaycan milli istiqlal hərəkatına başçılıq edən
M.Ə.Rəsulzadə şərəfli və keçməkeşli yol keçərkən çox çətinliklərlə üzləşib çox haqsızlıqlarla rastlaşıb. Ancaq Azərbaycan tarixinin ən görkəmli və böyük şəxsiyyətlərindən olmağı, Azərbaycan milli istiqlal hərəkatına başçılıq etməyi bacarıb. XX əsrdə Azərbaycanda müstəqillik hərəkatının şüarına çevrilmiş məşhur "Bir kərə yüksələn bayraq, bir daha enməz!" sözləri böyük Məhəmməd Əminə aiddir. Və illərdir bu məşhur ifadə dillər əzbəridir. Onun haqqını dananlara və xidmətini görməzdən gələnlərə ar olsun.
Azərbaycan milli istiqlal hərəkatının və təkcə türk ellərində deyil, bütün islam aləmində ilk respublika üsul-idarəsi olan Azərbaycan Demokratik Respublikasının təməl daşını qoyan Məhəmməd Əmin Rəsulzadə bu dövlətə, bu xalqa ən böyük xoşbəxtliyi- Azadlığı bəxş edib.
Şərqdə ilk demokratik respublika məhz onun və komandasının sayəsində Azərbaycan olub.
Bu misilsiz xidmətlərin müqabilində onun özü, ailəsi, ailə üzvləri, qohumları olmazın zülmün və məşəqqətin yaşayıb. Sürgün və səfalət içində keçən həyat yaşayıblar, güllələniblər.
Bu gün onun nəslindən tək yadigar nəvəsi Rəis Rəsulzadə qalıb ki, o da sonbeşik oğlu Azər bəyin övladıdır. 1946-cı ildə sürgündə -Qazaxıstanın Taldı-Kurqan bölgəsində anadan olub, orta təhsilini də orada – Karakanda alıb. Azərbaycan Respublikasının Əməkdar rəssamıdır. Hazırda Azərbaycan Dövlət Pedaqoji Universitetində dosent olaraq çalışır.
1955-ci il martın 6-da Türkiyənin paytaxtı Ankarada dünyasını dəyişən Rəsulzadə xalqına, Vətəninə, elinə bağlı tarixi şəxsiyyət olub.
Doğumundan 138 il ötən dahi şəxsiyyət, səni hər zaman anmaq, xidmətlərini etiraf etmək vətəndaş borcumuzdur!
Rəsafil Bayramov
ATATV. AZ XƏBƏR PORTALININ RƏHBƏRİ