Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevə
Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi 113/115 ünvanında yaşayan, jurnalist, “Mərhəmət.Tv” internet saytının direktoru, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Həmidova Gülnara Nəcməddin qızı tərəfindən
AÇIQ MƏKTUB
Hörmətli cənab Prezident İlham Əliyev!..
Tikinti şirkətləri evlərin söküntüsü və yeni mənzillərin təhvilində dolandırıcılıq əməllərini hələ də davam etdirirlər... Belə bir dolandırıcılıq əməlini mənim də başıma açmışlar. “Xəzər İnşaat XXI əsr MTK” 77 kv/m sahəsi ilə mənə evi satmışlar. Lakin evin çıxarışını alanda 71 kv.m sahəsi göstərilmişdir. Bununla əlaqədar olaraq, “Xəzər İnşaat XXI əsr MTK”- ya qarşı 14 iyul 2022-ci il tarixdə mənə yuxarıda göstərdiyim ünvanda mənzilin sahəsinin az verilməsi barədə iddia ərizəsi ilə Suraxanı Rayon Məhkəməsinə müraciət etmişəm. Suraxanı Rayon Məhkəməsi 12 aprel 2022-ci il tarixli qətnamə ilə iddiamı təmin etmişdir. Hakim Anar Qasımovun ədalətli qərarına görə ona minnətdarlığımı bildirirəm. Arzu edirəm ki, ədalətin keşiyində duran Anar Qasımov kimi hakimlərimizin sayı çox olsun. Amma təəssüf ki, qarşı tərəfin Apellyasiya şikayətinə əsasən, Bakı Apellyasiya Məhkəməsinin hakimi Emin Mehdiyev işi yenidən icraata götürüb, 14 iyul 2022-ci il tarixdə qərar qəbul etmiş və qanun şübhə altına alaraq şəxsi mənafeyini üstün tutaraq qarşı tərəfin apellyasiya şikayətini təmin etmişdir...
Əlbəttə, ədalət hakiminin mənzil hüququ pozulmuş vətəndaşa qarşı dolandırıcı tikinti şirkətini və ya MTK-nı müdafiə etməsinin hüquqi himayəçilikdən savayı bir adı yoxdur. Bu günə kimi mən evin aylıq kommunal xidmətinin ödənişini 77 kv.m-lə ödəyirəm, hansı ki, 71 kv.m-lik mənzildə otururam. Mənim kimi minlərlə vətəndaşlar bu cür neqativ hallarla üzləşir və öz haqlarını tələb edəndə böyük təzyiqlərə, ədalətsizliyə məruz qalırıq.
Yazıb, Sizdən xahiş edirəm, mənim bir vətəndaş kimi pozulan hüquqlarımın bərpa olunmasına köməklik edəsiniz. Emin Mehdiyev kimi ədalətsiz hakimlərə qarşı isə Sizin ədalətli mövqeyiniz dəyişməzdir. “Xəzər İnşaat XXI əsr MTK”-nın və onun kimi dələduzluq yolu vətəndaşları aldadan tikinti şirkətləri cəzasız qalmayacaq. Mən inanıram ki, ədalət sayənizdə yenə də zəfər çalacaq.
Göydə Allaha, yerdə isə ümidimiz Sizədir cənab Prezidentimiz.
PS: Ərizə Prezident İlham Əliyevə və Respublikamızın bütün KİV-ə ünvanlanmışdır.