Nəsimi rayonunda müharibə veteranlarına yer tapılmır. Bu barədə dəfələrlə yazmışıq.
Bu günədək onlarla gənc qazimizi üzvlüyə qəbul edən rayon şöbəsi belə mərasimlərini, gah Qənimətlər parkında, gah da Şəhidlər Xiyabanında keçirməyə məcbur olub. Edilən müraciətlərə müsbət cavab verə bilməyən rayon rəhbərliyi və aidiyyatlı qurumların münasibətini görən müharibə veteranları öz imkanları hesabına qərargah icarələmək qərarına gəliblər. İcarədarlar da sağ olsun, sərfəli şərtlərlə icarə verməyə razı olublar. Əslində ictimai əsaslarla fəaliyyət göstərən rayon şöbəsi yüzlərlə tədbiri öz imkanları hesabına reallaşdıra bilib. 44 günlük Vətən müharibəsi günlərində də AVMVİB Nəsimi rayon şöbəsinin sədri «Azərbaycan Bayrağı» ordenli, polkovnik Elmar Hüseynovun rəhbərliyi ilə ən fəal şöbələrimizdən biri olub.
«Veteranlar haqqında» Respublika Qanunun 10-cu maddəsində aydın şəkildə yazılıb: «Dövlət orqanları öz səlahiyyətləri daxilində qanunvericiliklə müəyyən edilmiş qaydada veteran təşkilatlarına maliyyə yardımı göstərə bilər, onlara müvafiq büdcələrdən vəsait ayıra bilər, nizamnamə vəzifələrini həyata keçirmək üçün binaları, avadanlığı vəbaşqa əmlakı güzəştli şərtlərlə onların istifadəsinə və ya mülkiyyətinə verə bilərlər». Qanunun bu maddəsinə əlavə şərh verməyə ehtiyac varmı? Deyə bilərik ki, Qanunun bu maddəsini oxuyub anlaya bilməyənlərin nəsə ciddi bir problemi var və bunu araşdırmaq aidiyyatlı qurumların işidir.
Bu gün ordudan tərxis olunmuş gənc müharibə veteranlarının cəmiyyətə adaptasiya olunması sahəsində AVMVİB Nəsimi rayon şöbəsinin misilsiz xidmətləri var. İcarəyə götürülən yerin isə ciddi təmirə ehtiyacı var. İnanmasaq da, üzümüzü imkanlı şəxslərə tutub təmir işlərində yardımçı olmalarını xahiş edirik.
Bu barədə foto materialları və məlumatları Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Nəsimi rayon şöbəsinin sədri Elmar Hüseynov təqdim edib.
Bizimsə, «İşiniz avand olsun!»-deməyə gücümüz yetər.
Fədai.az