Heydər Əliyev Fondu 2004-cü ildə Azərbaycan Respublikasının memarı və qurucusu “Ulu Öndər”in siyasətini davam etdirmək, onun zəngin irsinin və milli dövlətçilik ideyalarının qorunub saxlanması və gələcək nəsillərə ötürülməsi niyyətilə yaradılmışdır.
Fondun təntənəli açılış mərasimində çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev demişdir: “Fond Heydər Əliyevin siyasi irsini öyrənəcək, onu təhlil, tədqiq və təbliğ edəcəkdir. Fondun qarşısında böyük vəzifələr durur. Fond beynəlxalq ictimai təşkilatdır. Ümid edirəm ki, Azərbaycanın ictimai həyatında Fondun rolu böyük olacaqdır”.
Həqiqətəndə Heydər Əliyev Fondu öz prinsiplərinə sadiq qalaraq, qısa zaman kəsiyində, Respublikanın ictimai-siyasi həyatında təhsil, səhiyyə, mədəniyyət, idman, elm, ekologiya və s. sahələrə əvəz olunmaz və təkrarsız töhfələr verməkdədir.
Fond beynəlxalq təşkilatlar və dünyanın bir sıra aparıcı səhiyyə şirkətləri ilə əməkdaşlıq çərçivəsində “Diabetli uşaqlara ən yüksək qayğı”, “Talassemiyasız həyat naminə” və digər layihələr həyata keçirmiş, tibb müəssisələrinin əsaslı təmiri, yenidən qurulması və inşasına nail olmuşdur. Fondun yarandığı gündən ölkədə bir sıra xəstəxana, poliklinika, diaqnostika mərkəzi və digər tibb ocaqları tikilmiş, təmir olunmuş və yenidən qurulmuşdu
Fond təhsil sahəsinin inkişafını nəzərdə tutan “Uşaq evləri və internat məktəblərinin inkişafı”, “Yeniləşən Azərbaycana yeni məktəb”, “Təhsilə dəstək” kimi qlobal layihələr həyata keçirmişdir.
“Təhsilə dəstək” layihəsini həyata keçirən Heydər Əliyev Fondu Həştərxanda Heydər Əliyevin adını daşıyan məktəb tikmiş, həmçinin Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda kor və zəif görən uşaqlar və gənclər üçün mərkəzi yenidən qurmuşdur. Bakıda yəhudi uşaqlar üçün 450 yerlik “Xabad-Or-Avner” təhsil mərkəzi və fransız liseyi yaratmışdır.
Pakistanda böyük dağıntılara səbəb olmuş zəlzələdən sonra Müzəffərabad şəhərində qızlar üçün məktəb tam yararsız vəziyyətə düşdüyü üçün Fond tərəfindən qısa müddətdə 650 nəfər şagird üçün nəzərdə tutulmuş müasir təhsil ocağı inşa edilmişdir.
Fond “Tolerantlığın ünvanı - Azərbaycan” layihəsini həyata keçirmiş və layihə çərçivəsində dini abidə və inanclı insanların tez-tez baş çəkdiyi ziyarətgahlarda təmir-bərpa işləri aparmışdır.
Fond xarici ölkələrdə Azərbaycan mədəniyyəti günləri çərçivəsində sərgilər, tanınmış elm və mədəniyyət xadimlərinə həsr olunmuş tədbirlər həyata keçirmişdir. Bunlara misal olaraq, “Azərbaycan xalçaları ilə nağıllar aləminə” adlı sərgini, dövlət müstəqilliyimizin bərpa edilməsinin 20-ci ildönümünə həsr olunmuş mərasimləri, dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870 illik yubileyi ilə bağlı bir sıra Avropa ölkələrində keçirilən tədbirləri göstərmək olar
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasına xüsusi önəm verən fond hər il dünyanın bir sıra böyük şəhərlərində Xocalı soyqırımının ildönümü ilə bağlı aksiyalar keçirir. Aksiyalarda “Xocalı soyqırımı” filmi, ermənilərin Xocalıda törətdikləri vəhşilikləri əks etdirən fotoşəkillər, xarici ölkələrin nüfuzlu nəşrlərində Xocalı faciəsi haqqında dərc edilmiş materiallar, “Qarabağ həqiqətləri” toplusu və “Azərbaycana qarşı müharibə: mədəni irsin hədəfə alınması” kitabı təqdim olunmuşdur. Bu topluların elektron variantları Avropa dövlətlərində keçirilən soyqırımı qurbanlarının xatirəsini anma mərasimlərində xarici ölkələrin diplomatik korpuslarına, beynəlxalq təşkilatlara, kütləvi informasiya vasitələrinə, tanınmış siyasi-ictimai xadimlərə paylanmışdır.
Fondun təşəbbüsü ilə Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda Srebrenitsa və Dağlıq Qarabağın Xocalı şəhərində törədilmiş soyqırımı qurbanlarının xatirəsinə abidə ucaldılmışdır.
UNESCO və ISESCO-nun xoşməramlı səfiri seçilən fondun prezidenti Mehriban xanım Əliyeva nəcib əməllərinə görə çoxsaylı beynəlxalq mükafatlara, fəxri adlara, təltiflərə layiq görülmüşdür.
Xeyriyyəçilik fəaliyyətinə, eləcə də Rusiya və Azərbaycan xalqları arasında dostluğun möhkəmlənməsi sahəsində xidmətlərinə görə Rusiyanın “Yüzilliyin mesenatları” Beynəlxalq Xeyriyyə Fondunun “Yaqut Xaç” ordeni ilə təltif olunmuş və “Qızıl ürək” beynəlxalq mükafatına layiq görülmüşdür.
Azərbaycanın birinci xanımı 2007-ci ildə Ümumdünya Səhiyyə Təşkilatı İcraiyyə Komitəsinin yekdil qərarı ilə ana, uşaq, ailə sağlamlığının qorunması və möhkəmlənməsi işində xüsusi xidmətlərinə görə mükafatalandırılmışdır.
Dünya Səhiyyə Assambleyasının sessiyasında Azərbaycanda səhiyyənin inkişafında, yeni xəstəxanaların açılmasında, onların müasir avadanlıqla təchiz edilməsində Mehriban xanım Əliyevanın gördüyü işlər xüsusi vurğulanmış və ona İhsan Doğramacı Ali Sağlamlıq Fondunun mükafatı təqdim edilmişdir.
Fondun Prezidenti Mehriban xanım Əliyeva eyni zamanda Polşa Respublikasının “Xidmətlərə görə” Böyük Komandor Xaçı ordeni ilə təltif olunmuşdur.
Azərbaycanın birinci xanımı Fransanın “Şərəf legionu” ordeninə, UNESCO-nun “Qızıl Motsart” medalına, Krans Montana Forumunun Qızıl medalına, Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu tərəfindən “Birlik Ulduzları” dövlətlərarası mükafata layiq görülmüşdür.
2015-ci ildə isə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Pakistan İslam Respublikasının “Hilal-e Pakistan” ordeni ilə təltif olunub. Pakistan Prezidenti Məmnun Hüseyn fevralın 11-də bu barədə sərəncam imzalayıb. “Hilal-e Pakistan” Pakistan İslam Respublikasının ali ordenidir.
Lakin bütün təltiflərdən ən əzizi təbii ki, ulu öndər Heydər Əliyevin adını daşıyan mükafatdır. Prezident İlham Əliyev Mehriban Əliyevanın xidmətlərini “Ulu Öndər”in anadan olmasının 85-ci ildönümündə ona Heydər Əliyev mükafatını təqdim etməklə dəyərləndirmişdir.
Bu gün Heydər Əliyev Fondu və onun rəhbəri, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın fəaliyyət coğrafiyası ölkə sərhədlərini aşaraq dünyada ölkəmizin müsbət imicinin yüksəlməsinə böyük təkan vermişdir.
Buz isə öz növbəmizdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci Vitse Prezident, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevaya ölkədaxili və beynəlxalq arenada gördükləri işləri təbliğ edirik.
Təsis etdiyimiz “Ümummilli Lider Heydər Əliyev adına Azərbaycanın Dostları Beynəlxalq Klubu” İctimai Birliyinin kollektivi, Klubun Fəxri Prezidenti Leyla xanım Əliyevanın çeşidli sahələrdə göstərdiyi fəaliyyətə, əsasən təsis etdiyi BAKI jurnalının beynəlxalq aləmdə, o cümlədən Orta Asiya ölkələrində yayılmasına xüsusi dəstək veririk. Azərbaycanımızın dahada çiçəklənməsində, xalqımızın maddi-rifah halının yüksəlməsində əlimizdən gələni əsirgəməyəcəyik.
Dünya Azərbaycanlıları Konqresinin Sədri,
“Ümummilli Lider Heydər Əliyev adına Azərbaycanın
Dostları Beynəlxalq Klubu” İctimai Birliyinin Fəxri Sədri
Araz Xuduyev