
Böyük Türk dünyasının ortaq tarixi, mədəniyyəti və qardaşlıq bağları bu gün yeni bir tarixi salnaməyə şahidlik edir. Ulu əcdadlarımızın ayaq izlərini daşıyan, Şərqin ürəyi sayılan Özbəkistanın paytaxtı Daşkənd şəhəri bu günlərdə olduqca mühüm və qürurverici bir tədbirə ev sahibliyi etdi. "TURAN" Türk Dövlətləri Müharibə Veteranları Birliyinin növbəti işgüzar görüşü, sadəcə rəsmi bir toplantı deyil, həm də qan qardaşlarının, çiyin-çiyinə vuruşan mərd oğulların mənəvi birgəliyinin nümayişinə çevrildi.
Tədbirdə Özbəkistan, Azərbaycan və Qazaxıstanın Veteran təşkilatlarının nümayəndə heyətləri iştirak edərək, Turan coğrafiyasının sarsılmaz birliyini bir daha bütün dünyaya bəyan etdilər.
Görüşün ab-havası ilk dəqiqələrdən etibarən səmimiyyət, qarşılıqlı hörmət və ulu əcdadların ruhuna ehtiramla yoğrulmuşdu. Ev sahibi qismində çıxış edən Özbəkistan Respublikasının Veteranlar və Əlillər İctimai Birliyi "Veteran" təşkilatının sədri Tələt Muradov qonaqları böyük hörmət və səmimiyyətlə salamladı. O, öz çıxışında Türk dövlətlərinin müharibə veteranlarının birgə əməkdaşlığını və fəaliyyətini yüksək qiymətləndirərək, bu birliyin gələcək nəsillər üçün bir örnək olduğunu vurğuladı.
Bu tarixi masa arxasında Türk dünyasının fədakar hərbçiləri və ziyalıları əyləşmişdi:
Özbəkistan tərəfindən: "Veteran" təşkilatının sədri Tələt Muradov, sədr müavini, ehtiyatda olan polkovnik Rustam Salimov, Özbəkistan Silahlı Qüvvələrinin ehtiyatda olan polkovnik-leytenantı, qəlbi vətən sevgisi ilə döyünən şair Turamırza Oripov və təşkilat sədrinin məsləhətçisi, ehtiyatda olan mayor Nuriddin Mamatov;
Azərbaycan tərəfindən: Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin Beynəlxalq məsələlər üzrə müavini, döyüş meydanlarında göstərdiyi şücaətə görə "Azərbaycan bayrağı" ordeninə layiq görülmüş, müharibə veteranı, ehtiyatda olan polkovnik Elmar Hüseynov, müharibə veteranı, ehtiyatda olan polkovnik Tahir Yusifov və müharibə veteranı, ehtiyatda olan kapitan Bəyanət Qasımov;
Qazaxıstan tərəfindən: Qazaxıstan Respublikasından "Tacikistan-Əfqanıstan sərhədində döyüş əməliyyatları iştirakçıları" İctimai Birliyinin sədri Murat Muxamedjanov və sədr müavini Nurpolad Ayğan.
Görüşdə çıxış edən polkovnik Elmar Hüseynov, AVMVİB-nin sədri Füzuli Rzaquliyevin və canından əziz bildiyi torpaqları qoruyan bütöv Azərbaycan veteranlarının səmimi və qardaşlıq salamlarını tədbir iştirakçılarına çatdırdı. Qazaxıstan veteranlarının sədri Murat Muxamedjanov da öz növbəsində qonaqları salamlayaraq, bu müqəddəs missiyada hər kəsə yeni-yewi müvəffəqiyyətlər arzuladı.
BİRGƏ QAYĞILAR, ORTAQ HƏDƏFLƏR VƏ TARİXİ MEMORANDUM
İşgüzar görüşün əsas qayəsi müharibə veteranlarının cəmiyyətdəki aktiv fəaliyyəti, onların qarşılaşdıqları qayğılar və bu problemlərin birgə həlli yollarının axtarışı idi. Keçilən döyüş yollarının təcrübəsi masaya yatırıldı, gələcək fəaliyyət planları barədə səmərəli təcrübə mübadiləsi aparıldı.
Bu masa sadəcə müzakirə deyil, həm də hüquqi və mənəvi bir bağlılığın rəsmiləşdiyi məkana çevrildi. Görüşün sonunda Özbəkistan, Azərbaycan və Qazaxıstan Veteran təşkilatları arasında gələcək birgə addımların təməli olan "Əməkdaşlıq Memorandumu" imzalandı. Bu memorandum, Turan ellərinin qəhrəman övladlarının bir amal uğrunda daha sıx birləşəcəyinin rəsmi sübutu oldu.
VƏFADARLIQ ZİRVƏSİ: MÜKAFATLAR VƏ TƏLTİFLƏR
Tədbirin ən duyğulu və təntənəli anlarından biri də veteranların bir-birinə bəslədiyi sonsuz ehtiramın mükafatlar fonunda təzahür etməsi oldu.
Qazaxıstan Respublikasının veteranları adından Özbəkistanın "Veteran" təşkilatının sədri Tələt Muradov və digər fəal veteranlar uca qardaşlıq rəmzi olan "TURAN" medalı ilə təltif olundular.
Azərbaycan nümayəndə heyəti də öz növbəsində böyük vəfadar nümayiş etdirdi. Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin "Turan yolu" Fəxri Diplomu Özbəkistan "Veteran" təşkilatının sədri Tələt Muradova təqdim edildi. Bununla yanaşı, ona Azərbaycan veteranlarının müqəddəs ləyaqət rəmzi olan AVMVİB-nin Xatirə bayrağı və bütöv bir coğrafiyanın gələcək vizyonunu əks etdirən Türk Dövlətləri Təşkilatının bayrağı hədiyyə olundu.
Bu xoş anların davamı olaraq, Tələt Muradov çıxış edərək rəhbərlik etdiyi təşkilatın şanlı tarixinə nəzər saldı. Bildirdi ki, əsası 1994-cü ildə qoyulan Özbəkistan "Veteran" təşkilatı artıq 30 ildir ki, şərəfli bir yol keçir. Bu yubiley münasibətilə təsis edilmiş "30 illik Yubiley medalı" ilə təşkilatın inkişafında rolu olan fəal üzvlər və fəxri qonaqlar təltif olunurlar.
İdarə heyətinin qərarı ilə Türk dünyasının birliyinə verdiyi töhfələrə görə Azərbaycan və Qazaxıstanın fədakar oğulları və qonaqları bu yubiley medalına layiq görüldülər:
Füzuli Rzaquliyev (AVMVİB sədri)
Polkovnik Elmar Hüseynov (AVMVİB sədr müavini)
Polkovnik Tahir Yusifov (Müharibə veteranı)
Kapitan Bəyanət Qasımov (Müharibə veteranı)
Murat Muxamedjanov (Qazaxıstan veteranlarının sədri)
Nurpolad Ayğan (Sədr müavini)
Xanım Zalına Muxamedjanova
Polkovnik-leytenant, şair Turamırza Oripov (Özbəkistan Silahlı Qüvvələrinin veteranı)
Bu tarixi və qardaşlıq görüşünün sonunda veteranlar çiyin-çiyinə dayanaraq birgə xatirə fotosu çəkdirdilər. O fotoşəkildən boylanan simalar, sadəcə keçmişin döyüşçüləri deyil, həm də gələcək vahid Türk dünyasının, mənəvi Turanın sarsılmaz keşikçiləri idilər. Daşkənd zirvəsi bir daha sübut etdi ki, coğrafi sərhədlər nə qədər uzaq olsa da, qəlbi "Turan" deyə döyünən qəhrəmanların amalı və yolu birdir!
Azər Məmmədov
aia.az