
Xaricdə yaşayan azərbaycanlıların milli kimlik, tarixi-mədəni irs və ümummilli maraqlar ətrafında birləşməsi, Azərbaycanla əlaqələrinin davamlı şəkildə inkişaf etdirilməsi dövlətimizin diaspor siyasətinin əsas prioritetlərindəndir. Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Avropaya səfəri çərçivəsində Avstriyanın paytaxtı Vyanada soydaşlarımızla görüşü bu baxımdan xüsusi əhəmiyyətə malikdir.
“Qafqazinfo” xəbər verir ki, Azərbaycan icmasının üzvlərinin və diaspor fəallarının iştirak etdiyi görüş Zalsburq Azərbaycan Evinin təşkilatçılığı, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə baş tutub.
Azərbaycanın Dövlət Himni səsləndirilib, ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Vyanada yerləşən Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova mərkəzin fəaliyyəti, Avstriyada Azərbaycan mədəniyyətinin, tarixinin və milli-mənəvi dəyərlərinin təbliği istiqamətində həyata keçirilən layihələr barədə ətraflı məlumat verib. O, ölkəmizin beynəlxalq müstəvidə tanıdılması, Azərbaycan həqiqətlərinin Avstriya ictimaiyyətinə çatdırılması və soydaşlarımızın milli kimlik ətrafında birləşdirilməsi baxımından mədəniyyət mərkəzlərinin əhəmiyyətini vurğulayıb.
Azərbaycanın Avstriyadakı fövqəladə və səlahiyyətli səfiri Kamil Xasiyev çıxışında xalqımızın tarixində mühüm yer tutan 8 Noyabr - Zəfər Günü, 9 Noyabr - Dövlət Bayrağı Günü və 12 Noyabr - Konstitusiya Gününün tarixi və mənəvi əhəmiyyətindən bəhs edib. Bu əlamətdar günlər münasibətilə xalqımızı və dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızı təbrik edən səfir Azərbaycanın qazandığı tarixi nailiyyətlərin milli birliyimizin və həmrəyliyimizin gücünü nümayiş etdirdiyini qeyd edib. Səfir həmçinin Avstriyada yaşayan azərbaycanlıların ictimai fəallığını, diaspor təşkilatlarının formalaşması və inkişafı istiqamətində göstərdikləri səyləri yüksək qiymətləndirib.
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri görüş iştirakçılarına komitənin fəaliyyəti, dövlətimizin diaspor siyasətinin əsas istiqamətləri, xaricdə yaşayan azərbaycanlılarla əlaqələrin genişləndirilməsi, diaspor təşkilatlarının institusional inkişafı və icmaların fəaliyyətinə göstərilən dəstək barədə müfəssəl məlumat verib.
“Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən diaspor siyasəti nəticəsində dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların vahid məqsədlər ətrafında birləşməsi, milli maraqlarımızın müdafiəsində fəal iştirakı və Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması sahəsində sürətli inkişafa nail olunub. Prioritetlərimizdən biri Azərbaycan diasporunun fəaliyyətinin müasir dövrün tələblərinə uyğun qurulması, müxtəlif sahələrdə uğur qazanan soydaşlarımızın potensialından səmərəli istifadə edilməsi, onların ölkəmizin beynəlxalq nüfuzunun artırılmasına töhfələrinin genişləndirilməsidir. Biz bu sahədə irimiqyaslı və nəticəyönümlü layihələr həyata keçiririk və konkret nəticələr əldə edirik”, - F.Muradov qeyd edib.
İcma toplantısında Prezident İlham Əliyevin çıxışlarının yer aldığı videoçarxlar nümayiş olunub.
Daha sonra Avstriya Azərbaycanlıları Cəmiyyətinin sədri, Zalsburq Azərbaycan Evinin rəhbəri Fərid Əzizov Zalsburq Azərbaycan Evinin gördüyü işlər barədə məlumat verib. Toplantı çərçivəsində Avstriya Azərbaycanlıları Koordinasiya Şurasının iclası da baş tutub və Avstriyada yaşayan azərbaycanlıların ictimai fəallığının artırılması məsələləri müzakirə olunub. Müzakirələrin nəticəsi olaraq Linz şəhərində yaşayan, istedadlı pianoçu və beynəlxalq müsabiqələr laureatı Ayan Məmmədli Avstriya Azərbaycanlıları Koordinasiya Şurasının koordinatoru seçilib.
Görüş geniş fikir mübadiləsi ilə davam edib və iştirakçılar qarşıda duran vəzifələrə dair təkliflərini səsləndirərək Azərbaycan diasporunun daha mütəşəkkil fəaliyyət göstərməsi üçün birgə əməkdaşlığın vacibliyini vurğulayıblar.
Görüşün bədii hissəsi soydaşlarımıza xüsusu zövq verib. Musiqişünas Fərəh Tahirovanın Vyanada təsis etdiyi, həmçinin rəhbəri olduğu “Musiqi sevinc gətirir” adlı məktəbin şagirdləri, eləcə də beynəlxalq müsabiqələr laureatı, “Qran Pri” mükafatı lauretaı, Azərbaycan Mədəniyyət Elçiləri Forumunun Təşkilat Komitəsinin katibi, pianoçu Ayan Məmmədli çıxış ediblər. Bədii proqram çərçivəsində Azərbaycan və dünya klassik musiqisinin nümunələri səsləndirilib. Ayan Məmmədlinin ifasında Cövdət Hacıyevin “Ballada”, Həsən Rzayevin “Çahargah”, Ernesto Lecuonanın “Malagueña”, Emin Sabitoğlunun “İncə bellim” və Müslüm Maqomayevin “Azərbaycan” əsərləri təqdim olunub. Proqramın sonunda “Yurdum, yuvam, məskənimsən, Azərbaycanım” əsəri ifa edilib. Konsert proqramı sürəkli alqışlarla qarşılanıb və soydaşlarımızın qələbə sevinsinə sevinc qatıb.
Beləliklə, Vyanada keçirilən görüş yalnız soydaşlarımızın bir araya gəlməsi baxımından deyil, həm də Avstriyada Azərbaycan diasporunun gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi, təşkilatlararası əməkdaşlığın gücləndirilməsi və milli həmrəyliyin daha da möhkəmləndirilməsi baxımından əhəmiyyətli olub