Böyük Allah özüdür, həm sözüm, həm avazım,
Böyük Allah izninlə, şərəfə əsər yazım.
Bu adın işığında qürurla yaşıyıram,
Şairlik sənətini, çiyində daşıyıram.
Bu güc-qüdrət hər zaman, elə haqdan süzülür,
Düşüncəm mirvaritək, misralara düzülür.
Allahım bəxş edibdir, bu işlərdə dözümü,
Yaradanın eşqinə, indi deyim sözümü.
Sən mənim arxam- gücüm, göydə böyük Allahım,
Şair kimi, Pir kimi, qalmaz kədərim, ahım.
Tək sənin qüdrətinə, tapınmışam dünyada,
Hər zaman, hər dəqiqə, bağlanmışam bu ada.
Ruhumun aynasısan, sən ey böyük Yaradan,
Hər bir zaman seçibsən, həmən ağı, qaradan.
Quranı nazil etdin, Məhəmmədin əliylə,
İslamın işığında, dua etdi diliylə.
Dil tutuldu , əl əsdi, bu məqama çatınca,
Düşüncəmə, ağlıma, şeiriyyət qatınca.
Şeiriyyət ruhumda, məhəbbət canımdadır,
Kökümə, keçmişimə ehtiram qanımdadır.
Böyük Türkün ruhunu, qanımda daşıyıram,
Qələm əldə silahım, yazaraq yaşıyıram.
Baş vururam keçmişə, qayıdıram dünənə,
Mənə çox əziz, doğma, hər bir adət-ənənə.
Türk oğlunun qeyrətin, kiçik yaşdan bilirdim,
Türkə olan sevgimi, hər bir kəslə bölürdüm.
Dağlar gələr lərzəyə, eşitsə Türk nərəsi,
Düşmənə göz dağıdır, qəhrəmanın hərəsi.
Döyüşdə sinə gərib, düşmənə vurur zərbə
Neçə adətlər gəldi, onda döyüşə, hərbə.
Baxmadı heç geriyə, şəhid oldu, axdı qan,
Hər qarış torpağımda, neçə oğul verdi can.
Qan töküldü, qan axdı, qan suvardı torpağı,
Şəhidimin eşqinə, yaş axıtdı yarpağı.
Ayağın dəyən yerlər, şairin qəlb yarası,
Candan keçən hər oğul, ürəyimin parası.
Döyüşdüyün yerləri, çox gəzərəm, baxaram,
Dağlardan selə dönüb, dəryalara axaram.
Dəryalara hey axar, ağlayanda göz yaşım,
Sizə bağlı olubdur, hər cığırım, hər daşım.
Hər Mehmetçik yol gedər, qürurla addım atar,
Döyüşlərdə düşmənin, bağrına süngü batar.
Bağışlamaz, ey düşmən, nə torpağım, nə daşım,
Etdiyiniz pislikdən, bəlalar çəkib başım.
Uşaqkən qaçqın oldum, aşmışam dağı-daşı,
Çox bəlalar görmüşəm, ömrümün erkən yaşı.
İndi otuz il keçib, qələm olub silahım,
Olanları yazıram, yoxdur mənim günahım.
Xalqımız çörək verdi, acından ölürdünüz,
Acgöz, nadan düşmənlər, çörəyi bölürdünüz.
Yığıldınız dünyadan, gəldiniz Türk elinə,
Taqətin olan zaman, silah aldın əlinə.
Haray çəkib ağladın, axdı gözünün yaşı,
Sonda dayaq eylədin, yonulmuş qara daşı.
Saxta sözləri yazıb, divarlara hördünüz,
Haqqı-sayı itirib, nadan işlər gördünüz
Minillərdən süzülür, Türkün tarixi, izi,
Bəşəriyyət hər zaman, dost-doğma bilir bizi.
Türk oğlu danışanda, nərə çəkib hayqırır,
Zəhmi, vüqarı onun, düşmənn qəddin qırır.
Düşmənlərin hər zaman, cismi-canı üzülür,
Nadanın, namərdlərin, göz yaşları süzülür.
Onlara göz dağıdır, bu dövlətin rəhbəri,
Dağıtdı çox yuvanı, neçə illərdən bəri.
Dağlarda məskən salıb, oldular quldur-qaçaq,
Onlara zərbə vurdu, neçə qəhrəman, qoçaq.
***
Kürsülərdə söylədi, “Azmayın yolunuzu!”
Haqqa üzün çevirib, yormayın qolunuzu.
Günahsız insanlara, siz qənim kəsilməyim,
Onsuzda kiçiksiniz,pisliklə kiçilməyin.
Dağlarda məskən salıb, gətirirsiz qan-qada,
Namərdliklə beləcə, düşürsünüz siz oda.
Qatil, cəllad olmayın, unudun bu işləri,
Batırmayın qana heç, siz laxlayan dişləri.
Dişləriniz laxlayıb, göyə uçub ruhunuz,
Cəllad, nadan, qaniçən, ərşə çıxıb yuxunuz.
Ruh, yuxu sizdən uzaq, özünüzü didirsiz,
İnsanlara yadsınız, uzaqlara gedirsiz.
Dişlərini qıcayan, hər dövlətə dedi söz,
İslam müqəddəs, əziz, dikməyin bizlərə göz.
Hər Müsəlman doğmadır, hər biri ciyər para,
Qıymaram bir nəfəri, indi çəksinlər dara.
Ər oğlu, ər söylədi, qan tökülüb axmasın,
Ana-bacı fəryadı, ürəkləri yaxmasın.
Davamı var...
Qurban Hüseyn Göyçəli