Əziz Azərbaycanlılar!
Sizi 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və qarşıdan gələn Yeni il – 2019-cu il münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Dünya Azərbaycanlılarının Həmrəylik Gününü ən yüksək səviyyədə bayram kimi qeyd etmək xalqımızın ictimai fikir tarixində əlamətdar bir hadisəyə çevrilmişdir. Hər birimiz üçün əziz və doğma bayram olan Dünya Azərbaycanlılarının Həmrəylik Günü dünyanın müxtəlif qitələrində yaşayan soydaşlarımızın birliyinin yaradılması məqsədilə Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulmuşdur. Bu barədə ilk qərar 1991-ci ilin dekabr ayının 16-da ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Ali Məclisində qəbul edilmiş və artıq 27 ildir ki, dünya azərbaycanlıları bu günü ümummilli birliyin, həmrəyliyin rəmzi kimi yüksək səviyyədə qeyd edirlər. Dünya Azərbaycanlılarının Həmrəylik Gününün təsis edilməsi həm də müxtəlif ölkələrdə yaşayan həmvətənlərimiz arasında siyasi-iqtisadi, mədəni münasibətlərin genişlənməsinə imkan yaratmışdır. Ulu öndərimiz Heydər Əliyevin təşəbbüsü ilə 2001-ci ilin noyabr ayında Bakıda Dünya Azərbaycanlılarının I qurultayı, 2006,2011 və 2016-cı illərdə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin təşəbbüsü ilə dünya azərbaycanlılarının II, III və IV qurultayları keçirilmişdir. Azərbaycan xalqı və dövləti üçün 2018-ci il də siyasi-iqtisadi və sosial-mədəni həyatda böyük uğurlar əldə edilmiş, iqtisadiyyat dinamik inkişaf yolunda olmuş, ölkəmizin büdcəsi artmış, pensiyalar, təqaüdlər, müavinətlər yüksəlmişdir. Yola salmağa hazırlaşdığımız 2018-ci il Azərbaycan xalqı üçün də sosial-iqtisadi sahədə qazanılan uğurlarla əlamətdar olmuşdur. Qarşıdan gələn 2019-cu ildə də Azərbaycanda tikinti-quruculuq işləri aparılacaq, regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında nəzərdə tutulan işlər uğurla yerinə yetiriləcəkdir.
Hörmətli soydaşlarım!
Sizi bir daha 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə ürəkdən təbrik edir, hər birinizə uzun ömür, möhkəm cansağlığı, ailənizdə xoşbəxtlik və firavan günlər arzulayıram.
Cavanşir Tağıyev
Bakı şəhəri Mənzil Kommunal Təsərrüfatı Departamentinin Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin müdiri