Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə yardımı ilə "Müasir Gənclərin İnkişafına Dəstək” ictimai birliyi tərəfindən 2018-ci ildə 11-ci qrant müsabiqəsi üzrə 01 Dekabr 2018-ci il tarixdən icrasına başlanmış “Gənclərin biznes bacarıqlarının artırılması və sahibkarlıq ruhunun yüksəldilməsi” layihəsi çərçivəsində Lənkəran Rayon İcra Hakimiyyəti və Lənkəran Rayon Gənclər və İdman İdarəsinin təşkilati dəstəyi ilə 15 Fevral 2019-cu il tarixindən etibarən 3 gün müddətində Lənkəran Olimpiya İdman Kompleksində gənclər üçün təlim və müsabiqə təşkil edilib. Tədbirdə Lənkəran, Biləsuvar, Lerik, Yardımlı və digər qonşu rayonlardan xüsusi müraciət forması əsasında seçilmiş 17-29 yaş arası 20 nəfər gənc təmsil olunub.
Tədbiri giriş sözü ilə başlayan "Müasir Gənclərin İnkişafına Dəstək” ictimai birliyinin sədri Mehman Əliyev Azərbaycan Respublikasının Gənclər Fondu, Fondun gənclərə göstərdiyi xidmətlər, təşkilat haqqında, layihə və layihənin məqsədləri, 3 günlük təlim və müsabiqə barədə tədbir iştirakçılarını ətraflı məlumatlandırıb. Növbəti çıxışda Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin rəis müavini Elbəy Fətəliyev dövlətin gənclər siyasəti, gənclərin hərtərəfli inkişafı üçün yaradılmış infrastrukturla bağlı məlumatları iştirakçıların diqqətinə çatdırıb və layihə fəaliyyətlərinə uğurlar arzulayıb.
Layihə üzrə təlimçi Tofiq Sadıxov tərəfindən biznes planların hazırlanması üçün investisiyaların cəlbi, maliyyə sektorları ilə əməkdaşlıq, biznes ideyaların müzakirəsi, SWOT təhlili, risklərin idarə edilməsi, rəqiblərin qiymətləndirilməsi, marketinq plan-4C üsulu və 4P prinsipi və s. mövzularda müzakirələr aparılıb, qrup işləri və rol oyunları təşkil edilib.
Dəvət olunmuş ekspert Anar Veyisov öz təcrübəsini iştirakçılarla bölüşmüş, bir sıra biznes təcrübələrini nümunə gətirmiş və tədbir müddətində gənclərə biznes ideyalarının reallaşdırılması istiqamətində tövsiyyələrini verib.
Tədbirin sonunda layihə heyyəti və dəvət olunmuş müxtəlif biznes sahələrini təmsil edən ekspertlər gənclərin hazırladıqları biznes ideyalarını qiymətləndirib və həmin ideyaların reallaşması istiqamətində dəstək və tövsiyyələrini verib.
Tədbirin yekununda bütün iştirakçılara sertifikatlar təqdim edilib.
Layihənin həyata keçirilməsində məqsəd biznes qurmaq ideyası olub sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən gəncləri üzə çıxarmaq, onlara öz ideyalarını reallaşdırmaq üçün dəstək olmaqdan ibarətdir.
Mehman Əliyev