Aprel zəfərindən üç il keçir. Oğlum gizir Elimdar Səfərov da həmin qələbədə pay sahibi olanlardan biridir. Vətən uğrunda şəhid olmaq onun ən böyük arzusu idi. O, öz istəyinə çatıb torpaqlarımız uğrunda canını fəda etdi. Bir ana kimi ürəyim qan ağlasa da, oğlumla fəxr edirəm.
ulusestv.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri şəhidin anası Aminə Səfərova deyib.
"Elimdar həmişə mənə deyirdi ki, ana, mən səni çox istəyirəm, lakin Vətəni səndən də çox istəyirəm. Ermənilərin törətdiyi vəhşiliklər, xalqımızın başına gətirdikləri oyunlar, torpaqlarımızı işğal etmələri ilə barışa bilmirdi. Vətən uğrunda ön cəbhədə döyüşmək, mənfur ermənilərdən qisas almaq istəyirdi. Ona görə də hərbi xidməti başa vurduqdan sonra yenidən ordu sıralarına yazıldı. Onu son dəfə həmin il martın 26-da görmüşdüm. Çox sevincli idi. Sanki arzusuna çatacağı və ordumuzun tarixi zəfər qazanacağı ürəyinə dammışdı. Allahdan bütün şəhidlərimizə rəhmət diləyirəm. İnanıram ki, Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımız işğaldan azad ediləcək və şəhid anaları, ailələri bununla təsəlli tapacaqlar", - deyə şəhidin anası bildirib.
A.Səfərova Prezident İlham Əliyevin şəhid ailələrinə daim diqqət və qayğı göstərdiyini, sosial rifahlarının yaxşılaşdırılması məqsədilə fərman və sərəncamlar imzaladığını diqqətə çatdırıb və dövlətimizin başçısına minnətdarlığını bildirib.