Bu gün Azərbaycan gəncləri müstəqillik dövründə yaşayırlar. Bu, böyük xoşbəxtlikdir. Bu gün hər bir vətənpərvər azərbaycanlı haqlı olaraq fəxr edir ki, o, müstəqil Azərbaycan Respublikasının vətəndaşıdır. Ölkəmizin hərtərəfli inkişafında gənclərimizin çox böyük rolu vardır. Gənclər müxtəlif sahələrdə çox uğurla fəaliyyət göstərirlər, ölkəmizin ümumi inkişafına böyük töhfə verirlər.
Bu gün hörmətli Prezidentimiz də gənclərə xüsusi dəstək olur, onların hər bir işində, uğurlarında yaxından iştirak edir. Bunu dəfələrlə çıxışlarında da xüsusi olaraq qeyd etmişdir.
Azərbaycan gəncləri mütləq milli ruhda tərbiyə almalıdırlar ki, gələcəkdə dövlət maraqlarını, xalqımızın milli maraqlarını layiqincə qoruya bilsinlər. Hesab edirəm ki, bu iki əsas amil hər bir gənc üçün çox vacibdir.
Bəli, hörmətli prezidentimiz cənab İlham Əliyevin dediyi kimi bu gün Azərbaycan gəncləri cəmiyyətimizin fəal hissəsidir. Biz haqlı olaraq gənclərimizlə fəxr edə bilərik. Bizim gənclərimiz torpaq uğrunda, Vətən uğrunda vuruşurlar. Bizim şəhidlərimizin böyük əksəriyyəti gənclərimiz olubdur. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Bizim gənclərimiz hərbi qələbələrimizi şərtləndiriblər. Aprel döyüşləri bizim şanlı tarixi qələbəmizdir və bu əməliyyatlarda iştirak edənlərin mütləq əksəriyyəti gənclərdir. Biz bu əməliyyat nəticəsində uzun illər ərzində işğal altında qalan torpaqları işğalçılardan azad etdik. O torpaqlarda - Lələtəpədə, Füzuli, Cəbrayıl, Ağdərə rayonlarının dağlarında Azərbaycan bayrağını ucaltdıq. Bu, böyük tarixi qələbədir. Bu qələbə bir daha onu göstərdi ki, Azərbaycan xalqı işğalla heç vaxt barışmayacaq, Azərbaycan əsgəri, Azərbaycan zabiti Vətən uğrunda, torpaq uğrunda canından keçməyə hazırdır. Bu qələbə ermənilərin uzun illər ərzində yaratdıqları mifi tamamilə darmadağın etdi. Bu qələbə göstərdi ki, biz döyüş meydanında da onlardan üstünük. Bu qələbə göstərdi ki, ən əlverişsiz hərbi mövqelərdən əks hücum əməliyyatı apararaq biz çox strateji mövqelərə sahib olduq. Bu gün ordu quruculuğu istiqamətində atılan addımlar təbiidir, zəruridir. Çünki biz müharibə şəraitində yaşayırıq, müharibə hələ bitməyib.
Konkret olaraq, prezidentimiz dövlət tərəfindən gənclərə xüsusi diqqətin yetiriləcəyi, kadr hazırlığında onlardan geniş istifadə olunacağı, gələcəkdə ölkənin idarə edilməsi yükünün əsasən yeni nəslin üzərinə düşəcəyini faktlarla izah etmişdi. Prezident İlham Əliyev vurğulayıb ki, həmin siyasət davamlı olaraq inkişaf etdirilib, onun müxtəlif aktual aspektlərinə diqqət daha da artırılıb.
Prezident İlham Əliyevin həmin məqamlarla əlaqəli gənclərə dediyi fikir çox ibrətamizdir. O, səmimiyyətlə görüşdə qeyd edib: "Bildiyiniz kimi, faciədən sonra Heydər Əliyev Moskvada Azərbaycanın daimi nümayəndəliyinə gələrək öz etiraz səsini ucaltmışdır. Sovet hökumətini, Sovet rəhbərliyini, onların hərəkətlərini, cinayətlərini pisləmişdir. Deyə bilərəm ki, Sovet dövründə bu, çox nadir bir hadisə idi... Ona görə, Heydər Əliyevin bu addımı çox cəsarətli addım idi. Əsl vətənpərvər, xalqını hər şeydən üstün tutan insanın addımı idi" .
Bu, həm tarixi həqiqət, həm də bir çağırışdır. İlham Əliyev gənclərə Azərbaycanın müstəqilliyinə hansı çətinliklərlə nail olunduğunu konkret faktlarla göstərməklə yanaşı, gənclərə vətəni, xalqı, milləti və müstəqil dövlətçiliyi Heydər Əliyev iradəsi, dönməzliyi, qətiyyəti, qorxmazlığı və məhəbbəti ilə sevməyi tövsiyə edir.
Bəli, hansı işlə məşğul olursansa ol, ancaq haqqı, ədaləti unutma. Dünyanın ən güclü dövlətləri belə bir çox hallarda ədalətli davranmırlar ki, bu da milyonlarla insanın faciəsinə səbəb olur. Bütün bəşəriyyət ədalətsiz siyasətin fəsadlarını görür. Azərbaycanda inanırlar ki, ədalət prinsipindən kənara çıxanların özlərinin aqibəti yaxşı olmur. Gənclərin də bu həqiqəti dərk edib, ona uyğun fəaliyyət göstərməsi strateji əhəmiyyət daşıyır. Bütün bunlara görə, inanırıq ki, Prezidentin gənclərlə görüşü Azərbaycanın işıqlı sabahına aparan hadisələrdən biridir.
Hicran Mustafayev
Lənkəran rayonu Səpnəkəran
kənd inzibati ərazi
dairə üzrə nümayəndə