Bakı Ağır Cinayətlər Məhkəməsində baş prokurorun keçmiş müavini, dələduzluqda təqsirləndirilən Məmmədvəli Cəfərova hökm oxunub.
Hakim Rasim Sadıxovun icraatında olan prosesdə məhkəmə kollegiyasının hökmü ilə M. Cəfərov 6 il müddətinə azadlıqdan məhrum edilib və istintaq zamanı azadlıqda olduğu üçün məhkəmə zalında həbs edilib.
Qeyd edək ki, M.Cəfərov 1992-ci ildə baş prokurorun müavini olub. Vəkillər Kollegiyasının üzvü olan M.Cəfərov hazırda 13 saylı Vəkil Bürosunda fəaliyyətini davam etdirir. İttihama görə, M.Cəfərov zərərçəkmiş Rəşad Yusifovdan 152 min manat pul alaraq onu aldadıb. R.Yusifov məhkəmədə ifadə verərkən bildirib ki, atası Rəhman Yusifov 2013-c ildə 5 il müddətinə azadlıqdan məhrum edilib: “İş Ali Məhkəmədə olanda Məmmədvəli Cəfərovla müqavilə bağladıq. Ona 2 min manat pul verdim. Məmmədvəli Cəfərov Ali Məhkəmədə tanış adam tapdığını, atamı oradan azadlığa buraxdıracağını deyib məndən 150 min manat aldı. 2015-ci ilin əvvəllində 2 dəfə kassasiya şikayətini geri götürdü ki, iş alınmır. Sonra baxdım ki, bu adam məni aldadıb. Pulumu geri istəyəndə, bəhanələr etdi, telefonumu açmırdı. Daha sonra hissə-hissə 61 min manat qaytardı”.
Zərərçəkmiş R.Yusifovun atası Rəhman Yusifov isə 2008-ci ilədək Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini, həbs edilərkən isə Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin Qaradağ rayon şöbəsinin müdiri olub.