Bu başlığı oxuyan hər bir insan istər istəməz düşünəcək ki, bu dünyanın işi belədir də, hər kəs uşaq doğulur, böyüyür və böyük olur. Bu doğrudur, lakin böyük doğulmaq, anadan böyük doğulmaq isə bambaşqa bir şeydir. Yəni insan əqidəsiylə, məsləkiylə böyük doğulur. Belə böyük doğulan insanlardan biridir Şamil müəllim.
Onu tanıdığım elə bir uzun dövrə təsadüf etmir, hardan baxsaq bir və ya bir az ondan artıq olar ki, onu tanıyıram. Bu balaca zaman kəsiyində Şamil müəllimin necə böyük bir ürəyə sahib olduğunun dəfələrlə şahidi olmuşam. Düzdür, Şamil müəllimin əlində nə elə böyük bir imkanı var, nə də onu böyük edən bir vəzifəsi var. Yox, bunların heç biri yoxdur. Şamil müəllimin bu gün böyük bir ürəyi var və bu böyük ürəkdə yaxşılıq etməkdən başqa heç bir şey yoxdur. Bu ürək ancaq insanların yardımına qaçmaq, onlara kömək etmək üçün vurur. Bu ürəkdə insanı heyrətləndirən böyüklük var.
Bəli, əslində Şamil müəllim haqqında o qədər ürək açan sözlər demək və yazmaq olar ki, ona nə qələm tab gətirə bilər, nə də ağ vərəqlər. Ömrü boyu ağ vərəq kimi yaşayıb Şamil müəllim. Bu ağ vərəqlərə heç bir zaman ləkə düşməyib və düşə də bilməz.
İndi deyəcəksiniz ki, bu durduğu yerdə bu insana niyə belə xoş sözlər deyir. Əslində bir neçə gündən sonra Şamil müəllimin ad günüdür. Bu münasibətlə onu təbrik etmək, ona bir-iki kəlmə xoş söz demək keçdi könlümdən.
Şamil müəllim, bilirsiniz ki, mən uzun illərdir ki, jurnalist işləyirəm. Bu illər ərzində onlarla yox, yüzlərlə, minlərlə insanlarla görüşmüşəm, söhbət etmişəm, dərdləşmişəm. Onların içərisindən ancaq böyük insanlarla dostluğum, münasibətim bu gün də davam edir. Siz məhz belə böyük insanlardan birisiniz. Sizinlə söhbət etmək, sizinlə dərdləşmək həqiqətən məni rahatladır.
Şamil müəllim, qələm əhli üçün kiminsə haqqında yazı yazmaq asan və ya çətin olur. Bəzən kiminsə haqqında bir-iki kəlmə xoş söz yazmaq fikrinə düşürəm. Ancaq nə qədər edirəm, ha fırlayıram o tərəfə, ha fırlayıram bu tərəfə, alınmır ki, alınmır. Bəzən də elə insanlar haqqında yazı yazıram ki, yazılar özü ağ kağızların üzərinə tökülür. Bax siz də belə insanlardan birisiniz. Sizin haqqınızda söz demək də, yazmaq da mənim üçün çox asandır. Bu da təbii ki, sizin şəxsiyyətinizdən irəli gəlir.
Bəli, bir neçə gündən sonra sizin ad gününüzdür. Sizə nə arzulayım, bilmirəm ki?! Siz bu dünyadakı ən gözəl arzulara layiq insansınız. Ad gününüz mübarək, qardaşım! 100 olmasa da 90 yaş yaşamağınızı arzulayıram. Həmişə fəxrlə söhbət açdığınız ömür-gün yoldaşınızla bu gündən sonrakı həyatınızı da xoş günlərlə yaşamağınızı arzulayıram. Nəvələriniz gün gələcək ki, sizin adınızla fəxr edəcəklər. Bizim nə yaxşı ki, belə bir babamız var,-deyəcəklər. Bir daha ad gününüz mübarək, Şamil müəllim!
Tahirə Həbliyeva
"365"-gün içtimai siyasi qəzərtinin baş redaktoru[/b]