Ümummilli liderimiz H.ƏIiyev demişdir:
«Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir.»
Hər bir ölkədə gənclər cəmiyyətin aparıcı qüvvəsidir. Bu mənada Azərbaycanda da gənclər cəmiyyətin bütün həyatında aktiv iştirak edirlər. Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətinin başlıca məqsədi yeni nəslin fiziki, mənəvi-psixoloji cəhətdən sağlam yetişməsini, istedadlı gənclərin üzə çıxarılması və onların ölkənin gələcəyinə töhfə verməsini təmin etməkdir. Ulu öndər Heydər Əliyev Azərbaycan gəncliyinə hər zaman qayğı ilə yanaşırdı. Öz növbəsində, Azərbaycan gəncliyi də Heydər Əliyev ideyalarına daim sadiqlik nümayiş etdirir.
Bu gün də Azərbaycanda gənclər siyasəti uğurla davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin məqsədyönlü siyasətinin nəticəsidir ki, bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşır. Azərbaycan gəncləri gündən-günə ölkənin ictimai-siyasi həyatında daha böyük rol oynayırlar. Dövlətin gənclərə dəstək və diqqət göstərməsi Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissini artırıb. Gənclərimiz iştirak etdikləri beynəlxalq olimpiadalarda və idman yarışlarında yeni-yeni qələbələrlə ölkəmizin şərəfini ucaldıblar.
Sumqayıt şəhərində də cənab başçımızın gənclərə dəstəyi və qayğısı hər sahədə özünü göstərir. Bu gün bir çox müəssisələrə gənclər rəhbərlik edir və onların işləməsi, vətənimizə layiqli şəkildə xidmət etmələri üçün hər bir şərait yaradılmışdır. Mənzil Kommunal Sahələrində bu gün gənclərin işi göz oxşayır. Onlardan biri də 14 saylı Mənzil Kommunal Sahəsinin rəisi Gündüz Çingiz oğlu Adıgözəlovdur. Gündüz müəllim təxminən dörd ilə yaxındır ki, yuxarıda adını çəkdiyim Mənzil Kommunal Sahəsinə rəhbərlik edir. Onunla Sumqayıtın 70 illiyi ərəfəsində görüşürəm. Gündüz müəllimdən payız-qış mövsümünə hazırlıq işləriylə bağlı söhbət edirik.
- Sumqayıt şəhəri sakinlərinin gözləri önündə və onların iştirakı ilə dəyişir, gözəlləşir. Bu şəhər son illərdə ölkəmizin sürətli inkişafını, əldə etdiyi uğurları göstərən parlaq nümunədir. Sumqayıt sanki yenidən qurulur. Sənaye potensialı güclənməklə yanaşı geniş miqyaslı infrastruktur və sosial layihələr şəhərin simasını müasirləşdirməklə əhalinin həyatına da rahatlıq gətirir. Bu baxımdan yaşayış binalarının təmirini xüsusi vurğulamaq lazımdır. Doqquzuncu mikrorayonda doqquzmərtəbəli və beşmərtəbəli binalar vardır. Bu gün həmin binaların dam örtüyü tamamilə yenilənmişdir. Binaların giriş qapıları yenilənmiş, binaların həyətinə qazon örtükləri çəkilmiş, yolları asfaltlanmışdır. Bir neçə ay bundan qabaq ərazimizdə nümunəvi məhəllənin açılışını etdik. Uşaqlar üçün oyun meydançası, yaşlı insanların asudə istirahət etməsi üçün oturacaqlar, söhbətgahlar düzəlmişik. Hündürmərtəbəli binalarda liftlər yenilənmiş və müasir liftlərlə əvəz olunmuşdur. Bu gün liftə minərkən Azərbaycan melodiyaları səslənir, sanki insanın ruhu dincəlir. Bu da təbii ki, hörmətli başçımız cənab Zakir Fərəcovun gərgin əməyi sayəsində mümkün olmuşdur. Cənab başçımız Sumqayıta gələndən sonra Sumqayıt yenidən quruldu, yenidən tikildi. Bu yaxınlarda dogma şəhərimizin 70 illiyini yüksək səviyyədə qeyd etdik. Sumqayıt yaranandan ta bu günə kimi belə möhtəşəm şənlik görməmişdi. Düz bir il ərzində Sumqayıtın 70 illiyi çərçivəsi altında tədbirlər keçirilir, görülən işlərin hesabatı verilir, idmançılarımız, orta məktəb şagirdlərimiz şəhərimizin adını ucaltmaq üçün əllərindən gələni edirdilər. Bu gün mən fəxr edirəm ki, Sumqayıt kimi gözəl bir şəhərimiz var və bu şəhərin cənab Zakir Fərəcov kimi bir rəhbəri var.
Mən dörd ildir ki, Mənzil Kommunal Sahəsinə rəis təyin olunmuşam. İndiyə kimi Mənzil Kommunal Sahəsi əhalinin mənzil-kommunal xidmətlərinə tələbatın daha tam ödənilməsi məqsədilə mənzil-kommunal təsərrüfatının təkmilləşdirilməsi, balansında olan mənzil-kommunal sahələrinə rəhbərlik, mənzil fondunun və kommunal təyinatlı obyektlərin istismar səviyyəsinin yüksəldilməsi, abadlaşdırılması, onların qorunması sahəsində tədbirlər görülməsi, şəhərin sanitariya vəziyyətinin normal səviyyədə saxlanılması, qeyri-yaşayış sahələrindən təyinatı üzrə səmərəli istifadə edilməsinin təmin edilməsi, əsaslı tikinti və təmir sahəsində Sumqayit Şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş səlahiyyətlər dairəsində abadlıq, tikinti, habelə mənzil fondunun və kommunal təyinatlı obyektlərin əsaslı təmiri, yararsız liftlərin dəyişdirilməsi və texniki xidməti, şəhər yollarının istismarı və cari təmiri, xidmət sahələrinin inventarlarla təchizatının təmin edilməsi, şəhərin mənzil-kommunal təsərrüfatı ilə bağlı digər funksiyaları həyata keçirir. Mənzil Kommunal sahələri öz işlərini bu gün də layiqli şəkildə davam etdirir. Belə ki, bizim əraziyə daxil olan sahələrdə abadlıq işləri aparılır, səliqə-səhman yaradılır. 14 saylı Mənzil Kommunal sahəsinə 9-cu mikrorayonda yerləşən doqquzmərtəbəli və beşmərtəbəli binalar daxildir. Bu gün İcra Hakimiyyətinin göstərişinə əsasən ərazidə yerləşən binaların dam örtükləri yenilənmiş, binalarda fasad işləri aparılmışdır.
Bu gün Sumqayıtın hər yerində yaşıllaşdırma işləri də davam etdirilir. Şəhərin bütün məhəllə və mikrorayonlarında ağac əkmə kompaniyası davam etdirilir. Bizim ərazimizdə də bu gün ağaclar əkilir, qurumuş, sıradan çıxmış ağaclar isə budanır. Belə ki, böyük təhlükə yaradan ağaclar barədə də əlaqədar təşkilatlara müraciətlər olunandan sonra həmin ağaclar kəsilir, ya da qolları budanır.
Cənab başçımız dediyim kimi Sumqayıtı yenidən qurdu, yenidən yaratdı. Eyni zamanda cənab başçımız gənclərə də xüsusi qayğı göstərir və onların qayğısına qalır. Düşünürəm ki, dövlətimiz biz gənclərə göstərdiyi qayğı və diqqət bizim məsuliyyətimizi daha da artıracaq, ölkəmizin gələcək inkişafı üçün çiyinlərimizə ağır və şərəfli yük qoyacaqdır. İnanıram ki, biz öz fəaliyyətimizi cənab başçımızın biz gənclərə olan inam və etimadını bu gün olduğu kimi, gələcəkdə də doğruldacağıq.
Azərbaycan gəncliyi cənab Prezident İ.ƏIiyevin yürütdüyü daxili və xarici siyasəti dəstəkləyir və ölkəmizin işıqlı və parlaq gələcəyini məhz onun çiyinlərində görür. Gəncliyimiz Azərbaycan naminə sabahımızdır. Vətənimiz naminə uğurumuzdur, bütövlüyümüz, dilimiz naminə şərəfimizdir. Demək sabahımız, uğurumuz, zəfərimiz bizimlədir.