Azərbaycanda adətə görə Novruz bayramında göyərdilən səməni yazın gəlməsinin, təbiətin canlanmasının, əkinçiliyin rəmzidir. Azərbaycan kəndlisi səməni göyərtməklə növbəti təssərrüfat ilinə bərəkət, bolluq arzulamış, bayrama dörd həftə qalmış, hər çərşənbə axşamı və bayram günü tonqal qalamaqla, mahnı ("Gün, çıx!" nəğməsi və s.) qoşmaqla oda, atəşə, günəşə olan etiqad və inamını ifadə etmişdir. Bütün bu mərasimlər İslamdan çox-çox əvvəl mövcud olmuş qədim şərq ənənələrinin davamıdır.
Novruz bayramı qabağı adətən evdə həyətdə abadlıq, təmizlik işləri aparılır, ağac əkilir və s. Novruz bayramında şirniyyat növləri (qoğal,külçə, fəsəli, paxlava, şəkərbura, şəkərçörəyi və s.) və plov bişirilir. Rəngbərəng yumurta boyanır,məcməyi və sinilərdə xonça bəzənir, şam yandırılır, tonqal qalanır, səməni qoyulur, ölənlərin xatirəsi yad edilir, küsülülər barışır, qohum-qonşular bir-birinə qonaq gedir, pay göndərirlər. Aşıqlar baharı mədh edir. Oğlan və qızlar təzə paltar geyib çalıb oynayır, yallı gedirlər. Cavanlar at çapıb, güləşir, küştü tuturlar. Novruz bayramında “haxışta”, “bənövşə”, “kos-kosa” oynayırlar.
Novruz bayramında süfrədə yalnız acılıqdan, şorluqdan uzaq, şirniyə baxan xörəklər olmalıdır. Şirniyyatlardan şəkərbura, paxlava, badamburma, ballıbadı və s. qədər saymaq olar. Adətə görə süfrəyə "s" hərfi ilə başlayan 7 növ ərzaq qoyulur. Su, süd, səməni, sünbül, sucuq, siyənək balığı,süzmə və sairə də bayram süfrəsinin bəzəyi olur.
Novruz bayramı hər bir azərbaycanlı üçün əziz bayramdır. Bu, hər bir insanın, hər bir vətəndaşın bayramıdır, ulu babalarımızdan əsrlərdən-əsrlərə keçib gəlmiş əziz bayramdır. Bu bayram həm adi insan bayramıdır, həm millət, həm xalq, həm də dövlət bayramıdır. Bu bayramı bütün başqa bayramlardan fərqləndirən cəhət bundan ibarətdir. Hər bir vətəndaş, hər bir insan, hər bir azərbaycanlı, Azərbaycan torpağında yaşayan hər bir insan bu bayramı öz qəlbində, öz evində, obasında, ailəsində bayram edir.
Ola bilər ki, dövlət bayramını kimsə bir bayram kimi qəbul etsin, amma qəlbində ona başqa münasibət göstərsin. Ola bilər ki, bir Ümumdünya bayramına da kimsə başqa münasibət göstərsin. Ancaq Novruz bayramı hər bir azərbaycanlı demək olar ki, anadan olandan onun qəlbində, ürəyində, ruhunda, fikrində yaşayan bayramdır. Ona görə də bu bayram bütün insanları coşdurur, Azərbaycanda olan hər bir insanı sevindirir, şənləndirir. İnsan nə qədər qəm-qüssə içində olsa da, bu bayramda özünü şən əhval-ruhiyyədə hiss edir. Novruz bayramı həm bu dünyada yaşayanların bayramıdır, həm də dünyanı tərk edən insanların ruhunun bayramıdır. Ona görə də təsadüfi deyildir ki, bu bayram ərəfəsində və günlərində hər bir insan öz əcdadını, babasını, dünyadan getmiş qohum-əqrəbalarını yada salır, dünyadan köçmüş insanların qəbri üstünə gedir, onların ruhlarına dualar oxutdurur. Yenə də deyirəm, bunlar hamısı Novruz bayramının nə qədər insani bayram olduğunu, hər bir azərbaycanlı üçün nə qədər əziz bayram olduğunu göstərir. Bununla yanaşı, bu, bizim milli bayramımızdır. Bu bayram əsrlərdən əsrlərə bizim milli, dini adət və ənənələrimizi yaşadıb bu günlərə gətirib çıxaran bayramdır. Buna görə də Novruz bizim ümumdövlət, ümummilli bayramımızdır, ümumxalq bayramımızdır. O da məlumdur ki, ümumxalq, ümumdövlət, ümumölkə amilləri hər bir insan ilə, hər bir vətəndaşla bir olanda bayram da daha yüksək səviyyəyə qalxır, insanlar da bir-biri ilə daha sıx ünsiyyətdə olurlar.
Bu bayram bizim adət-ənənələrimizi əsrlər boyu yaşadıb bu günlərə gətirdiyi kimi, bu gün də bizi birləşdirir, daha da həmrəy edir, xalqımızda daha möhkəm birlik yaradır və birlik yaratmağa xidmət edir. Bizim üçün - Azərbaycan üçün, indi həyatının, tarixinin bu ağır dövrünü keçirən bir xalq üçün, bir millət üçün bu, çox lazımdır, çox zəruridir. Biz tariximizin həm şərəfli bir dövrünü, həm də ən çətin və ağır dövrünü yaşayırıq. Ona görə şərəflidir ki, biz azadıq, müstəqilik, sərbəstik və bu bayramımızı, ola bilər, tarixdə indiyədək olmayan qədər yüksək səviyyədə və geniş bayram edirik. Deməli, bu bizim azadlığımızın, sərbəstliyimizin, müstəqilliyimizin ən yüksək, ən parlaq təzahürüdür.Biz həyatımızın, tariximizin şərəfli bir dövrünü yaşayırıq. Ona görə ki, biz müstəqil dövlət qururuq, hüquqi dövlət qururuq, demokratik dövlət qururuq, insanlara azadlıq, sərbəstlik verən, insanların həyatının daha da firavan olmasına xidmət edə bilən cəmiyyət yaradırıq. Ona görə bu, tariximizin şərəfli səhifəsidir, şərəfli dövrüdür. Biz bu şərəfli dövrü yaşayırıq.
Bütün Azərbaycan xalqını Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik edirəm, bol-ruzi bərəkət arzulayıram.
Müşfiq Həmzəyev
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və
PAETT Birliyinin məhkəmə tibbi eksperti