Elə insanlar var ki,dünyanı hansı yaşında tərk etməsindən asılı olmayaraq qəlblərdə əbədi abidə qururlar. Adı xatirələrdə yaşayaraq qəlblərdə yuva quran insanlardan biri də gözəl insan, ölkəmizin dəyərli ziyalısı Şirəli Ağali oğlu Əhədovdur.Yaşasaydı 65 yaşı tamam olacaqdı dəyərli şəxsiyyətin. Tanınmış fizika müəllimi, müasir təhsilin təşkilatçılardan biri , pedoqoji elmlər üzrə fəlsəfə doktoru, müxtəlif yüksək dövlət qulluğu vəzifələrində ləyaqətlə işləmiş Şirəli Əhədov 1955-ci ildə Masallı rayonun Lürən kəndində anadan olmuşdur. 1970-ci ildə Lürən kənd səkkizillik, 1972-ci ildə Musaküçə kənd orta məktəbini, 1977-ci ildə N.Tusi adına Azərbaycan Pedaqoji İnstitutunun riyaziyyat fakültəsini bitirmişdir.Həmin il Respublika rəhbərliyinin rəsmi təqdimatı əsasında "Əməkdə və təhsildə əldə etdiyi xüsusi nailiyyətlərə görə SSRİ Ali Sovetinin Fərmanı ilə "Şərəf Nişanı "ordeni ilə təltif olunmuşdur. Masallının Musaküçə kənd orta məktəbində Pedaqoji fəaliyyətə başlamışdır. Sonrakı illərdə rayon məktəbində direktor müavini, direktor, RTŞ-nin metodisti, inspektoru vəzifələrində işləmişdir. Ş.Əhədov 1992-ci ildə RİHB -nin Masallı şəhər üzrə nümayəndəsi, 1992-2000-ci illərdə Masallı RTŞ-nin müdiri vəzifəsində çalışmışdır. 30 iyul 2000-ci ildə Ş.Əhədovun Masallı rayonu Icra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında Azərbaycan Respublikasının prezidenti sərəncam imzalamışdır. 2000-2002-ci illərdə Masallı Rayon Icra Hakimiyyətinin başçısı, 2002-2006-cı illərdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi Idarəetmə orqanları ilə iş şöbəsində baş məsləhətçi vəzifəsində çalışmışdır. 2006-cı ildən ömrünün sonunadək Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki 233 saylı tam orta məktəbdə direktor vəzifəsində işləmişdir. Ş.Əhədov işlədiyi müddətdə dövlətçiliyimizə sədaqətlə xidmət etmiş,bacarıqlı təşkilatçı kimi tanınmış, rayonun ictimai həyatında fəallıq göstərmiş, sakinlərin hörmətini qazanmış ,iqtisadiyyatın, xüsusi ilə də təhsilin inkişafı naminə bilik və bacarığını əsirgəməmişdir. O, mehriban ailə başçısı, etibarlı dost yaxsı yoldaş idi.Şirəli Əhədovun üç övladı bu gün onun yolunu şərəflə davam etdirir. Aramızda olmasa da onun işıqlı xatirəsi onu tanıyanların, sevənlərin,əzizlərinin qəlbində əbədi yaşayacaqdır.
Şamil Cəfər