“Ötən il ərzində sahibkarlara 358 milyon manat dəstək göstərilib. Həmçinin 115 milyon manatlıq güzəştli kreditlər verilib”.
Ulusestv.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə “Postpandemiya dövründə vergi sistemi” mövzusunda keçirilən videokonfransda iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.
O qeyd edib ki, ötən il pandemiya şəraitində bütün dünyada bəzi itkilər olub. Azərbaycanda bu itkilərin qarşısını almaq, ciddi itkilərə yol verməmək üçün hökumət milli iqtisadiyyata və sahibkarlıq subyektlərinə yardımlar göstərilib. Müddətli vergi güzəştləri və digər mexanizmlər işə salınıb.
M. Cabbarov əlavə edib ki, pandemiya bütün dünyada iqtisadi geriləməyə səbəb olub və onun təsirindən Azərbaycanda ÜDM 4,3 faiz azalıb.
“Keçən il əlverişsiz dinamikaya görə sahibkarların əlverişli biznesə əlçatanlığını görə bilmədik. Yalnız şaxələnmiş iqtisadiyyat dayanıqlı ola bilər. Ona görə də, hökumət qeyri-neft ixracını təşviq edən strategiya həyata keçirəcək”.
O həmçinin qeyd edib ki, ölkəmizin hazırda Azərbaycanda ixrac potensialı yüksək olan 120-yə yaxın məhsul var. Bu ixrac potensialının genişləndirilməsi nəzərdə tutulur.