"70 ildə ilk dəfədir ki, Azərbaycanda doğulanların sayı 100 mini keçməyə bilər".
Ulusestv.Az “Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, bununla bağlı narahatlığını "Real" partiyasının sədri İlqar Məmmədov bildirib. O qeyd edib ki, hətta bəlkə bu rəqəm 80-90 minə qədər azaldı:
"Söhbət 2021-ci ildən gedir. Sonuncu dəfə belə hal 1950-ci ildə olub. Səbəb – sərt karantin məhdudiyyətləridir.
Son 50 il ərzində ən çox uşaq 1991-ci ildə (190 min), ən az isə 2001-də doğulmuşdu (110 min). Son beşillikdə orta hesabla hər il 140-150 min uşaq doğulurdu. Doğum sayındakı oynamanın müxtəlif səbəbləri olur, o cümlədən əvvəlki müharibələrin və digər şokların demoqrafik dalğaları.
Amma ən çox təsir edən amillərdən biri nikah sayıdır. Bu amilin təsiri getdikcə daha da artır, çünki əvvəllər ailələr 2-4 uşaq dünyaya gətirirdisə, indi 1-3 uşaqla kifayətlənir".
Partiya sədri qeyd edib ki, nikah sayı son 5 il ərzində ildə 62-68 min arasında olub: "Amma 2020-ci ilin 10 ayında heç 30 minə çatmadı. Bu isə, gələn il doğulmayan on minlərlə birinci uşaq deməkdir. O ki qaldı ikinci uşağa, sərt karantin rejimi yüz minlərlə vətəndaşı işsiz, çətin iqtisadi durumda qoyduğu bir halda onların mart ayından bu yana evdə qalıb ikinci uşaq planlaşdırmaları heç inandırıcı gəlmir".
İlqar Məmmədov təklif edib ki, sözügedən azalma baş verərsə, dövlət hər ailədə ikinci uşağın doğulmasını həvəsləndirən yeni sosial dəstək paketi ilə çıxış etməli və bu mövzu diqqət mərkəzində saxlanmalıdır.