Son günlər cəbhədə baş verən döyüşlərlə əlaqədar Prezident İlham Əliyevə həm ölkədən, həm də xarici ölkələrdən dəstək məktubları gəlməkdə davam edir. Vətəndaşlar məktublarında hər zaman ölkə başçısının yanında olduqlarını yazırlar.
Ulusestv.Az “Qafqazinfo”ya istinadən məktublardan bir neçəsini təqdim edirik:
Gökhan Topaldan, Nevşehir, Türkiyə
Hörmətli cənab Prezident.
İlk növbədə, Sizə salamlarımı çatdırır, ehtiramımı bildirir, bir türk kimi dövlətimin və xalqımın Sizin, dəyərli qardaşlarımızın haqlı mübarizənizdə yanınızda olduğumuzu, Sizlərə hər cür dəstəyimizi göstərməyə, cəbhədə qardaşlarımla çiyin-çiyinə durmağa hazır olduğumuzu bildirirəm.
Bu dəqiqələrdə cəbhədə olan hər kəs üçün dua edir, Allahımdan onlara kömək olmasını diləyirəm.
Allah yar və yardımçımız olsun.
Hümbət Məmmədovdan, Cəbrayıl, Azərbaycan
Cənab İlham Əliyev, əziz Ali Baş Komandan!
Biz - bütün cəbrayıllılar torpaqlarımızın hər qarışının yağıdan azad edilməsinə çox sevinirik. Yaşından asılı olmayaq, hər birimiz Vətən uğrunda döyüşə hazırıq. Ya Qarabağ, ya ölüm - başqa yol yoxdur. Biz haqq mübarizəsi aparırıq.
Möhtərəm cənab Ali Baş Komandan, Sizin bütün əmrlərinizi və yeni Qələbə xəbərlərinizi səbirsizliklə gözləyirik. Tezliklə Şuşada, Cıdır düzündə Qələbə Bayağının sancılacağına əminik. Allah əsgərlərimizi və Sizi qorusun.
Ruşan Qasımovdan, Sumqayıt, Azərbaycan
Hörmətli cənab Prezident.
Azərbaycan Respublikasının hərtərəfli inkişafında göstərdiyiniz misilsiz xidmətlərinizə və son günlər çıxışlarınızda biz vətəndaşlarda və Orduda, əsgər və zabitlərimizdə vətənpərvərlik hissini, həmçinin orduda döyüşən hərbiçilərdə ruh yüksəkliyi yaratdığınız üçün Sizə dərin minnətdarlığımızı bildiririk.
Biz fəxr edirik ki, bizim geniş dünyagörüşlü, müdrik, böyük şəxsiyyət, xalqın istəklisi, əvəzolunmaz Prezidentimiz var. Mənim 65 yaşım olsa da, torpaqların azad olunmasında düşmənlə vuruşmağa hazıram. Sizə göndərdiyim bütün məktublarda öz mövqeyimi bildirmişəm.
Arzu edirəm, Azərbaycan bayrağını yaxın zamanda Şuşada ucaldılmasında yaxından iştirak edim. Allah Sizi qorusun.
Yədulla Ağazadədən, Lənkəran, Azərbaycan
Möhtərəm cənab Prezident.
Ulu öndər Heydər Əliyevin təməlini qoyduğu qurtuluş xilaskarlıq missiyasını əzmlə həyata keçirən, yaşadığımız tarixi günlərin baş qəhrəmanı, xalqımızın milli Lideri olaraq Sizinlə sonsuz qürur duyduğumuzu bildirir, bütün zamanlarda olduğu kimi, erməni faşizmi ilə haqlı savaş anlarında da ailəliklə Sizin yanınızda olduğumuzu bəyan edirik.
Xalqımızın, Ordumuzun gücü-qüdrəti Vətən məhəbbətinin, rəhbərə, Prezidentə, Ali Baş Komandana olan sonsuz sevginin, inam və etibarın parlaq ifadəsidir.
Cüməqulu Sabirovdan, Ağsu, Azərbaycan
Hörmətli cənab Prezident.
Sizin Ali Baş Komandan kimi hərbçilər və xalqla birlikdə apardığınız Qarabağ müharibəsində tam qələbəyə nail olacağınıza inanırıq. Xalqımız və bizim ailəmiz Sizin yanınızdadır. Biz Sizinlə və ordumuzla fəxr edirik. İnşallah, torpaqlarımızı azad edib böyük Azərbaycan varlığını ermənilərə və dünyaya sübut etməliyik.
Yarımçıq sülh danışıqlarını qəbul etməməyiniz, xarici dövlətlərin aldadıcı bəyanatlarına qarşı qətiyyət göstərməyiniz bu mübarizədə sonadək gedəcəyinizə sübutdur.
Biz birlikdə güclüyük. Allah Sizi, ailənizi və xalqımızı qorusun. Sizə və ailənizə cansağlığı, xoşbəxtlik, Qarabağda qələbə arzulayırıq.
Səxavət Abduxalqovdan, Qəbələ, Azərbaycan
Çox hörmətli cənab Prezident.
Mən Azərbaycanın sadə bir övladıyam. Bu torpağın suyunu içib, havasını alıb, çörəyini yeyib boya-başa çatmışam. Doğma torpağın hər qarışı mənim üçün əzizdir. Ümummilli liderimiz dahi Heydər Əliyev demişkən: “Mən fəxr edirəm ki, azərbaycanlıyam”.
Üçrəngli bayrağımızla ürəyimdə daim qürur hissi duymuşam. İnanın ki, 38 yaşım olsa da, Azərbaycanın Dövlət Himni oxunanda, uğur qazandığımız idman yarışlarında Azərbaycan Bayrağı ucalanda, bu yaşımda belə uşaq kimi sevinərək ağlayıram, gözlərim dolur. Həmişə arzulamışam ki, həmin müqəddəs bayraq doğma Qarabağda dalğalansın, Azərbaycanın Dövlət Himni məhz Qarabağda oxunsun.
Bu gün xəyallarımızın reallığa çevrilməsinin şahidi oluruq. Şanlı Ordumuz Sizin müdrik və uzaqgörən siyasətiniz nəticəsində torpaqlarımızı bir-bir işğaldan azad edir. Mən də bir övlad, bir oğul kimi Sizin yanınızda olmaq, ölkəmə, Vətənimə və xalqıma dəstək olmaq arzusundayam.
Cənab Ali Baş Komandan, Siz dahi Heydər Əliyevin layiqli davamçısı, Azərbaycanın Liderisiniz. Azərbaycan vətəndaşları Sizi çox istəyir, Sizinlə qürur duyur və arxanızdadır.
Zəfər bizimdir!
İlhamla irəli!
İlqar Mustafayevdən, Şəki, Azərbaycan
Hörmətli cənab Prezident.
İlk öncə rəhbərliyinizlə cəbhədə qazanılan bütün uğurlara görə Sizi, Azərbaycan xalqını və Vətənimizin bütünlüyü uğrunda savaşan hər bir zabit və əsgərimizi təbrik edirəm. Hər birinizə dərin minnətdarlığımı bildirir, bütün Şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Sizin bütün çıxışlarınızı fərəhlə izləyir və belə bir Liderimiz olduğu üçün qürur hissi keçirirəm. Sizin bütün dünyaya nümayiş etdirdiyiniz qətiyyətli addımlarınız hər bir vətəndaşda ruh yüksəkliyini bir az da artırır. Son çıxışınızdakı ifadələr bütün dünyaya Sizin Azərbaycan xalqına sadəcə bir ölkə rəhbəri kimi deyil, həm də ailəsinin namusunu, qeyrətini qoruyan bir ailə başçısı, bir ata kimi dayaq durduğunuzu nümayiş etdirir. Allah Siz başda olmaqla bütün Azərbaycan xalqını, Ordusunu, Türk millətini qorusun. Sizin səbrlə və yüksək diplomatiya ilə qazandığınız uğurlar hər birimizi sevindirir.
Kəmalə Nəhmədovadan, Gəncə, Azərbaycan
Hörmətli Prezidentimiz, cənab Ali Baş Komandan.
Biz hər birimiz Sizin torpaqlarımızın bütövlüyü uğrunda apardığınız qətiyyətli mübarizənin şahidiyik. Sizi əmin etmək istəyirəm ki, Gəncə sakinləri Sizin haqq uğrunda mübarizənizdə sonadək yanınızdadır. Üzərimizə düşən hər vəzifəni yerinə yetirməyə hazırıq. Əminik ki, Siz əsarətdə olan və tarixi torpaqlarımız olan Qarabağımızı Azərbaycan xalqına bütöv şəkildə qaytaran böyük sərkərdə olaraq qızıl hərflərlə tarixə adınızı yazacaqsınız. Biz Gəncə sakinləri olaraq Sizinlə və şanlı Ordumuzla qürur duyuruq. Uca Tanrı Sizi qorusun.
Orxan Əzimovdan, Cəlilabad, Azərbaycan
Hörmətli Prezident, cənab Ali Baş Komandan.
Mən bir təhsil işçisi olaraq Sizinlə fəxr edirəm. Bu günləri bizə yaşatdığınız üçün Sizə nə qədər təşəkkür etsək, azdır. 30 ilə yaxındır ki, düşmən tapdağı altında olan torpaqlarımızda artıq şanlı Azərbaycan Ordusunun qələbə səsləri gəlir. Müqəddəs torpaqlarımızdan erməni işğalçılarının son nəfərinədək qovulacağı zəfər günü lap yaxındır. Bunun üçün Sizə və Ali Baş Komandanı olduğunuz Milli Ordumuza minnətdarıq. Azərbaycan xalqı Sizin arxanızdadır və ölkəmizin gələcəyi naminə alacağınız bütün qərarları daim dəstəkləyir.
Var olsun güclü dövlətimiz və onun güclü Lideri!
Ramil Qardaşovdan, Balakən, Azərbaycan
Möhtərəm cənab Prezident.
Sizi bir gənc olaraq, bir vətəndaş olaraq səmimiyyətimlə və bütün qəlbimlə dəstəkləyirəm.
Qəbul etdiyiniz düzgün qərarların nəticəsinin gətirdiyi xoş xəbərlərə bir azərbaycanlı kimi çox sevinirəm. Sizə inamımız və etibarımız tamdır. Bu gün Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi yolunda əldə olunan uğurlar Sizin dərin strategiyanızın və düzgün siyasi qərarlarınızın nəticəsidir. Biz gənclərin daim Sizi dəstəklədiyimizi və Sizin yanınızda olduğumuzu bildirmək istəyirəm və inanıram ki, şəhidlərimizin qanı yerdə qalmayacaqdır.
Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
Şəfəq Mehdiyevadan, Göygöl, Azərbaycan
Möhtərəm cənab Prezident.
İşğal altında olan torpaqlarımızın azad olunması uğrunda əks-hücum əməliyyatlarına başlanması üçün verdiyiniz qətiyyətli qərara görə Sizə Göygöl gəncləri adından minnətdarlığımı bildirirəm.
Bu günlərdə cəbhədə baş verənlər məni bir gənc olaraq qürurlandırdı. Çünki Sizin komandanlığınızla müasir silahlarla təchiz olunmuş Ordumuz Dağlıq Qarabağı işğaldan azad etmək əzmindədir.
Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
Taleh Məlikovdan, Göyçay, Azərbaycan
Hörmətli Cənab Prezident.
Ölkəmizi müxtəlif təhdidlərdən qoruyan, onun davamlı böyük uğurlar əldə etməsinə imkan yaradan mühüm səbəblərdən biri Sizin liderlik xüsusiyyətlərinizdir. Azərbaycanın uzun illərdir işğal altında olan torpaqları sizin və ordumuzun sayəsində geri qaytarılır. Bu xalqın gəncləri olaraq biz də Sizin siyasətinizi sonadək dəstəkləyir və Sizə uğurlar arzulayırıq. “Biz birlikdə güclüyük!” və “Qarabağ Azərbaycandır!” şüarı ilə daim irəli addımlayacağıq!
Nurcahan Əmənzadədən, Biləsuvar, Azərbaycan
Cənab Ali Baş komandan İlham Əliyev.
Sizin Azərbaycan gənclərinə verdiyiniz qiymət və dayaq hər bir Azərbaycan gənci üçün aydındır. Başqa Ölkələrdə sizin qədər gənclərə dayaq olan ikinci ölkə başçısı tanımıram. Ordumuzun zəfərlərinə sevinirik. Sizin sayənizdə Qarabağ Azərbaycana geri qayıdacaq, biz sizə güvənirik, Allahdan uzun ömür can sağlığı diləyirəm. Allah sizi Azərbaycan ordusuna çox görməsin. Men bir tələbə olaraq həmişə sizin vətənimizə bəxş etdiyiniz gözəllikləri, yaxşılıqları görürəm və sizə təşəkkür edirəm. Allah sizi Azərbaycan ordusunun başından əskik eləməsin.
Qarabağ Azərbaycandır!
Şirin Şuminovdan, Oğuz, Azərbaycan
Hörmətli cənab Prezident.
Beynəlxalq qanunlar əsasında Azərbaycan Respublikasının ərazi bütövlüyünü təmin etmək üçün başlatdığınız zəfər yürüşündə Sizə yeni uğurlar arzulayırıq. Tək Yaradan Sizə yar olsun. Sizin rəhbərliyinizlə Şanlı Azərbaycan Ordusunun erməni işğalçılarından Qarabağı təmizləməklə Azərbaycanın ərazi bütövlüyünün təmin edəcəyinə, tezliklə qələbə çalaraq, Beynəlxalq haqqı bərpa edəcəyinə inanırıq. Müharibə itkisiz olmur. Şəhidlərimizə rəhmət diləyirik. Qazilərimizə şəfa arzulayırıq. Sizin müdrik rəhbərliyinizlə şanlı Azərbaycan Ordusunun ən az itki ilə tam qələbəsi üçün dualar edirik.
Assena Heydərlidən, Bakı, Azərbaycan
Hörmətli cənab Prezidentimiz.
Biz tələbələr bu haqq yolunda gedən Vətən savaşında biz Sizinləyik.
Biz gənclərə barıt tüstüsündən duman çökmüş boz gələcək deyil, günəşli, firavan, ərazi bütövlüyü və sərhədləri tam bərpa olunmuş bir ölkə ərmağan edəcəyinizə tam inanırıq. Sizin kimi baş ucaldan varis qoyub getdiyi üçün Ulu Öndərin ruhu qarşısında baş əyirik.
Şəkər Əhmədovadan, Tərtər, Azərbaycan
Hörmətli cənab Prezident.
Sizin həm dünya dövlətlərinə, həm də Paşinyana dediyiniz sözlər xalqımızın və millətimizin ürəyindən keçən sözlərdir. O sözləri deyən dilinizə qurban olum, oğlum!
"Dost dar gündə tanınar". Artıq dostumuz və düşmənimiz məlumdur. Bütün xalq Sizin arxanızdadır. Otuz ilə yaxındır ki, münaqişənin sülh yolu ilə həll olunmsını səbr və təmkinlə gözlədik. Səbrin də bir tükənən vaxtı var. Nə qədər səbr etmək olar? Siz çox səbr və təmkin göstərdiniz. Birlik olan yerdə qələbə də olar. Azərbaycanda dövlət, ordu və xalq birliyi mövcuddur. İnşaallah Qələbə bizim olacaqdır. Siz güclü siyasətci və hümanist insan oldğunuzu sübut etdiniz. Nidanın nöqtəyə cavabı belə olmalıdır! Bəs necə!
Allah bizim güvəndiyimiz Ordumuzu və onun Ali Baş Komandanını qorusun. Amin!