
… “Gecənin zülmətində, şəhərin buza dönmüş küncündə qaynar su ilə yandırılmış, acından inildəyən bir canlının fəryadı yüksəlir…” İllər əvvəl Bulqakov “İt ürəyi” əsərində həmin fəryadı Şarikin dilindən yazıya köçürmüşdü. Bu gün isə onun səsi romanın səhifələrindən çıxıb şəhərimizin küçələrinə qədər gəlib çatır.
Bulqakov yaralı bir küçə itinin baxışlarını güzgüyə çevirərək cəmiyyəti elə bir çılpaqlığı ilə üz-üzə qoyur ki, orada insanın bütün yalançı maskaları bir-bir soyulur. O yazırdı: “Heç bir canlı dünyaya şər olaraq doğulmur; onu qəddarlaşdıran mühitin soyuqluğu və insanın mərhəmətsiz rəftarıdır”.
Bu gün şəhərimizin küçələrində, zibil qutularının yanında, bina keçidlərində göz-gözə gəldiyimiz yüzlərlə Şarik var. Bəzən yanlarından sakitcə keçirik, bəzən uşağımızın əlindən daha bərk tuturuq, bəzən də yolumuzu dəyişirik. Küçə itləri şəhərin eyni mənzərəsində iki fərqli hiss oyadır: qorxu və mərhəmət. Bir tərəfdə övladının təhlükəsizliyini hər şeydən üstün tutan ana dayanır. Onun qorxusunu kiçiltməyə haqqımız yoxdur. Digər tərəfdə isə küçənin soyuğunda titrəyən bir canlının yaşamaq haqqını müdafiə edən insan var. Onun mərhəmətini də görməzdən gələ bilmərik. Əsl paradoks da elə bundadır: hər iki tərəf haqlı olduğu halda, biz onları bir-birinin qarşısına qoymağı bacarmışıq. Elə bir həddə gəlmişik ki, bir uşağı qorumaq üçün heyvana düşmən olmalı, bir heyvanı müdafiə etmək üçün isə insanın qorxusunu görməzdən gəlməliyik.
Səmimi bir etiraf edim. İllərdir evimdə bir, küçədə isə 17 pişiyə baxıram. Hər gün üç dəfə yemlərini verir, sularını təzələyirəm. Lazım gələndə qurd-bit dərmanı vurur, xəstələnəndə baytara aparıram. Özümü “heyvansevər” hesab etmək üçün hər cür təsəllim var idi. Ta ki küçədəki pişiklərdən birinin həyətə girib mənim pişiyimə hücum etdiyi o məşum günə qədər... Pəncərədən gördüyüm mənzərə içimdəki bütün mənəvi nəzəriyyələri darmadağın etdi. Həyəcanla həyətə qaçdım, nə etdimsə də boğuşan pişikləri ayıra bilmədim. Uşağı döyülən ananın instinktiv qorxusu ilə yerdən əlimə keçən ilk ayaqqabı tayını götürüb çöl pişiyinə tulladım. Bərk dəydi. Pişik qaçdı. Elə onda bu böyük həqiqət üzümə qapı kimi çırpıldı: Mən doğrudanmı heyvansevərəm? Mən həqiqətən də təmənnasız mərhəmət sahibiyəm, yoxsa sadəcə hər gün onları yemləməklə öz vicdanımı rahatladıb özümü “yaxşı insan” hesab edən biriyəm? Mənim sərhədimi keçənə qədər mərhəmət etdiyim heyvan, pişiyimə toxunduğu an gözümdə “pis canlıya” çevrilmişdi. Anlamışdım ki, insanın mərhəməti subyektivdir. Biz başqasının ağrısına öz ağrımız qədər həssas deyilik. Başqasının balasına gələn təhlükəyə “təbiətin qanunudur” deyə bilirik, öz balamızın üstünə kölgə düşəndə isə həmin qanunu dərhal tapdalayırıq. Bax elə buna görə küçə heyvanları məsələsini ayrı-ayrı insanların insafına, dəyişkən vicdanına buraxmaq olmaz. Küçədəki itlər göydən düşməyib. Onların aqressiyası da səbəbsiz yaranmır. Aclıq, qorxu, xəstəlik, bala qoruma instinkti və nəzarətsiz çoxalma üst-üstə yığılanda ortaya təhlükə çıxır. Biz isə nəticəyə baxıb hökm oxuyuruq: “Bu it təhlükəlidir!” Bəli, təhlükəlidir. Amma təhlükənin səbəbi ilə nəticəsini qarışdırmaq problemi həll etmir. Küçədə heyvanların yaşamasını və çoxalmasını təmin edən nəhəng bir mexanizm var: açıq zibil konteynerləri, vaxtında daşınmayan tullantılar, sənaye və tikinti zonalarında “mühafizəçi” kimi saxlanılıb sonra taleyin ümidinə buraxılan sürülər... Ekologiyada buna “daşıma tutumu” deyilir — resurs bol olduğu müddətdə populyasiya təbii olaraq artacaq. Küçədəki itə yemək verib zibil dağınıqlığını olduğu kimi saxlamaq, kranı açıq qoyub hər gün döşəməni silməyə bənzəyir. Bu zənciri qırmağın yolu emosional hay-küy deyil, soyuqqanlı elmi yanaşmadır. Bir dəfəlik kampaniyalar heç nəyi dəyişmir.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tədqiqatları göstərir ki, kütləvi məhv etmək və ya passiv mövqe tutmaq nəticə vermir. Türkiyə və İspaniyada tətbiq olunan TNVR (Tut – Sterilləşdir – Peyvəndlə – Burax) metodu xəstəlik və aqressiya riskini sıfırladığı halda, Niderland modeli məcburi çipləmə, kütləvi sterilləşdirmə və heyvanı küçəyə atanlara ağır cərimələr tətbiq etməklə dünyada küçəsində sahibsiz it olmayan ilk ölkəyə çevrilib. İranın Kirman şəhərində aparılan modelləşdirmə tədqiqatı isə çox kəskin bir həqiqəti ortaya qoyur: müdaxilə olunmazsa, sərbəst dolaşan itlərin sayı beş il ərzində iki dəfəyə, on il ərzində isə 2,86 dəfəyə qədər artır. Modeldə dişi itlərin hər il yarıdan çoxunun sterilizasiya edilməsi isə bu artım zəncirini kəsərək heyvanların sayını beşillik proqnozda əhəmiyyətli dərəcədə aşağı salır. Bu rəqəmlər bizə məsələnin əsl mahiyyətini xatırladır: küçə itləri problemi təkcə bu gün gözümüzün qarşısında olan canlıların sayı deyil, sabah doğulacaq itlərin sayıdır. İnsanın məsuliyyəti də küçədəki heyvanın taleyi qədər görünən olmalıdır. Sərt sanitariya qaydaları ilə açıq zibilliklər qapanmalı, nizamsız yemləmələr yerini baytarlıq nəzarətində olan xüsusi bəsləmə nöqtələrinə verməlidir. Aqressiv və xəstə itlər isə dərhal mühitdən təcrid olunaraq peşəkar karantin mexanizminə cəlb edilməlidir. Yəni heyvan hüququ insan təhlükəsizliyinin əleyhinə qoyulmamalı, insan təhlükəsizliyi də heyvanların həyatının dəyərsiz elan edilməsi üçün bəhanəyə çevrilməməlidir.
O gün “çöl pişiyi”nə tulladığım ayaqqabı tayı məni qəddar insan etmədi; sadəcə mərhəmətimin də bir sərhədi olduğunu göstərdi. Bu, etiraf etməli olduğumuz ən dürüst həqiqətdir. Mən küçədəki bütün itləri sevə bilmərəm, siz də! Amma bir küçədə uşağın qorxudan anasına sığınması nə qədər gerçəkdirsə, küncdə yağışın altında titrəyən itin varlığı da o qədər gerçəkdir. Sivil cəmiyyətin böyüklüyü özünü qoruyarkən qarşısındakını məhv etməmək bacarığıdır. Küçə iti bizim düşmənimiz deyil; o, bizim məsuliyyətimizin və insanlığımızın sınağıdır.
Nərmin Dadaşova
Xüsusi olaraq “Qafqazinfo” üçün