
Dünən Şəki Şəhər İcra Hakimiyyətinin və Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə Zəfər Gününə həsr olunmuş bayram tədbiri keçirilib.
“Qafqazinfo” xəbər verir ki, Şəki şəhər Heydər Əliyev Mərkəzində təşkil olunmuş tədbirdə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, Milli Məclisin deputatı Vüqar İskəndərov, şəhər icra hakimiyyətinin məsul şəxsləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, müharibə veteranları, ictimaiyyətin nümayəndələri, gənclər iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Zəfər Gününə həsr edilmiş sərgi ilə tanış olublar.
Bayram tədbiri Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək bildirib ki, 2020-ci ilin noyabr ayının 8-də şanlı Ordumuz tərəfindən tarixi, mədəni və strateji əhəmiyyətə malik Şuşa şəhərinin işğaldan azad edilməsi Zəfər Günü kimi tariximizə yazılmışdır. Qarabağ Zəfəri Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin qətiyyəti və qüdrətli sərkərdəliyi, qəhrəman əsgər və zabitlərimizin igidliyi ilə, şəhidlərimizin qanı və canı bahasına qazanılıb. Bu əlamətdar gün xalqımızın çoxəsrlik dövlətçilik tarixinin ən şanlı səhifələrindən biri olmaqla yanaşı, milli birliyimizin, sarsılmaz iradəmizin və Vətən sevgimizin parlaq təcəssümüdür.
İcra başçısı vurğulayıb ki, şanlı Zəfər sayəsində bu gün Azərbaycan Respublikasının Dövlət Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanmaqdadır.
Zəfər Gününə həsr olunmuş bayram tədbiri maraqlı konsert proqramı ilə davam edib.
Axşam saatlarında isə Zəfər Günü münasibətilə atəşfəşanlıq olub.