
Azərbaycan Bayrağı ordenli, ehtiyatda olan polkovnik Elmar Hüseynov “Paraqraf TV”nin “Zəfərin ziyası” verilişində çıxışı zamanı 44 günlük Vətən müharibəsinin tarixi əhəmiyyətindən, Azərbaycan Ordusunun keçdiyi inkişaf yolundan, Birinci Qarabağ müharibəsində xalqımızın göstərdiyi qəhrəmanlıq nümunələrindən və 2020-ci ildə əldə edilən möhtəşəm Zəfərin arxasında dayanan fədakarlıqlardan danışıb.
Elmar Hüseynovun fikirlərinə görə, 44 günlük Vətən müharibəsində qazandığımız tarixi Qələbənin təməli heç də 2020-ci ildə qoyulmamışdı. Bu Zəfərin başlanğıcı hələ 1990-cı illərə, Azərbaycanın müstəqilliyinin ilk illərində torpaqlarımızın müdafiəsi uğrunda aparılan mübarizəyə gedib çıxır. Həmin dövrdə Azərbaycan Ordusu yenicə formalaşır, dövlətimiz hərbi quruculuq sahəsində ciddi çətinliklərlə üzləşirdi. Buna baxmayaraq, Vətən sevgisi ilə silahlanan igid oğullarımız Birinci Qarabağ müharibəsində böyük şücaət, qəhrəmanlıq və fədakarlıq nümayiş etdirirdilər.
O illərdə Azərbaycan əsgərinin əlində müasir silahlar, güclü texnika və bugünkü imkanlar olmasa da, ürəyində Vətən sevgisi, torpağa bağlılıq və düşmənə qarşı mübarizə əzmi var idi. Birinci Qarabağ müharibəsində şəhid olan qəhrəmanlarımızın, döyüşlərdə yaralanan qazilərimizin və mübarizəni davam etdirən hərbçilərimizin xidmətləri heç zaman unudulmamalıdır. Onların hər biri bugünkü Zəfər tariximizin yazılmasında özünəməxsus iz qoyub.
2020-ci ildə isə Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli hərbi-siyasi iradəsi, Azərbaycan Ordusunun yüksək döyüş hazırlığı və əsgər-zabitlərimizin misilsiz qəhrəmanlığı sayəsində xalqımızın uzun illər gözlədiyi tarixi Qələbə əldə edildi. Bu Zəfər şəhidlərimizin müqəddəs qanı, qazilərimizin sağlamlığı, hər bir hərbçimizin fədakarlığı və xalqımızın sarsılmaz iradəsi bahasına qazanıldı.
Polkovnik Elmar Hüseynovun çıxışında diqqət çəkən ən təsirli məqamlardan biri də onun şəxsi həyatında yaşadığı ağır itkilərlə bağlı fikirləridir. O, Vətən müharibəsinin ağrı-acısını yalnız hərbçi və zabit kimi deyil, həm də doğmalarını itirmiş bir insan kimi yaşadığını vurğulayaraq bildirib ki, onun iki bacısı oğlu – kapitan Həmid Cəfərli və gizir Orxan Cəfərli Vətən uğrunda şəhid olublar. Bu itki onun ailəsi üçün əvəzolunmaz dərd, Azərbaycan xalqı üçün isə böyük qəhrəmanlıq nümunəsidir.
Kapitan Həmid Cəfərli və gizir Orxan Cəfərlinin Vətən qarşısında göstərdikləri fədakarlıq şəhidlik zirvəsinin nə qədər müqəddəs olduğunu bir daha xatırladır. İnsan üçün doğmasını itirmək həyatın ən ağır sınaqlarından biridir. Lakin Vətən uğrunda şəhid vermiş ailələrin qüruru da məhz onların övladlarının, qardaşlarının və yaxınlarının Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü naminə canlarından keçməsidir.
Elmar Hüseynov, həmçinin ən yaxın qohumlarından biri olan Muxtar Qasımlının adını xüsusi qeyd edir. Bu məqam onun Vətən müharibəsi ilə bağlı xatirələrinin və yaşantılarının nə qədər şəxsi, nə qədər ağrılı olduğunu göstərir. Çünki müharibənin tarixi salnaməsi yalnız döyüş meydanlarında qazanılan uğurlardan ibarət deyil. Həmin salnamənin hər sətrində bir ailənin həsrəti, bir ananın göz yaşı, bir atanın nisgili, bir qardaşın ağrısı və bütöv xalqın qüruru yaşayır.
44 günlük Vətən müharibəsində xalq-ordu, ordu-xalq birliyi Azərbaycanın gücünü dünyaya nümayiş etdirdi. Cəbhədə əsgərimiz döyüşür, arxa cəbhədə xalqımız onunla nəfəs alırdı. Hər bir Azərbaycan vətəndaşı özünü bu mübarizənin iştirakçısı hesab edir, ordumuzun qələbəsi üçün mənəvi dəstəyini əsirgəmirdi. Bu birlik düşmən üzərində qələbəmizin ən mühüm amillərindən biri oldu.
Ehtiyatda olan polkovnik Elmar Hüseynovun “Paraqraf TV”nin “Zəfərin ziyası” verilişində səsləndirdiyi fikirlər bir daha sübut edir ki, Azərbaycan Zəfəri sadəcə hərbi uğur deyil, həm də xalqımızın milli iradəsinin, dövlətçilik əzminin və sarsılmaz birliyinin təntənəsidir.
Bu gün biz həm Birinci Qarabağ müharibəsində, həm də 44 günlük Vətən müharibəsində canından keçən bütün şəhidlərimizi dərin ehtiramla yad edirik. Kapitan Həmid Cəfərlinin, gizir Orxan Cəfərlinin və bütün qəhrəmanlarımızın əziz xatirəsi xalqımızın qəlbində daim yaşayacaq. Onların qanı ilə yazılan Zəfər tariximiz gələcək nəsillər üçün əbədi qəhrəmanlıq məktəbi olacaq.
Qarabağ Azərbaycandır! Şəhidlərimizin ruhu qarşısında baş əyirik! Yaşasın Müzəffər Azərbaycan Ordusu, yaşasın xalq-ordu birliyi!
Fərid Səfərov