Endometrioz geniz yayılmış ginekoloji xəstəlik olub; uşaqlığın daxili qişası olan endometriya toxumasının öz yerindən, öz hüdudlarından kənarda və digər orqanlarda yerləşməsidir. Yalnız reproduktiv yaş dövründə olan qadınlarda rast gəlinir. Həmin bu öz hüdüdlarından kənarda yerləşmiş endometroid toxumalar; endometriya qişası kimi hormonlara həssas reseptorlara malik olur və endometriyada gedən tsikliki proseslər, eyni zamanda kənarda yerləşən endometrioz ocaqlarda da baş vermiş olur. Məsələn: ağ ciyərlərdə yerləşərsə hər tsikliki proses zamanı ağızdan qan gəlməsi, dəridə yerləşərsə həmin nahiyənin tsikliki qanaması və s. baş verir. Çox da böyük olmayan endometrioz ocaqlarda baş vermiş qansızmalar öz ətrafında iltihab əmələ gətirir, ağrılar başlayır, orqanın böyüməsinə və nəhayət sonsuzluğa gətirib çıxarır. Endometrioz yerləşməsinə görə genital (uşaqlıq əzələsi, yumurtalıq, uşaqlıq boruları, uşaqlıq boynu)və ekstragenital (bağırsaq, göbək, tənəffüs sistemi və s.) olur. Endometrioz hormondan asılı xəstəlik olduğuna görə get gedə xəstənin şikayətləri artmış olur və fəsadlar da dərinləşir. Endometroid ocaqlar eynilə endometriya qişası kimi tsikliki olaraq inkişaf edir, qalınlaşır, qopur lakin bu kütlənin evakuasiyası mümkün olmadığına görə qan kütləsi kiçik çanaq boşluğunda, toxumalar arasında yığılıb qalır və ağrılarla, qarının köpməsi, çapıq toxumanın yaranması ilə müşayiət edilən aseptik iltihabi proses əmələ gəlir. Hər ay və illərlə tsikliki proses təkrarlanaraq xəstəliyi daha da proqressivləşdirmiş olur. Xəstəliyi törədən səbəblər müxtəlifdir- hormonal, endometrial, implantasion, embrional, mataplastik, genetik ola bilər. Diaqnoz əsasən anamnezə, USM-sinə və laparoskopiyaya görə qoyulur. Tam müalicəsi yoxdur Yalnız simptomatik, hormonal və cərrahi üsulladır.
Adenomioz xəstəliyi də endometriozla eyni mənşəli olub və daha ağırlaşmış formada olan bir xəstəlikdir. Adenomioz xəstəliyində də eyni ilə endometriya qişası özünə məxsus olmayan toxumalara , əsasən də miometriya qatına miqrasiya edərək şişlər, düyünlü ocaqlar əmələ gətirir. Daxili adenomiozun ocaqlı, düyünlü və diffuz formaları aşkar edilir. Xəstəliyi genetik meyillik, fiziki gərginlik və uşaqlıq nahiyəsində olan cərrahi əməliyyatlar da provakasiya edə bilər. Simptomlar endometriozla eynidir, lakin daha qabarmış formada özünü büruzə verir. Adenomioz zamanı diaqnozu dəqiqləşdirmək üçün və onkoloji xəstəliyi inkar etmək üçün USM-dən əlavə MRT- dən də istifadə olunur. Endometrioz və adenomioz çanaq ağrılarının və sonsuzluğun əsas səbəblərindən biri kimi aktual olaraq qalır.
“Ailə həkimi klinikası” F. Rüstəmova