Şəhidlik – müqəddəsliyin ən uca və ülvi zirvəsidir. Bu zirvəni fəth etmək hər insana nəsib olmur və hər kəs də bunu bacarmır. Həyatını qurban verərək dini, vətəni, dövləti, milləti uğrunda vuruşub allahın razılığını əldə edən öldürülən şəhid adlanır.
Şəhid cismən öldürülsə də, lakin ruhən ölmür, qəlblərdə yaşayır, əbədi olaraq yaddaşlara həkk olunur.
Dövlətimiz tərəfindən şəhidlərə və şəhid ailələrinə hörmət, ehtiram, diqqət və qayğı günü- gündən artır. Şəhidlərimiz cəmiyyətdə yetərincə təbliğ olunsalar da lakin əfsuslar olsun ki, bəzilərinin qəhrəmanlığı layiqincə dəyərləndirilməyib, hələ də, keçdikləri şərəfli həyat yolu gənclərimizə örnək göstərilmir. Belə şəhidlərimizdən biri də Həbibov Fəxrəddin Rza oğludur.
F. Həbibov 1962- ci ilin dekabrın 2- də Lənkəran rayonunun Moloja kəndində anadan olub. 1969- 1979- cu illərdə Lənkəran İnternat orta məktəbində (indiki xarici dillər təmayüllü gimnaziya) orta təhsil alıb. 1978- 1981- ci illər Lənkəran tibb məktəbində müalicə işi ixtisası üzrə təhsil alıb. Həmin məktəbi bitirdikdən sonra 1981- ci ilin mayında 1983- cü ilin mayınadək Rusiyada tank hərbi alayların birində xidmət edib. Hərbi xidmət dövründə tank komandiri və baş serjant rütbəsinə yüksəlib. 1983- cü ildən 1990- cı ilin yanvarınadək Lənkərandakı rus hərbi hissələrində tibb işçisi kimi xidmət edib. Müstəqilliyimizin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda mübarizənin fəallarından olub.
1991- ci il 9 oktyabr tarixində Azərbaycan Respublikasının Ali Soveti Azərbaycandakı rus hərbi hissələrinin invertallaşdırılması haqqında qərar qəbul edir. Həmin qərardan sonra ərazi özünü müdafiə batalyonları yaranmağa başlayır. 1991-ci ilin noyabrın 14-dən etibarən Lənkəranda Həzi Aslanov adına 820 saylı batalyon yaradılır. Həmin batalyon lənkərandakı rus hərbi hissələri invertallaşdıraraq 704 saylı briqada ilə əvəz olunur. Fəxrəddin Həbibov briqadanın tərbiyəvi işlər üzrə komandiri vəzifəsinə təyin olunur.
O, 1992- ci ilin yanvarından həmin ilin avqustunadək briqadanın apardığı bütün döyüş əməliyyatlarına rəhbərlik edir. 1992- ci ilin avqustun 20- də Ağdərənin Kasapet yüksəkliyi uğrunda gedən döyüşlərdə tank ekipajı ilə minaya düşüb ağır yaralanır. Təcili sürətdə helikopter vasitəsi ilə Bakı şəhəri mərkəzi hospitalına göndərilir. Həkimlərin göstərdikləri bütün səylər boşa çıxır və onu həyata qaytarmaq mümkün olmur. Azərbaycan Ərazi Bütövlüyü uğrunda həlak olan Fəxrəddin Həbibov avqustun 22- də Lənkəran şəhidlər xiyabanında dəfn edilir.
Lənkəran Şəhər Xalq Deputatlar Soveti 22 oktyabr 1992- ci il tarixli 17 saylı iclasın qərarı ilə şəhid Fəxrəddin Həbibovun adı əbədiləşir, vaxtilə oxuduğu Lənkəran İnternat orta məktəbinə onun adı verilir. 1993 -1994- cü tədris ilində heç bir səbəb olmadan şəhid Fəxrəddin Həbibovun əbədiləşdirilmiş şəhid adı oxuduğu Lənkəran İnternat məktəbindən götürülür.
Oğlunun ruhuna qarşı edilən ədalətsizliklə barışa bilməyən şəhidin anası, 1940- ci il təvəllüdlü. Lənkəran şəhəri, Nizami küçəsi 82, ev 5- də yaşayan Baxşıyeva Əcəbnisə İbi qızı aidiyyəti qurumlara müraciət edib kömək istəyib.
Lənkəran ŞİH –i ananın yazdığı ərizə və müraciətlərə məhəl qoymayıb, AR Nazirlər Kabnetinin 139 saylı qərarını əsas göstərib.
Halbuki, həmin qərarın bu məsələyə heç bir aidiyyəti yoxdur. Çünki ananın məqsədi şəhid adının əbədiləşdirilməsi deyil, əbədiləşdirmiş şəhid adının oxuduğu təhsil ocağından götürülməsinin səbəbini bilməkdir. Lənkəran ŞİH isə heç bir obyektiv araşdırma aparmadan aidiyyəti quurmların diqqətini yayındırmaq məqsədilə bildirib ki, Lənkəran Xalq Deputatlar Sovetinin 22 oktyabr 1992- ci il tarixli iclasın qərarı ilə Lənkəran şəhər İnternar məktəbi şəhid Həbibov Fəxrəddinin adını daşımışdır. Lakin 1993-1994- cü tədris ilində məktəb ləğv edilmiş və onun bazasında xarici dillər təmaüllü gimnaziya təşkil olunmuşdur. Yeni təşkil olunmuş məktəbə isə şəhid adının əbədiləşdirilməsi və Şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994- cü il 15 yanvar tarixli 10 nömrəli qərarına dəyişikliklər edilməsi barədə Azəerbaycan Respublikasının Nazirlər Kabinetinin 25.08. 1999- cu il tarixli 139 nömrəli qərarının 3.1. 2 - ci bəndinə əsasən, şəhid adını əbədiləşdirmək məqsədi ilə yerli rayon (şəhər) icra hakimiyyəti orqanları Azərbaycan Respublikasının Milli Qəhrəmanı olan, habelə, vətən uğrunda döyüşlərə görə azı iki ordenlə təltif olunan şəhidlərin adlarını küçələrə və meydanlara birbaşa verilir, təşkilatlara, müəsissələrə və mülki gəmilərə adların verilməsi üçün qarşısında vəsatət qaldırırlar. Qarabağ uğrunda döyüşlərdə qəhrəmancasına həlak olmuş Həbibov Fəxrəddin Rza oğlu Azərbaycan Respublikası Milli Qəhrəmanı adı almadığı və vətən uğrunda döyüşlərdə ən azı iki ordenlə təltif olunmadığı üçün onun adının əbədiləşdirilməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Nazirlər Kabineti qarşısında vəsadət qaldırılması mümkün deyil.
Görəsən, Lənkəran Şəhər İcra Hakimiyyətində anaya cavab məktubu yazanlar Nazirlər Kabnetinin Şəhid adının əbədiləşdirilməsi barədə qərarlarından xəbərləri olubmu və ya anaya əsl həqiqəti bildirmək üçün niyə çəkiniblər.
Xatırladaq ki, 15 yanavar 1994- cü ildə qəbul edilən Nazirlər Kabinetinin 10 saylı qərarına qədər şəhid adları birbaşa rayon (şəhər) İcra Hakimiyyəti tərəfindən əbədiləşdirələrdi. Həmin qərardan sonra şəhid adlarının əbədiləşdirilməsi barədə Nazirlər Kabneti qarşısında vəsadət qaldırılardı.
Lakin həmin vaxtlarda Lənkəran ŞİH şəhid Fəxrəddin Həbibovun əbədiləşdirilmiş şəhid adının oxuduğu məktəbdən götürülməsinin səbəbini araşdırmaq, onun şəhid adını əbədiləşdirmək və ya Nazirlər Kabineti qarşısında vəsatət qaldırmaq barədə heç bir tədbir görməmişdir.
Lənkəran ŞİH həmin dövr üçün mövcud olmayan, 5 il sonra imzalanmış Nazirlər Kabnetinin 25.08.1999- ci il tarixli 139 saylı qərarının 3.1.2 bəndinə istinad etməsinin heç bir hüquqi əsası yoxdur. Çünki ananın məqsədi oğlunun əbədiləşdirilmiş şəhid adının oxuduğu təhsil ocağından götürülməsinin səbəbini bilməkdir. Əgər oğlunun şəhid adını əbədiləşdirmək üçün müraciət etsəydi onda Lənkəran ŞİH - dən ünvanlanan cavab məktubları mövcüd qanunvericiliyə əsasən həqiqətə uyğun sayılardı.
Lənkəran ŞİH bilməli idi ki, verdiyi cavab məktubları ananın və onun şəhid oğlunun ruhuna qarşı edilən ədalətsizlik və hörmətsizlikdir.
Əcəbnisə ana yazdığı məktubda bildirib ki, 32 il Lənkəran ŞİH - də işləyib. Onun sözlərinə görə, işlədiyi müddətdə vəzifəsindən aslı olmayaraq hamı bu anaya hörmət və ehtiram göstərib.
Şəhid anası deyir ki, oğlumun komandiri olduğu Briqada da vuruşub şəhid olan əsgərlərin adları əbədiləşdirilmiş və hal- hazırda oxuduğu məktəblər həmin şəhidlərin adlarını daşıdığı halda, oğlunun şəhid ruhuna qarşı olan ögey münasibət başadüşülən deyil. Axı, oğlu Vətən uğrunda vuruşub və şəhid olmuşdur.
Vətənin istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda şəhid olan hər bir kəs bizim şanlı tariximizdir. Hər bir şəhidimizin keçdiyi şərəfli yol, bu günki gənc nəsil üçün örnək olmalıdır. Yaddan çıxarmamalıyıq ki, şəhidlərimizin müqəddəs qanları tökülən torpaqlarımız düşmən tapdağı altındadır. Həmin torpaqları azad etmək üçün hər an hamı bir nəfər kimi hazır olmalıdır. İndiki gəncləri vətənpərvərlik ruhunda yetişdirmək və düşmənə qarşı amansız olmaq üçün şəhidlik tariximizi vərəqləmək, şəhidlərimizi sevmək və sevdirmək hər bir ölkə vətəndaşının vicdan borcudur.
Sonda Əcəbnisə anaya bunu deyirik ki, səbirli və təmkinli ol. Bir gün qəlbləri buz bağlamışlar insafa gəlib əsil həqiqəti dərk edərlər. Oğlunuzun şəhidlik tarixçəsi yenidən vərəqlənər. Həqiqət öz yerini tapar. Atalar yaxşı deyib ki, haqq nazilər, amma üzülməz.
Araşdırdı: Zahid Səmədov