Azərbaycan müstəqilliyini elan etdiyi vaxtdan torpaqlarının təxminən 20 faizi Ermənistan tərəfindən işğal edilmişdir - problemi həll etmək üçün ATƏT-in Minsk qrupu fəaliyyət göstərsə də, həmsədr dövlətlərin vasitəçilik missiyası hələ də ciddi nəticə verməmişdir-həmsədr dövlətlərin beynəlxalq hüququn norma və prinsiplərini diqqətə almaması bu uğursuzluğun səbəblərindən biridir. BMT-nin Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ problemi ilə bağlı qəbul etdiyi dörd qətnamə hələ də kağız üzərində qalmaqda idi. Tarixi torpaqlarımızı 30 ildir işğal altında saxlayan Ermənistanın hərbi təxribatları müntəzəm xarakter alanda Azərbaycan cavab vermək məcburiyyətində qaldı. Şanlı aprel döyüşlərindən sonra dərs almayan Ermənistan bu ilin iyul və avqust aylarında yenidən hərbi təxribatlara əl atdı, sentyabrın 27-də baş verənlər isə səbr kasasını daşıran son damla oldu. Vətən müharibəsi başlamışdı və bütün Azərbaycan bir neçə dəqiqənin içində cəbhəyə kökləndi. Hamının qəlbi Vətən naminə döyündü 30 ilin nisgilinə 44 gündə son qoyuldu. Dövlətimizin qətiyyəti, xalqımızın iradəsi, ordumuzun gücü, birliyimiz, həmrəyliyimiz sayəsində əldə olunan bu tarixi qələbənin sevinci fonunda 30 ildə Azərbaycanın hansı mərhələlərdən keçdiyinə nəzər salaq. Bu gün böyük fəxrlə qeyd edə bilərik ki, Azərbaycan həm döyüş meydanının, həm də diplomatik müstəvidə aparılan mübarizənin qalibi kimi dünyanın diqqətindədir. Bu uğurlara geniş imkanlar açan dövlətimizin müstəqil siyasəti, hər addımda dövlətin, xalqın maraqlarının öndə saxlanılması, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dəyişməz mövqeyin ən yüksək tribunalardan bəyan edilməsi, heç kimin bizimlə diktə dili ilə danışmağa haqqı olmadığını bəyan edərək dünyanın ikili standartlarının beynəlxalq münasibətlərdə hüquq probleminin yaşanmasına yol açdığının əsaslı şəkildə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasının, ən əsası işğalçı Ermənistana sərsəm bəyanatlarına, təxribatlarına son qoymaq çağırışlarının sonda bu qələbə ilə nəticələnəcəyinə heç kimdə şübhə yox idi. Ən önəmli məqam isə ondan ibarətdir ki, dünya bu müharibənin gedişində Azərbaycanı yenidən kəşf etdi, ölkəmiz haqqında, onun malik olduğu güc barədə beynəlxalq birlikdə dəqiq təsəvvür formalaşdı. Onlar gördülər ki, müstəqillik tarixi dövründə inanılmaz dərəcədə güclənən Azərbaycanla heç bir halda təhdid dilində danışmaq olmaz. Çünki onun xalqın maraqlarını bütün dəyərlərdən üstün tutan, ölkənin bütün potensialını Vətən naminə səfərbər edən Lideri var və Xalq-Lider vəhdəti Azərbaycanın xoşbəxt gələcəyinin qarantıdır.
Qoşqar Əliyev
Masallı rayonu Təzə Alvadı kənd sakini: